İnsanlara hürriyət, millətlərə istiqlal!

İFŞA!-300 şirkət, 22 milyard dollar: Rusiya sanksiyaları belə aşır

2161 19.02.2026 13:51 Dünya A A

Rusiya 2024-cü ildə vasitəçilər üzərindən 22 milyard dollarlıq sanksiyalı məhsul əldə edib

Musavat.com xəbər verir ki, “The Insider” mərkəzi bununla bağlı sensasion material yayıb.

Mərkəzin araşdırmasına görə, 2024-cü il ərzində 300-dən çox Rusiya vasitəçi şirkəti ümumilikdə 22 milyard dollar dəyərində sanksiya altındakı məhsulları ölkəyə idxal edib. Bu məbləğin təxminən 1 milyard dolları birbaşa Rusiya hərbi-sənaye kompleksinə (HSK) tədarüklərin payına düşür.

Araşdırmada bildirilir ki, idxal olunan məhsullar arasında dron istehsalı üçün avadanlıq və komponentlər, hərbi texnika üçün mikrosxemlər və sensorlar, radio detallar, akkumulyatorlar və digər texnologiyalar yer alır. Bu məhsulların əsas istehsalçı ölkələri sırasında Yaponiya, Tayvan, Cənubi Koreya, Almaniya, İsveçrə və başqa dövlətlər göstərilir.

“The Insider”in baş redaktoru Roman Dobroxotov bu materialı son illərin ən mühüm araşdırmalarından biri adlandırıb. Onun sözlərinə görə, jurnalistlər sərhədi keçən yüklərdən konkret hərbi zavodlara qədər uzanan tədarük zəncirlərini yüzlərlə fakt üzrə müəyyən edə biliblər. Dobroxotov bildirib ki, bu mexanizm artıq iki-üç şirkət deyil, bütöv tədarük şəbəkələrinin sanksiya siyahısına salınmasına imkan verə bilər. Bu isə Rusiya hərbi-sənaye kompleksinin uyğunlaşmasını xeyli çətinləşdirə və hərbi istehsal üçün real problem yarada bilər.

Araşdırmada 2024-cü ildə Rusiya HSK-i ilə işləyən idxalçı şirkətlər dörd əsas qrupa bölünür.

Birinci qrup – sanksiyalı malları vasitəçisiz, birbaşa alan hərbi müəssisələrdir. Bunlar əsasən dövlətə tam və ya qismən məxsus köhnə hərbi zavodlardır. Məsələn, “Birləşmiş Mühərrikqayırma Korporasiyası”, Ural Optika-Mexanika Zavodu, Kazan Vertolyot Zavodu kimi müəssisələr qeyd olunur. Onlar yalnız istisna hallarda xarici iqtisadi fəaliyyət göstərirlər.

İkinci qrupa iri sənaye nəhəngləri daxildir. Bu müəssisələr polad, çuqun, alüminium, neft məhsulları kimi iri həcmli sənaye məhsulları istehsal edirlər. HSK bu məhsullar olmadan fəaliyyət göstərə bilməz, lakin həmin şirkətlər hərbi-sənaye kompleksindən asılı deyillər. Maraqlıdır ki, onların əksəriyyəti HSK-yə müntəzəm tədarüklərə baxmayaraq sanksiya siyahısında yer almır.

Üçüncü qrup – Rusiyada hərbi müəssisələr üçün ayrı-ayrı düyün və komponentlər istehsal edən, lakin bu istehsalda Qərb mənşəli detallar və komplektləşdiricilərdən istifadə edən müəssisələrdir. “The Insider” bu qrupu xüsusilə maraqlı hesab edir. Çünki onlar sanksiyaya məruz qalsalar, Qərblə ticarət üçün əlavə vasitəçilər axtarmalı olacaqlar ki, bu da fəaliyyətlərini ciddi şəkildə çətinləşdirə bilər.

Dördüncü və ən böyük qrup isə yenidən satan – yəni məhsulu alıb HSK-nə ötürən şirkətlərdir. Xüsusilə idxal dövriyyəsi ilə VPK ilə əməliyyat dövriyyəsi təxminən üst-üstə düşən şirkətlər sanksiya baxımından daha həssas hesab olunur. Qeyd edilir ki, HSK ilə orta və kiçik həcmli əməliyyatlar aparan bir çox belə vasitəçi şirkət hazırda Qərb sanksiyalarına məruz qalmayıb.

Araşdırma göstərir ki, sanksiya mexanizmlərinə baxmayaraq, Rusiya 2024-cü ildə də hərbi sənaye üçün kritik əhəmiyyət daşıyan məhsulları üçüncü tərəflər və vasitəçi şirkətlər vasitəsilə əldə etməyə davam edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR