Gürcüstan parlamentinin spikeri Şalva Papuashvili bildirib ki, bəzi Avropa siyasətçiləri “demokratiyanın bərpası” adı altında Gürcüstana tank yeritmək ideyasına qədər gedə bilərlər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb.
Papuashvilinin sözlərinə görə, Brüsseldə və bir sıra Avropa paytaxtlarında bəzi siyasətçilər Tbilisiyə qarşı yalnız sanksiyalarla kifayətlənmək niyyətində deyillər və “demokratiya qurmaq” bəhanəsi ilə daha sərt addımlar barədə düşünürlər. Lakin o vurğulayıb ki, onların belə imkanları yoxdur.
Fevralın 11-də hakim “Gürcü arzusu” partiyasından parlamentin vitse-spikeri Nino Tsilosani də Avropa İttifaqının Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimi dayandırmaq qərarını “nəticəsiz şantaj” adlandırıb. Onun sözlərinə görə, Brüssel bu addımı guya ölkənin “demokratiyadan geri çəkilməsi” ilə əsaslandırır.
Xatırladaq ki, ötən ilin dekabrında Avropa Komissiyası Gürcüstanın Avropa İttifaqının tövsiyələrini nəzərə almaması halında vizasız rejimin tam şəkildə ləğvini nəzərdən keçirə biləcəyini bildirmişdi.
Avropa Komissiyası bu mövqeyini Gürcüstanda qəbul edilən bir sıra qanunlarla əsaslandırıb. Bunlara “Xarici təsirin şəffaflığı haqqında”, “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında”, eləcə də “Xarici agentlərin qeydiyyatı haqqında” qanunlar daxildir. Avropa rəsmilərinin fikrincə, bu sənədlər Tbilisinin Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir.
Musavat.com






