Sergey Kiriyenko Suxumidə: “Rusiyanı sevməyənlər ola bilər...”
Rusiyalı siyasi strateqlərin separatçı Abxaziyada qondarma bələdiyyə seçkilərinə müdaxiləsi rusiyayönümlülərin daha çox mandat qazanmasına səbəb olub ki, bu da bölgədə yenidən gərginlik yaradıb. Anti-Rusiya əhvalının artması fonunda Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini, Ermənistan və Abxaziya üzrə kurator Sergey Kiriyenko təcili Suxumiyə gəlib.
Musavat.com Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Kiriyenkonun səfəri rəsmi olaraq “Moskva tərəfindən maliyyələşdirilən obyektlərə baxış keçirmək” kimi təqdim edilib, lakin yerli əhali şübhə etmir ki, əsas məqsəd tanınmamış bölgədə siyasi vəziyyəti öyrənməkdir.
Sirr deyil ki, 1992-94-cü il qarşıdurmalarında gürcüləri Abxaziyadan qovanlar elə zənn edirdilər ki, “müstəqillikdən” sonra bölgədə söz sahibi onlar olacaq. Amma bu illər yerli əhaliyə (təxminən 200 min civarında) xüsusi heç nə verməyib. Vaxtilə Qarabağ separatçıları Ermənistanın dilənçi payına möhtac olduqları kimi, Abxaziya da uzun müddətdir ki, Kremlin “pul kilsəsindən” asılıdır.
Yerli “Telegram” kanalları xatırladır ki, Kiriyenko bu iklin martında Abxaziyada Rusiya əleyhinə aksiyalar başlayandan dərhal sonra da bölgəyə göndərilmişdi. Müşahidəçilər vəziyyətin yenidən oxşar həddə yaxınlaşdığını düşünürlər. Həmin gərginlik zamanı rusiyayönümlü prezident vəzifəsindən istefa verməyə məcbur edilmişdi.
Maraqlıdır ki, Kiriyenko separatçı bölgənin mediasına - “Abaza-TV”yə geniş müsahibə verib. Söhbətin əsas mövzusu Rusiya ilə münasibətlər və bölgədəki gərginliklərlə bağlı olub.

Kremlin “Qafqaz canişi” Abxaziyada hər seçkilər zamanı tez-tez ortaya çıxan anti-Rusiya əhval-ruhiyyəsinin səbəblərindən danışıb. “İnanıram ki, abxaz cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsi yoxdur. Bu əhval-ruhiyyə əhalinin ən azı əhəmiyyətli bir hissəsində üstünlük təşkil etmir. Rusiyanı sevməyənlər ola bilər” deyən Kiriyenkonun sözlərinə görə, bu gərginliyi Rusiya-Abxaziya əməkdaşlığının genişlənməsi səbəbindən qeyri-qanuni gəlirləri azalan müəyyən qruplar tətikləyir. Anti-Rusiya bəyanatlarının siyasi səbəblərdən danışan rusiyalı rəsmi qeyd edib ki, Abxaziya siyasətində iki dominant ideya var: bəziləri hesab edir ki, Abxaziyanın təhlükəsizliyi yalnız Rusiya ilə mümkündür, digərləri isə Moskva ilə həddən artıq yaxınlaşmadan ehtiyat edirlər.
“Siyasətçilər seçkilərdə mübarizə aparmaq üçün bu hisslərdən istifadə edirlər. Rəqabət edən iki siyasi qüvvədən biri birinci ideya üzərində işləməyə başlayan kimi, digəri istər-istəməz ikinciyə müraciət etməyə başlayır. Həm də ona görə ki, onların Rusiyaya mənfi münasibəti yox, sadəcə ona görə ki, bu, xeyli sayda insanı siyasi hakimiyyət uğrunda mübarizəyə cəlb etməyin yeganə yoludur” deyə, o bildirib.

Yeri gəlmişkən, Türkiyə hakimiyyəti Abxaziyanın “müstəqilliyini” tanımır, amma o da sirr deyil ki, Abxaziyadakı xalqlarla Türkiyə arasında çox yaxın tarixi, dini və mədəni əlaqələr var. 1877-ci ildəki Osmanlı-rus müharibəsi dövründə abxaz müsəlmanlarının böyük əksəriyyəti əsrlərlə yaşadıqları torpaqlardan çıxarıldılar. Həmin ildə 128 min Abxaziya əhalisinin böyük hissəsi Osmanlı torpaqlarına köçdü və Abxaziya torpaqlarında yalnız 20 minə yaxın abxaz qaldı. Bu gün Türkiyədə təxminən 5 milyona yaxın Abxaziya mənşəli müsəlman yaşayır. Türkiyədəki Abxaziya mənşəli vətəndaşların böyük əksəriyyəti özlərini türk hesab edir, uşaqlarına türk adları qoyur, onları türk adət-ənənələrinə görə böyüdürlər.
Yada salaq ki, Rusiya bu ilin aprelində Ermənistan üzrə siyasəti koordinasiya etmək də Kiriyenkoya həvalı edilib. Sabiq baş nazir Rusiya prezidentinin ən etibarlı tərəfdarlarından biri hesab edilir, adətən ona ən vacib istiqamətlər həvalə olunur.
Musavat.com






