Haaqdakı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Ukraynanın müraciəti əsasında baxılan, Donetsk və Luqansk vilayətlərinin əhalisinə qarşı soyqırımı iddialarına dair iş çərçivəsində Rusiyanın Ukraynaya qarşı qarşılıqlı iddiasını qəbul edib.
Musavat.com xəbər verir ki, müvafiq qərar arbitrlərin çoxluğu - 11 səsə qarşı 4 səs - ilə qəbul olunub.
Məhkəmə hesab edib ki, Rusiyanın 1948-ci il Soyqırım Konvensiyasının IX maddəsinə əsaslanan tələbləri Ukraynanın ilkin müraciətinin predmeti ilə bağlıdır, məhkəmənin yurisdiksiyasına düşür və “bu formada qəbul edilə bilər”.
Məhkəmə qərarı ilə iş üzrə prosessual müddətlər müəyyən edilib. Ukrayna Rusiyanın tələblərinə cavabı 7 dekabr 2026-cı ilədək təqdim etməlidir. Rusiya isə öz etirazlarını 7 dekabr 2027-ci ilədək göndərməlidir.
Moskva Kiyevi Donetsk və Luqansk vilayətlərinin əhalisinə qarşı soyqırımı törətməkdə ittiham edir və 2022-ci ilin fevralında başlayan genişmiqyaslı müharibəni bu arqumentlə əsaslandırır. Rusiyanın genişmiqyaslı işğalından qısa müddət sonra Ukrayna BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib və Rusiyanı “soyqırımı” anlayışını təhrif edərək hücumu əsaslandırmağa çalışmaqda suçlayıb. Bundan əlavə, Kiyev “dxr” və “lxr” ərazilərində keçirilmiş “müstəqillik referendumu”nun qanunsuzluğunun tanınmasını, Moskvadan gələcəkdə soyqırımı ittihamlarına əsaslanan hər hansı tədbirlərdən çəkinməyi tələb etməyi və Ukraynaya dəymiş ziyanın ödənilməsini istəmişdi. Kiyevin iddiasına 32 ölkə qoşulub.
Musavat.com






