İnsanlara hürriyət, millətlərə istiqlal!

İki Papa gələn yeganə postsovet ölkəsi: Vatikan Bakıda xüsusi mesaj verdi - FOTOLAR

1843 18.06.2026 23:26 Ölkə A A

İyunun 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda rəsmi səfərdə olan Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının rəhbəri, kardinal Corc Kuvakadla görüşüb.

Musavat.com xəbər verir ki, görüşdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və nümayəndələri, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.

Ali qonağı salamlayan Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanla Vatikan arasında formalaşmış münasibətlərin tarixinə toxunaraq bildirib ki, bu əlaqələrin təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. O, Papa II İohann Pavelin və Papa Fransiskin Azərbaycana səfərlərinin münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Şeyxülislam qeyd edib ki, keçmiş sovet respublikaları arasında Azərbaycan yeganə ölkədir ki, müxtəlif dövrlərdə iki Roma Papasını qəbul edib. O, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan-Vatikan münasibətlərinin hazırda ən yüksək səviyyəyə çatdığını bildirib.

Allahşükür Paşazadə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin də xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, Fond tərəfindən dünyanın müxtəlif ölkələrində tarixi kilsələrin, dini və mədəni abidələrin bərpasına mühüm töhfələr verilib.

“Mehriban xanım Əliyevanın gördüyü işləri və oradakı kilsələrin, katakombaların bərpasını öz gözlərimlə görmüşəm. Bu, bir daha göstərir ki, Azərbaycan dünyada qurucu dövlət kimi tanınır. Biz kilsələri də məscidlər kimi qoruyur və bərpa edirik”, - deyə Şeyxülislam bildirib.

Daha sonra çıxış edən kardinal Corc Kuvakad Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, göstərilən qonaqpərvərliyə və ölkədə müxtəlif dini icmalar arasında mövcud olan qarşılıqlı hörmət mühitinə görə minnətdarlığını bildirib.

Vatikan rəsmisi Azərbaycanla Müqəddəs Taxt-Tac arasında münasibətlərin illər ərzində qarşılıqlı hörmət və əməkdaşlıq əsasında inkişaf etdiyini vurğulayıb.

“İllər ərzində Müqəddəs Taxt-Tac ilə Azərbaycan Respublikası arasında münasibətlər davamlı şəkildə inkişaf edib. Müqəddəs II İohann Pavelin 2002-ci ildə, Papa Fransiskin isə 2016-cı ildə Azərbaycana səfərləri, həmçinin çoxsaylı görüşlər icmalarımız arasındakı əlaqələri daha da möhkəmləndirib”, - deyə kardinal bildirib.

Onun sözlərinə görə, 2011-ci ildə imzalanmış ikitərəfli saziş, eləcə də ötən il dini əməkdaşlıq sahəsində imzalanan Anlaşma Memorandumu münasibətlərin inkişafında mühüm mərhələ olub.

“Bu sənədlər göstərir ki, dialoq sadəcə fikir mübadiləsi deyil. Dialoq anlaşmaya, etimada və əməkdaşlığa aparan yoldur. Bu, Azərbaycanla Müqəddəs Taxt-Tac arasında ortaq inamın möhkəmləndiyini təsdiqləyir”, - deyə kardinal Corc Kuvakad vurğulayıb.

Tədbirdə Milli Məclis sədrinin müavini Musa Qasımlı və deputat Səməd Seyidov da çıxış edərək Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoq sahəsində oynadığı roldan danışıblar.

Rəsmi hissədən sonra Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin adından kardinal Corc Kuvakadın şərəfinə ziyafət təşkil olunub.

Qeyd edək ki, Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Kuvakad iyunun 16-da Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşən kardinal Azərbaycan-Vatikan münasibətlərinin perspektivlərini müzakirə edib.

İyunun 17-18-də isə kardinal Corc Kuvakad Şəki və Qəbələ şəhərlərinə səfər edərək Azərbaycanın tarixi-mədəni irsi, o cümlədən qədim alban kilsələri ilə tanış olub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR