İnsanlara hürriyət, millətlərə istiqlal!

Güney Azərbaycanın tanınmış milli fəalları: "Rza Pəhləvi montajla etirazları öz xeyrinə yönləndirməyə çalışır"

575 08.01.2026 14:05 Siyasət A A

"Rza Pəhləvinin ayın 8-i və 9-u üçün etdiyi çağırış tamamilə yersizdir. Hamı görəcək ki, minlərlə, on minlərlə insan onun çağırışına cavab verərək şəkillərini götürüb küçələrə çıxmayacaq. Bu, baş verməyəcək".

Bu sözləri İsveçdə mühacir həyatı yaşayan, Güney Azərbaycan Demokratik Partiyasının sözçüsü Mahmud Bilgin Musavat.com-a açıqlamasında deyib.

Mahmud Bilginin fikrincə, İran rejimi də buna imkan verməyəcək:

2ccb9e57c8933f8a00f0ce842c18d7c5.jpg (68 KB)

"Rejim bu situasiyadan müəyyən qədər öz xeyrinə istifadə edir, lakin prosesin nəzarətdən çıxmasını və böyüməsini də istəmir. Bildiyiniz kimi, İranda fars-şovinist rejimin “İslam Cümhuriyyəti” adı altında hakimiyyətə gəlməsinin əsas səbəbi Xomeyninin 1979-cu ildə baş vermiş inqilabi hərəkatı mənimsəməsi, yəni faktiki olaraq müsadirə etməsi olmuşdu. Milyonlarla insan şah diktaturasına qarşı ayağa qalxmışdı. Şah rejiminin uzun illər ərzində törətdiyi zülm, ədalətsizlik və ayrı-seçkilik müxtəlif millətləri və sosial təbəqələri dözülməz həddə çatdırmışdı. Xalq “ölüm olsun şaha” şüarları ilə küçələrə çıxmış, dəyişiklik tələb etmişdi.

Lakin təəssüf ki, həmin dövrdə alternativ, demokratik və təşkilatlanmış siyasi qurumların olmaması Xomeyniyə geniş imkan yaratdı. O, məscidlər və dini şəbəkələr vasitəsilə xalq hərəkatını öz nəzarəti altına aldı və nəticədə bir diktatura devrildi, amma onun yerində başqa, mahiyyət etibarilə eyni olan, sadəcə fərqli ideoloji görüntüyə malik yeni bir diktatura – teokratik və şovinist “İslam Cümhuriyyəti” quruldu. Artıq 47 ildir ki, bu sistem Pəhləvi rejiminin başqa formada davamı kimi millətlərə qan qusdurur, azadlıqları boğur və ölkəni dərin böhranlara sürükləyir.

Bu gün İran rejimi çox yaxşı anlayır ki, bu prosesin qarşısını almağın əsas yollarından biri cəmiyyətdə qorxu yaratmaq və keçmiş Pəhləvi rejimini daim xatırlatmaqdır. Rejim çalışır ki, Pəhləvi dövründə törədilmiş vəhşiliklər, haqsızlıqlar və repressiyalar qabardılsın, insanlar indiki vəziyyəti “daha az pis” kimi qəbul etsin və heç bir etiraza qoşulmasınlar. Halbuki, İranda son dövrlərdə baş verən etirazların əsas səbəbləri aclıq, işsizlik, bahalıq, sosial ədalətsizlik və ümidsizlikdir. Onlarla şəhərdə minlərlə insan məhz bu səbəblərdən ayağa qalxıb. Bu etiraz dalğası tədricən Güney Azərbaycana da sıçrayıb. İnsanlar açıq şəkildə bu rejimin getməsini istəyirlər. Ancaq rejim burada ikibaşlı oyun oynayır: bir tərəfdən azərbaycanlılara xatırladır ki, guya Pəhləvi dövründə qətliamlar olub və siz bunu unutmayın; digər tərəfdən isə Tehran və başqa bölgələrdə baş verən etirazları “şahlıq hərəkatı” kimi təqdim etməyə çalışır.

Beləliklə, rejim məqsədli şəkildə cəmiyyətdə çaşqınlıq yaratmaq istəyir, guya etirazlarda şah tərəfdarı şüarlar səsləndirilir və bununla da xalq hərəkatını gözdən salmağa, onu yatırtmağa çalışır. Rza Pəhləvi isə görür ki, ölkədə real bir xalq hərəkatı başlayıb və atasının oğurladığı milyardlarla dollar hesabına yaratdığı geniş təbliğat şəbəkəsi vasitəsilə özünü bu prosesin lideri kimi təqdim etməyə çalışır. O, yüksək səslə məqsəd və istəklərini yayır, hadisələri manipulyasiya edir. Bəzi yerlərdə etirazlarda şahla bağlı heç bir şüar səsləndirilmədiyi halda, təbliğatçılar videoların üzərinə montaj yolu ilə şahlıq şüarları əlavə edib yayırlar. Hətta Türkiyədə baş verən hadisələrdən görüntülər götürülür, montaj edilir və İran etirazları kimi təqdim olunur. Bütün bunlar xalq hərəkatını yönləndirmək və nəzarət altına almaq cəhdləridir".

