Ermənistanda dövlət xərcləri ilə bağlı yeni qalmaqallı iddia gündəmə gəlib.
Musavat.com xəbər verir ki, “Bizim üsulla” hərəkatının koordinatoru Narek Karapetyan video müraciətində bildirib ki, Nikol Paşinyan hakimiyyəti dövründə baş nazir aparatının büdcəsi təxminən 4 dəfə artaraq 65 milyon dollara çatıb.
Karapetyanın sözlərinə görə, bu məbləğ artıq bir sıra Avropa ölkələrində kral ailələrinin və monarxiya evlərinin illik xərclərini də geridə qoyur. O vurğulayıb ki, dövlət aparatına ayrılan vəsaitlərin bu cür kəskin artımı ölkə vətəndaşlarının rifahında real yaxşılaşma ilə müşayiət olunmur.
Aktivist Paşinyanın Ermənistanda guya “elektrik şəbəkələrinin fəaliyyətindən zərər çəkməyən bir dənə də ailə yoxdur” fikrinə də toxunub. Onun fikrincə, bu cür ümumiləşdirilmiş ifadələr məqsədli şəkildə seçilir ki, hüquqi məsuliyyətdən yayınmaq və ictimai üzrxahlıq tələblərindən qaçmaq mümkün olsun.
Karapetyan xatırladıb ki, son 10 il ərzində ölkədə təxminən 800 min elektrik sayğacı dəyişdirilib, elektron uçot sistemi tətbiq edilib və şəbəkələrdə itkilər 16 faizdən 6 faizə endirilib. O bildirib ki, bu faktlar mövcud hakimiyyətə yaxşı məlumdur, lakin qəsdən nəzərə alınmır.
Musavat.com






