Gürcüstanın hüquq-mühafizə orqanları paytaxt Tiflisdə tanınmış müxalifətçi Aлеко (Aleksandr) Elisasvilini saxlayıb.
Musavat.com xəbər verir ki, o, bu gün səhər saatlarında Tiflis Şəhər Məhkəməsinin kargüzarlıq şöbəsini yandırmağa cəhd edib. Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.
Rəsmi açıqlamaya görə, “Güclü Gürcüstan – Lelo” koalisiyasının liderlərindən biri olan Elisasvili üzünü maska ilə örtərək binanın fasadındakı şüşəni çəkiclə qırıb və içəri daxil olub. O, ərazinin müxtəlif hissələrinə benzini səpib, eləcə də kargüzarlıqda olan texnika və sənədləri yanacağa qərq edərək yanğın törətməyə çalışıb.
Hadisə yerində olan məhkəmə mühafizəçiləri onun qarşısını vaxtında alıblar. Bildirilir ki, Elisasvili silahla müqavimət göstərib və mühafizəçilərdən bir neçəsinə xəsarət yetirib. Buna baxmayaraq, mühafizəçilər onu zərərsizləşdirərək polisə təhvil verə biliblər.
Məlumata görə, xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib. Elisasvilinin özü də yaralanıb. Hadisə yerindən cinayətdə istifadə olunan alət götürülüb, faktla bağlı cinayət işi açılıb.
Gürcüstanda rezonansa səbəb olan insidentlə bağlı istintaq davam edir.
Şahanə Rəhimli
Musavat.com






