İnsanlara hürriyət, millətlərə istiqlal!

Heraldikamızın düşməni

1666 03.12.2025 08:42 Yazarlar A A

“Uğurun sirri daha çox insanda nifrət oyatmaqdadır”

(Bernard Şou)

Fransa kralı 14-cü Lüdovikin guya haçansa “Dövlət - mənəm!” dediyi iddiası vardır. Ancaq mümkündür bu qanadlı fikrin müəllifi Ramiz müəllim olsun. Əlbəttə, söhbətin hansı Ramiz müəllimdən getdiyini dərhal anladınız. Ta Ramiz Rövşəndən bəhs edəsi deyilik ki? Bu başqa “poeziya” ustasıdır. Onun əsərlərində göyə daş atan oğlanlar qara paltarlı qadınları villasında saxlayır. 

Nəyə görə mən yuxarıdakı qənaətə gəldim? Birincisi, Lüdovikin Ramiz müəllim qədər elmi-bədii təfəkkürü olmamışdır. İkincisi, dövlətin az qala bütün strukturlarını ələ keçiribmiş. Bəlkə də rəhmətlik (ya da gorbagor - baxır sizi “Qarabulaq” istirahət mərkəzinə hansı sifətdə aparmışlar) “qara polkovnik” Hacı Məmmədovun məhkəməsində dediyi məşhur gizli sprut - səkkizayaq elə Ramiz müəllim imiş. Hacı müəllim elə bu cür demişdi: “Mən sprutun yalnız 1 qoluyam, qalanları hamısı azadlıqdadır”. 

Özünüz baxın, noyabrın son 3 günü ərzində əlaqədar orqanlar Ramiz müəllimi düz 3 vəzifədən çıxarmışlar. Günə biri düşür. Adamın nə qədər vəzifəsi olarmış? Çıxarırlar, qurtarmır. Hətta mən şübhələnirəm ki, Ramiz müəllim Biləcəri bələdiyyəsinin də üzvüdür. Bu şübhəmdə əsaslarım vardır - çoxdandır bələdiyyənin fəaliyyətinə rast gəlmirik. 

Həmin 3 vəzifənin spektral analizi də maraqlıdır. Ramiz müəllimi milli ensiklopediyamızın rəyasət heyəti üzvlüyündən, heraldika şurası sədrliyindən və dil komissiyası sədrinin müavinliyindən çıxarmışlar. Əhatə dairəsinin genişliyinə həsəd aparmaq olar. O cümlədən, vəzifələrin konkretliyi (üzv, sədr, sədr müavini) bunların heç də formal xarakter daşımadığını isbata yetirməkdədir. 

Ensiklopediya üzərində çox dayanmaq istəmirəm, onsuz bunun vaxtı keçmişdir, indi camaat internet və Vikipediya, süni intellekt-filan tipli qurğular vasitəsiylə biliklərə yiyələnir. (Bəlkə də Vikipediyanın Azərbaycan bölməsində məqalələri Ramiz müəllim yazır, ona görə bu sektor zibil günündədir). Dövlət Dil komissiyası da onun kimi, ölü doğulmuş qurumdur, Azərbaycan dilini bu saat ölkədə vecinə alan qalmamışdır. AYB sədri Anar müəllim bugünlərdə söylədi ki, Bakıda elə yerlər var, orada ana dilimizə, ümumiyyətlə, rast gəlinmir. Bəzən dilimizi qorumaq haqda konfrans keçirirlər, bunun xəbərini oxuyanda görürsən içində Azərbaycan dili yoxdur (bu mənim rəyimdir). Uzun sözün qısası, daha çox heraldika üzərində dayanmaq istəyirəm. Ramiz müəllimin dünənəcən Heraldika Şurası sədri olması həddindən artıq maraqlıdır. 

Sovet vaxtı marka toplamış uşaqlar dəqiq bilir, indikilər də öyrənsin: heraldika markalar, ordenlər, medallar, gerblər, nişanlar və sairə bu tipli şeylər haqqında elmi sahədir. Loru dildə yazsam, pulun üstündə hansı şəkil olmalıdır, “Baytarlıq idarəsinin yaranmasının 15 illiyinin 3-cü aylığı” döş nişanının təsviri, fövqəladə halların generallarında poqona neçə şabalıd qozası fiquru vurulmalıdır  və sairə bu kimi (hər anlamda) rəsmi işlərə heraldika şuraları baxır. Yaxşı yadıma düşdü, Ramiz müəllim villa dustağı elan ediləndə jurnalistlər onun darvazası üzərində daş oyma ornamentli “R.M.” hərfləri aşkar etmişdilər, bunun özü heraldika növüdür. Ancaq “C.M.” yazdırsa daha uyğun olarmış, yəni Cinayət Məcəlləsi. 

Bir neçə ay qabaq saxta orden-medal qayıranları kütləvi şəkildə tutmağa başladılar. Bu əməliyyatlar Ramiz müəllimin sahəyə təsirlərinin azalması ilə bağlı ola bilərmi? Qəsdən medal sahəsində dərəbəylik yaradırmış, ya da korrupsiya üsulu ilə bu hüquqları satırmış. 

Yaxud bugünlərdə dezinformasiya ortaya atıldı, guya bizdə 3 manatlıq əsginas buraxılacaq. Nə ehtiyac var? Biz heç 1 manatlıqlarımızı xərcləyib qurtara bilmirik. Belə yalanlar dövlətin maliyyə sabitliyinə mənfi təsir edir. O cümlədən, yaxşı olar ki, əlaqədar orqanlar keçmiş rəsmi pullarımızın üzərindəki rəsmləri daha ciddi, nöqtəvi araşdırmağa başlasınlar. Su nişanlarına qədər fikir verməliyik. Mən güman edirəm ki, Ramiz müəllim öz inisiallarını və ya şəklini pulların harasındasa gizlətmişdir.  

Məsələn, 50 manatlıq əsginasımızın üzərində Akademiyanın qapısından içəri keçməkdə olan qoltuğu papkalı bir kişi rəsmi var. İlkin variantda həmin tip aşağıda idi, sonra pilləkənin başına çıxdı. Bu, gəlin etiraf edək, çox şübhəlidir...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR