“Rusiya Ermənistandakı bütün siyasi qüvvələrin seçkilərdə iştirak edə bilməsini istəyir”. Xəbər verildiyi kimi, bunu Prezident Vladimir Putin Kremldə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə bildirib. O qeyd edib ki, Rusiyada 2 milyondan çox erməni yaşayır: “Rusiya Federasiyasında çox sayda erməni yaşayır. Onları saymağın müxtəlif yolları var, amma biz bunun 2 milyondan çox olduğunu təxmin edirik. Əslində Daxili İşlər Nazirliyinin statistikası bunu təsdiqləyir”.
Putin Ermənistanda ev dustaqlığında olan erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanın adını çəkməsə də, onun parlament seçkilərində iştirakına şərait yaradılmasına işarə edib. Paşinyan isə cavabında Rusiya vətəndaşı olan ermənilərin Ermənistanda parlament seçkilərində iştirakının və ölkənin Baş naziri postunu tutmasının mümkün olmadığını diqqətə çatdırıb.

Bu, Milli Şuranın bir vaxtlar prezidentliyə namizədi kimi irəli sürülən mərhum Rüstəm İbrahimbəyovu yada salır. Onun da Rusiya vətəndaşlığı namizədliyinin qeydə alınmasına əngəl olmuşdu. Milli Şuranın Rusiya layihəsi olduğu bu gün də bildirilir və sabiq Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev işi üzrə Milli Şuranın bir üzvü – AXCP sədri Əli Kərimli həbsdədir, sədr Cəmil Həsənli və üzv Gültəkin Hacıbəyli isə istintaqda dindirilib.
Ermənistanda da Karapetyanın Rusiya vətəndaşı olması onun baş nazir postuna namizəd olmayacağını göstərir. O halda, Paşinyanın növbəti addımı nə ola bilər? Rusiyayönlü siyasi qüvvələrin tam zəiflədilməsi prosesi sürətlənə bilərmi?
Deputat Elçin Mirzəbəyli Musavat.com-a bildirib ki, Putinin səsləndirdiyi fikirlər zahirən diplomatik, mahiyyət etibarilə isə açıq siyasi mesaj kimi qiymətləndirilə bilər:
“Ermənistanda bütün siyasi qüvvələrin seçkilərdə iştirak edə bilməsi” çağırışı, əslində, Moskvanın İrəvandakı daxili siyasi proseslərə təsir imkanlarını qorumaq və genişləndirmək niyyətinin növbəti təzahürüdür. Bu xüsusda Rusiya vətəndaşı olan erməniəsilli milyarder Samvel Karapetyanın adı ətrafında formalaşan müzakirələr təsadüfi deyil. Onun ev dustaqlığında olması və eyni zamanda, potensial siyasi fiqur kimi gündəmə gətirilməsi Kremlin klassik “rezerv kadr” strategiyasını xatırladır. Bu strategiyanın mahiyyəti sadədir və siyasi sistemdə qeyri-müəyyənlik yaranan kimi alternativ fiqurlar üzərindən təsir mexanizmlərini aktivləşdirməkdən ibarətdir. Mahiyyət etibarilə eyni olmasa da, Moskvanın üslubu Azərbaycanda ictimai-siyasi proseslərdə fəal iştirak edən şəxslərə, o cümlədən mənə yaxşı tanışdır. Bir zamanlar Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd kimi irəli sürülməsi və onun Rusiya vətəndaşlığı səbəbilə prosesdən kənarda qalması Kremlin ənənəvi ssenarilərinin klassik nümunəsi hesab oluna bilər".
Deputatın fikrincə, maraqlıdır ki, Paşinyanın cavabı bu dəfə daha sərt, açıq və prinsipial oldu:
"O, açıq şəkildə bəyan etdi ki, Rusiya vətəndaşı olan şəxslərin Ermənistanın parlament seçkilərində iştirak etməsi və xüsusilə baş nazir postuna iddia etməsi hüquqi baxımdan mümkün deyil. Bu mövqe bir tərəfdən Ermənistanın formal suverenlik çərçivəsini qorumağa yönəlibsə, digər tərəfdən Moskvanın siyasi manevr imkanlarını məhdudlaşdırmaq cəhdidir.
Paşinyanın növbəti addımına gəldikdə isə mövcud vəziyyət göstərir ki, İrəvan iki paralel xətt üzrə hərəkət edə bilər. Hakim komandanın ilk növbədə hüquqi mexanizmləri sərtləşdirərək xarici vətəndaşların və xüsusilə Rusiya ilə bağlılığı olan fiqurların siyasi proseslərdə iştirakını tamamilə bloklaması və Rusiyayönlü siyasi qüvvələrin institusional müstəvidə zəiflədilməsi və onların sosial dayaqlarının sıradan çıxarılması istiqamətində sistemli addımlar atması mümkündür. Əslində, bu proses artıq başlayıb. Ermənistan daxilində Moskva ilə sıx bağlı olan siyasi və iqtisadi qrupların təsir imkanları son illərdə nəzərəçarpacaq dərəcədə azalıb. Bunun səbəbləri arasında həm 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallıqlar, həm də Paşinyanın Qərbə doğru ehtiyatlı açılım siyasəti dayanır. Lakin Kremlin regiondakı ənənəvi təsir alətlərindən, o cümlədən diaspor kapitalından, media təsirindən və “ikili vətəndaşlıq kartı”ndan imtina edəcəyi də inandırıcı görünmür. Məhz bu nöqtədə “ikinci Rüstəm İbrahimbəyov ssenarisi” fərziyyəsi aktuallaşır. Ssenarinin forması qismən dəyişməz qalır. Ola bilsin ki, Rusiya xarici vətəndaşlığı olan, lakin milli kimlik üzərindən legitimləşdirilməyə çalışılan fiqurun siyasi prosesə daxil edilməsi və onun vasitəsilə daxili siyasi balansın dəyişdirilməsinə cəhd göstərəcək. Çünki Kremlin Ermənistandakı ənənəvi fiqurları cəmiyyət tərəfindən qəbul edilmir. Hazırkı yaxın tarixdə baş verən proseslərin mahiyyəti və Ermənistanın mövcud reallığı göstərir ki, bu təxribat ssenarisi əvvəlki kimi effektiv deyil”.

Deputat hesab edir ki, erməni baş nazirin Moskvadakı mesajları ölkəsindəki seçicilərə də təsirsiz ötüşməyəcək:
“Paşinyan hakimiyyəti üçün əsas risk məhz bu cəhdlərin daxili siyasi sabitliyi poza bilmə ehtimalıdır. Buna görə də onun növbəti mərhələdə daha sərt hüquqi və institusional tədbirlərə əl atacağı gözləniləndir. Bu isə faktiki olaraq Rusiyayönlü siyasi qüvvələrin marginallaşdırılması prosesini sürətləndirə bilər. Nəticə etibarilə, Kremlin Ermənistanda tətbiq etməyə çalışdığı köhnə siyasi texnologiya yeni şəraitdə ciddi müqavimətlə üzləşir. Bu müqavimətin nə dərəcədə davamlı olacağı isə təkcə Paşinyanın iradəsindən deyil, həm də Ermənistan cəmiyyətinin geosiyasi seçimindən asılı olacaq. Regionda formalaşan yeni güc balansı isə artıq belə “ssenarilərin” əvvəlki kimi rahat işləməsinə imkan vermir. Son olaraq, Putinlə görüşə “Real Ermənistan”ın xəritəsilə gedən Paşinyanın həm Moskvaya, həm də Ermənistan daxilindəki Rusiyapərəst qüvvələrə verdiyi mesajı da nəzərə almaq lazımdır. Çox güman ki, Paşinyanın cəsarətli davranışları Ermənistanda, hələlik seçimində tərəddüd edənlərə də ciddi təsir göstərəcək”.
Cavanşir ABBASLI
Musavat.com






