2023-cü ilin bu günü bütün Türk dünyası yasa qərq oldu. Səhər açılanda hər kəs qardaş Türkiyədə on minlərlə insanın dəhşətli zəlzələnin qurbanı olduğunu gördü. On minlərlə insanın həyatına son qoyan, yüz minlərlə ailəni evsiz qoyan dəhşətli zəlzələ təkcə bir ölkənin deyil, bütün Türk dünyasının yaddaşına ağır bir faciə kimi həkk olundu.
Bu sarsıdıcı hadisə qardaş Türkiyənin yaşadığı ən böyük humanitar fəlakətlərdən biri olmaqla yanaşı, xalqlar arasında həmrəyliyin, insanlıq və qardaşlıq duyğularının nə qədər güclü olduğunu da bir daha nümayiş etdirdi.
Hər il bu tarixdə zəlzələ qurbanlarının xatirəsi ehtiramla anılır, yaşanan ağrı və itkilər unudulmur, eyni zamanda birlik və dəstəyin önəmi bir daha xatırlanır.

Hadisə baş verən ilk andan Azərbaycan bu faciəni özünün ən böyük faciələrindən biri kimi qəbul etdi. Qardaş ölkəyə ilk yardım əlinin uzadılması, dağılmış yerlərin bərpasında birbaşa iştirak dediklərimizi əyani sübut edir.
Prezident İlham Əliyevin hadisənin 3 illiyi ilə əlaqədar türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda yer alan cümlələr də bu üzüntünü ölkə başçısı səviyyəsində xalqımızın necə çəkdiyini göstərir.

Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Qardaş Türkiyə Respublikasını dərindən sarsıdan zəlzələdən üç il ötür. Dəhşətli faciə nəticəsində həlak olmuş insanların əziz xatirəsini böyük ehtiram və hörmətlə yad edirəm.
Bu fəlakət Türkiyə üçün ciddi humanitar sınaq oldu. Bir gecədə minlərlə insan həyatını itirdi, bir çox şəhər və yaşayış məntəqələri dağıntıya məruz qaldı. Həmin günlərdə Azərbaycan xalqı baş verənləri dərin ağrı hissi ilə izləyərək qardaş Türkiyənin kədərini öz kədəri kimi qəbul etdi, onun dərdinə şərik çıxdı.
Azərbaycan-Türkiyə münasibətlərinin əsasında duran sarsılmaz qardaşlıq məhz belə çətin məqamda öz real mahiyyətini nümayiş etdirdi. Faciənin ilk anlarından etibarən Azərbaycan dövləti və cəmiyyəti birlik və həmrəylik prinsiplərinə sadiq qalaraq Türkiyənin yanında oldu, dəstək və yardım əlini uzatdı.
Sizin müdrik rəhbərliyiniz altında aparılan güclü dövlət idarəçiliyi və xalqın birliyi sayəsində hazırda Türkiyə zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində mühüm nəticələr əldə etmişdir. Zərər çəkmiş bölgələrdə genişmiqyaslı yenidənqurma işlərinin aparılması, müasir yaşayış infrastrukturunun yaradılması və sosial rifahın bərpası Türkiyənin uzunmüddətli inkişaf strategiyasının bariz göstəricisidir.
Qardaşlıq borcumuzun təzahürü olaraq Azərbaycan Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə vermiş, burada "Azərbaycan" məhəlləsinin salınmasında yaxından iştirak etmişdir. Qardaş ölkənin bərpa və quruculuq səylərinə Azərbaycanın dəstəyi dostluq və müttəfiqlik münasibətlərimizin əyani ifadəsidir.
Əminəm ki, "Bir millət iki dövlət" fəlsəfəsinə əsaslanan Azərbaycan-Türkiyə güclü birliyi və strateji müttəfiqliyi bundan sonra da xalqlarımızın firavanlığına töhfə verməklə yanaşı regional sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına xidmət edəcəkdir.
Bu anım günündə Sizə, həlak olanların ailələrinə və bütün qardaş Türkiyə xalqına bir daha dərin hüznlə başsağlığı verir, həyatlarını itirmiş bacı-qardaşlarımıza uca Allahdan rəhmət diləyirəm".

Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a bildirib ki, Türkiyədə 50 minə yaxın insanın həyatını itirməsi və yüz minlərlə insanın evsiz qalması ilə nəticələnən fəlakətli zəlzələnin baş verməsiylə əlaqədar hər ilin bu günü anılır, xatirə tədbirləri qeyd olunur:
"Zəlzələnin baş verdiyi günlərdə Azərbaycan xalqı baş verənləri dərin ağrı hissi ilə izləyərək qardaş Türkiyənin kədərini öz kədəri kimi qəbul etdi, onun dərdinə şərik çıxdı. Azərbaycan xalqı bu faciəni eşidən ilk gündən Türkiyənin yanında oldu. Belə ki, hər bir kəs özünün imkanı çərçivəsində Türkiyəyə yardım göndərmək üçün səfərbər oldu. Azərbaycan xilasediciləri "qardaş qardaşdan soruşmaz" deyərək dağıntılar altında qalmış insanları xilas etmək üçün ilk gedənlər oldu.
Xalqımız bu faciəni özünün faciəsi kimi qəbul etdi. Bəli, Azərbaycan dövləti və xalqı "Bir millət, iki dövlət" şüarı altında bir daha birləşdi. Həm də Azərbaycan Kahramanmaraşda 1000 evdən ibarət məhəlləni tikərək zəlzələdən əziyyət çəkmiş türk qardaşlarına hədiyyə etdi.

Türkiyə bu faciədən başını dik tutaraq çıxdı. Zəlzələnin baş verməsindən keçən 3 ildə Türkiyə demək olar ki, dağılmış bütün şəhərləri yenidən qurdu və insanları yenidən evlərdə yerləşdirdi. Bu həm də Türkiyə üçün bir sınaq idi və bu sınağın öhdəsindən Türkiyə qürurla gəldi.
Bu xatirə günündə biz qardaş Türkiyəyə bir daha başsağılığı verir, həlak olanlara Allahdan rəhmət, əziyyət çəkənlərə sağlıq və belə faciələrin bir daha təkrarlanmamasını diləyirik".
Cavanşir ABBASLI
Musavat.com






