Təbrizdə Azərbaycan Milli Hökuməti və ya 21 Azər hərəkatının yaranmasından 80 il ötdü. 1945-ci il dekabrın 12-də Təbriz şəhərində elan olunmuş və 20 dekabrda rəsmən fəaliyyətə başlayan Seyid Cəfər Pişəvərinin rəhbəri olduğu Azərbaycan Milli Hökuməti Cənubi Azərbaycanda son 100 ildə baş vermiş ən mühüm siyasi hadisələrdən biri hesab olunur.
Azərbaycan Milli Hökuməti bir illik fəaliyyəti dövründə Azərbaycan dilində təhsil, savadsızlıqla mübarizə, Təbriz Universitetinin yaranması, torpaq islahatları, fəhlələrin hüquqlarının qorunması və qadınların kişilərlə eyni haqların verilməsi kimi mühüm işlər görülüb.
Azərbaycan Milli Hökuməti və ya 21 Azər hərəkatı -1945-ci il dekabrın 12-dən 1946-cı ilin dekabrınadək İran Azərbaycanında fəaliyyət göstərən muxtar sosialist hökumət olub. Paytaxtı Təbriz şəhəri olan hökumətə Seyid Cəfər Pişəvəri rəhbərlik edib.

XX əsrdə Təbriz şəhəri İranda bir neçə inqilabın mərkəzi olub. Məşrutə hərəkatından sonra 1918-ci ildə Seyid Məhəmməd Xiyabaninin rəhbərlik etdiyi inqilabdan sonra Təbrizdə ən böyük siyasi hərəkat 21 Azər hərəkatı olub. Bu hərəkat İkinci Dünya müharibəsinin gedişində İran uğrunda dünya güclərinin apardığı mübarizənin fonunda azərbaycanlıların müstəqillik arayışının növbəti səhifəsi olub.
Tarixdən bəlli olduğu kimi, 1941-ci ildə SSRİ şimaldan, Böyük Britaniya isə cənubdan hücum edərək İranı işğal etdi. Bu işğalın bir səbəbi İran şahı Rzanın Almaniya ilə isti münasibətləri idisə, digər səbəbi ABŞ-ın SSRİ-yə hərbi yardımlarının ötürülməsi üçün təhlükəsiz dəhlizinin yaradılması idi. Beləliklə, zəif İran ordusu cənubdan ingilislərin, şimaldan isə sovetlərin qarşısında tab gətirə bilmədi və tezliklə ölkənin böyük hissəsi işğal olundu, Rza şah taxtan salınaraq Cənubi Afrikaya sürgün edildi.
Ancaq işğal eyni zamanda İranda milli hərəkatların alovlanmasına, siyasi canlanmaya səbəb oldu. Ən böyük siyasi hərəkatlardan biri də qaynar siyasi proseslərin baş verdiyi Təbrizdə oldu. Sovet qoşunlarının Təbrizdə olması, üstəlik, SSRİ rəhbərliyinin dəstək verməsi Təbrizdə siyasi hərəkatın tezliklə böyüməsinə öz təsirini göstərdi. Bir sıra təşkilatların birləşməsindən yaranan Azərbaycan Demokrat Firqəsinə (Partiyası) Təbrizdən olan qəzet redaktoru Seyid Cəfər Pişəvəri rəhbərlik etməyə başladı.
1945-ci il oktyabrın 2-də ADP-nin Təbrizdə ilk qurultayı keçirildi. İki ay sonra, dekabrın 12-də isə Təbrizdə Azərbaycan Milli Hökuməti quruldu. Hökumətin başçısı, baş nazir Seyid Cəfər Pişəvəri oldu.
21 Azər hərəkatı Azərbaycan xalqının milli mübarizə tarixində ən şanlı və fəxrlə yad ediləcək səhifələrdən birini təşkil edir. Bu hərəkat əslində Məşrutə inqilabının və Şeyx Məhəmməd Xiyabaninin milli hökumətinin davamı idi. Təəssüf ki, 21 Azər hərəkatının qurduğu Azərbaycan Milli Hökuməti cəmi 1 il mövcudluğunu qoruya bildi.
Üzərindən 80 il keçdikdən sonra yenə də İrana qarşı böyük güclərin planlarının olduğu və hətta İran dövlətinin parçalanmasına qədər planlar qurulduğu barədə informasiyalar yayılır. İrana qarşı proseslər bu şəkildə getsə, tarix təkrarlana - Güney Azərbaycanda yeni bir hərəkat meydana gələ bilərmi?

Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, tarixi hadisələr bu və ya digər formada təkrarlana bilir:
“Hazırda dünyada mürəkkəb proseslər gedir və İran yenə də beynəlxalq güclərin hədəfindədir. Amma bu dəfə situasiya İkinci Dünya müharibəsi dövründən fərqlidir. Güney Azərbaycan Milli Hərəkatı əslində İranda davam edir. Bu hərəkat hazırda hansısa böyük gücün nəzarətində deyil.
Gələcəkdə İranla bağlı ciddi beynəlxalq proseslər gedəcəksə, o zaman Azərbaycan Milli Hərəkatı yenidən önə çıxacaq və öz haqlarını almaq istiqamətində kifayət qədər effektiv addımları ata biləcək. Buna imkanlar da var. Uyğun bir məqam yetişəndə Milli Hərəkat güclənəcək və uğurla nəticələnəcək”.
Etibar SEYİDAĞA,
Musavat.com