Mahmud Bilgin vurğulayıb ki, Pəhləvinin cəmiyyət daxilində real nüfuzu yoxdur:

"Aparılan araşdırmalara görə, farslar arasında belə onun nüfuzu cəmi 10–15 faiz civarındadır. Kürdlər, azərbaycanlılar, ərəblər və digər millətlər Pəhləvini qətiyyən sevmirlər. İnsanları küçələrə çıxaran səbəb Pəhləvi sevgisi deyil, ağır iqtisadi vəziyyət, aclıq və sosial ədalətsizlikdir. Burada şahlıq ideyasından söhbət gedə bilməz.

Rza Pəhləvi bildirib ki, əgər ayın 8-i və 9-da ciddi bir hərəkat baş verməsə, o zaman geri çəkiləcək və prosesə qarışmayacaq. İndi əsas sual budur: görək, o, bu sözündə duracaqmı? Axı o da atasının oğludur. Yenə də fars mərkəzli sistemi bərpa etmək, özünü “demokrat” kimi göstərmək istəyir. Amma reallıq ondan ibarətdir ki, İran xalqları artıq yeni bir diktaturanı yox, həqiqi azadlıq və ədalət istəyir".

Güney azərbaycanın tanınmış dilçi alimi, “Varlıq” jurnalının naşiri, mərhum cərrah və türkoloq Cavad Heyətin oğlu Rza Heyət isə qeyd edib ki, İranda rejim dəyişikliyi qaçılmazdır:

84fe0d8c-b579-4801-96c7-d3aca374.jpg (130 KB)

"Ancaq buradakı ən önəmli məsələ onun yerinə qurulacaq sistem və bu sistemə rəhbərlik edəcək şəxsdir. Xüsusilə Güney Azərbaycan türkləri üçün bunun həyati əhəmiyyəti var. Çünki son yüz ildə İranda baş verən rejim dəyişikliklərinin ən böyük qurbanı məhz türklər olub. Bu, danılmaz bir həqiqətdir.

Reallıq bundan ibarətdir ki, Rza Pəhləvinin xalq arasında ciddi və geniş bir sosial dayağı yoxdur. Bunun da iki əsas səbəbi mövcuddur. Birincisi, xalqın böyük əksəriyyəti yenidən bir diktator idarəçiliyini qəbul etmək istəmir. İkincisi isə ondan ibarətdir ki, Rza Pəhləvi liderlik iddialarına baxmayaraq, cəmiyyətin bütün təbəqələrini qucaqlayan, gələcəyə inam və təminat verən aydın və inandırıcı bir siyasi xətt ortaya qoya bilməyib. Əksinə, onun mövqeyi birləşdirici olmaqdan daha çox ayrışdırıcı və parçalayıcı xarakter daşıyır.

Güney Azərbaycan türklərinin Rza Pəhləviyə qarşı tutumu isə sadəcə siyasi müxalifət deyil, tarixi yaddaşdan qaynaqlanan dərin bir nifrətdir. Farslar arasında az sayda Pəhləvi tərəfdarının mövcudluğu ilə yanaşı, çarəsizlikdən onu qəbul edən, ən azından mövcud rejimin devrilməsi mərhələsində onu bir vasitə kimi görən insanlar da var. Lakin Güney Azərbaycan türkləri üçün təkcə mövcud rejimin yıxılması deyil, ondan sonra qurulacaq sistemin mahiyyəti də eyni dərəcədə önəmlidir. Məhz bu səbəbdən baş verən hadisələrdə son dərəcə ehtiyatlı davranır, prosesləri diqqətlə izləyir və gedişatı dərindən təhlil edirlər.

Biz nə Pəhləvi rejiminin törətdiyi cinayətləri, nə də İslam Respublikasının həyata keçirdiyi xəyanətləri unutmalı deyilik. Bu tarixi fürsət Güney Azərbaycan türklərinin gələcəyini real şəkildə təmin edəcək formada dəyərləndirilməzsə, bir daha belə bir imkanın və fürsətin ələ keçməsi son dərəcə çətin olacaq".

Güney Azərbaycanın tanınmış milli fəalı Mahmud Fəzli bildirib:

WhatsApp Image 2026-01-08 at 14.12.48 (2).jpeg (21 KB)

"Rza Pəhləvinin İranda camaat arasında heç bir real nüfuzu yoxdur. Çünki nə azərbaycanlılar, nə ərəblər, nə də kürdlər onun ata və babasının illər ərzində törətdiyi vəhşilikləri, qətlləri, zülmləri və repressiyaları unutmayıblar. Bu tarix boyu yaşanan qanlı hadisələr və davam edən ədalətsizliklər onun legitimliyini və nüfuzunu tamamilə məhv edib. Yalnız farslar arasında onunla bağlı müəyyən qədər dəstək və simpatik baxışlar mövcud ola bilər, amma bu dəstək çox məhduddur və geniş əhali kütləsi tərəfindən dəstəklənmir.

Bu baxımdan, Rza Pəhləvinin çağırışları yalnız çox az sayda insan tərəfindən nəzərə alınacaq və onun mesajlarının geniş cəmiyyət tərəfindən qəbul olunması mümkün görünmür. Onun hər hansı hərəkətləri və təşəbbüsləri yalnız fars milli təbəqəsində rezonans doğura bilər, lakin Güney Azərbaycan türkləri, kürdlər, ərəblər və digər etnik qruplar onun çağırışlarına soyuq münasibət göstərir".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR