İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakim gənclərə "tarakan" dedi, 78 saat sonra 3 milyonluq "Tarakanlar partiyası" yarandı

1419 20.07.2026 08:57 Dünya A A

Hindistanda əvvəlcə sosial şəbəkə zarafatı kimi yaranan “Tarakanlar Xalq Partiyası” (Cockroach Janta Party – CJP) qısa müddətdə ölkənin ən səs-küylü etiraz hərəkatlarından birinə çevrilib. Milyonlarla gəncin dəstək verdiyi bu hərəkat artıq təkcə Hindistanın deyil, BBC, Reuters, AP, Al Jazeera, The Guardian və CNN kimi aparıcı dünya KİV-lərinin də əsas mövzularından biridir.

Musavat.com bildirir ki, hadisələrin başlanğıcı Hindistan Ali Məhkəməsində səslənən qalmaqallı ifadə olub. Ali Məhkəmənin baş hakimi Surya Kant iş tapa bilməyən və hökuməti tənqid edən gəncləri “parazitlər” və “tarakanlar” adlandırıb. Bu sözlər ölkədə böyük narazılıq doğurub.

Cəmi bir neçə saat sonra ABŞ-ın Boston Universitetinin məzunu Abhijit Dipke sosial şəbəkədə “Bəs bütün tarakanlar birləşsə necə olar?” sualını paylaşaraq satirik “Tarakanlar Xalq Partiyası”nı yaradıb. Zarafat kimi başlayan təşəbbüs gözlənilmədən partlayış effekti verib. Cəmi 78 saat ərzində səhifəyə 3 milyondan çox insan qoşulub, sonradan izləyicilərin sayı 20 milyonu ötüb.

Partiyanın şüarı da diqqət çəkir: “Sistemin saymağa belə ehtiyac duymadığı insanlar üçün siyasi hərəkat.” Üzvlük şərtləri isə satirik formada təqdim olunub: işsiz olmaq, internetdə çox vaxt keçirmək, peşəkar şəkildə narazılıq etmək və “tənbəl tarakan” olmaq.

Lakin internet zarafatı tezliklə real küçə etirazlarına çevrilib. Minlərlə tələbə və gənc Dehlidə parlamentə yürüş etmək istəyib. Etirazların əsas tələbləri təhsil sistemindəki korrupsiya, qəbul imtahanlarında sualların sızdırılması, gənclər arasında yüksək işsizlik və təhsil nazirinin istefasıdır. Hindistan polisi yürüşə icazə verməyib və paytaxtın mərkəzində təhlükəsizlik tədbirlərini gücləndirib.

Hərəkata məşhur ekoloq və ictimai fəal Sonam Vanqçuk da qoşulub. O, uzunmüddətli aclıq aksiyasına başlayıb. Polis onun səhhətini əsas gətirərək xəstəxanaya yerləşdirib. Bu addım etirazları daha da genişləndirib və hərəkat rəhbərliyi bunu hökumətin təzyiqi kimi qiymətləndirib.

Beynəlxalq media artıq bu hərəkatı Hindistanda son illərin ən qeyri-adi siyasi hadisələrindən biri kimi qiymətləndirir. Analitiklərin fikrincə, “Tarakanlar Partiyası” əslində siyasi partiya deyil, lakin ölkədə milyonlarla gəncin narazılığını ifadə edən güclü simvola çevrilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR