Ukrayna prezidenti Volodimir Zelenskinin tezliklə mühüm açıqlama verəcəyi gözlənilir. “Financial Times” qəzetinin yazdığına inansaq, prezident fevralın 24-də – Rusiya hərbi təcavüzünün 4-cü ilinin tamamında ölkədə prezident seçkisi və sülh müqaviləsi ilə bağlı referendum keçirmək planlarını açıqlayacaq.
İddialara əsasən, Kiyev ABŞ-nin təzyiqi altında səsvermə hazırlıqlarına başlayıb. Nəşrə görə, seçkilər 15 mayadək keçirilməzsə, Ukrayna ABŞ-nin təhlükəsizlik zəmanətlərini itirə bilər. Hərçənd, rəsmi Kiyevi nə referendum, nə də seçki ilə bağlı məsələyə etiraz edir. Çünki Zelelnski konstitusiyasını pozub Moskvaya torpaq peşkəş edən rəhbər kimi tarixdə qalmaq istəməz. Bunu dəfələrlə bəyan edib. Təbii ki, qərarı yalnız xalq verə bilər...
Qonşu Ermənistanda isə taleyüklü parlament seçkilərinin günü artıq dəqiqləşib – 7 iyun 2026. Referendumun vaxtı hələlik qeyri-müəyyəndir. Referendum seçkilərdən öncə də ola bilər, sonra da, hətta seçkilərlə eyni gündə də.

Bu barədə Baş naziri Nikol Paşinyanın dünənki sözləri maraq kəsb edir. Yerli İctimai Televiziyaya müsahibəsində o, bildirib ki, hakimiyyətin gündəliyində parlament seçkilərindən əvvəl Azərbaycanla sülh müqaviləsinin imzalanması var.
“Mənim belə bir gündəliyim var. Gəlin, qavrayışlardan danışmayaq. Ötən ilin martında müzakirələr (sülh müqaviləsi layihəsi ilə bağlı - red) başa çatdığı üçün ötən ilin dekabr, oktyabr və aprel aylarında imzalanma gündəliyə daxil idi. Ona görə də biz işimizi davam etdirəcəyik”, - Paşinyan əlavə edib...
Beləcə, iki postsovet ölkəsi – Ermənistan və Ukrayna kifayət qədər kritik sayıla biləcək seçkilər və referendum ərəfəsindədir. Qarşıdakı seçkilər və referendumların nəticəsi isə şəkk-şübhəsiz, Rusiyanın MDB məkanındakı dayaqlarına və mövqeyinə birbaşa təsir göstərəcək. Baltikyanı ölkələr xaric, keçmiş respublikaların hamısı bundan təsirlənmiş olacaq. Niyə?
Məsələ ondadır ki, Ermənistan Bakının tələbi ilə beynəlxalq hüquqa uyğun yeni konstitusiya qəbul eləsə, həmçinin, Azərbaycan, Türkiyə və Qərbin maraqlarına cavab verən Nikol Paşinyan təzədən baş nazir olsa, onda Bakı ilə sülh müqaviləsinin imzalanması üçün heç bir əngəl qalmayacaq.
O halda qonşu Türkiyə ilə də bütün sahələrdə əlaqələr normallaşacaq. Sərhədlər, kommunikasiyalar açılacaq, diplomatik münasibətlər qurulacaq, səfirlərin mübadiləsi ediləcək. Yekun etibarilə, şarlatan zatulinlərin, avantürist solovyovlar və duqinlıərin Türkdən “xoxan” düzəltmək cəhdləri tam fiasko olacaq. Ermənistanda Rusiya hərbi mövcudluğuna ehtiyac olmayacaq.
Bunu əlbəttə ki, Kremldə də bilirlər. Odur ki, Moskva bacardıqca sülh prosesini pozmağa, İrəvanın Bakı və Ankara ilə barışığını əngəlləməyə çalışacaq – özünün “5-ci kolonu” ilə, proksi qüvvələri ilə, ənənəvi təzyiq və şantaj üsulları ilə...
Ukraynaya gəlincə, bu ölkədəki prezident seçkiləri və referendum da böyük ehtimalla, işğalçı Rusiyaya öz yerini göstərəcək. Ola bilməz ki, məğrur Ukrayna xalqı ona bunca acı və müsibət yaşatmağa davam edən imperialist bir dövlətdən qorxub seçkilərdə və referendumda onun istəklərinə uyğun səs versin.
Deməli, Ukraynadakı səsvermə də postsovet məkanında yeni və çox mühüm bir mərhələyə vəsilə ola bilər. Qısası, bu il, Rusiya ilə bağlı yerdə qalan bütün “i”-lərin üzərinə nöqtə qoyulacaq. Qoyulmalıdır. Kremlin arzulamadığı “nöqtələr”...
Z. SƏFƏROĞLU






