Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov tərəfindən qanunvericilik təşəbbüsü ilə hazırlanmış “İnvestisiya fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin bu gün, 20 fevral tarixli plenar iclasında 2-ci oxunuşda müzakirəyə çıxarılıb.
Musavat.com-un məlumatına görə, komitə sədri Azər Əmiraslanov layihəni ikinci oxunuşda təqdim edərkən bildirib ki, təklif edilən dəyişiklik dövlət mənafeyinin və milli maraqların qorunması naminə strateji əhəmiyyətə malik investisiyaların alınmasının hüquqi əsaslarını müəyyən edir:
“Layihə barədə 1-ci oxunuşda geniş məlumat verilib və müzakirələr gedişində hörmətli həmkarımız Qüdrət Həsənquliyev tərəfindən bir sıra opponent fikirləri səsləndirilib. Təbii ki, həmin fikirlərə münasibət bildirməklə yanaşı, bəzi məsələlərə də aydınlıq gətirmək istərdim. İddia edilir ki, qanuna təklif olunan dəyişikliklər dövlətin təhlükəsizliyini qorumur, əksinə, ona qarşıdır. Bu cür fikirlər əsaslı deyil, həm də reallığı əks etdirmir. Təqdim edilən layihə nəinki dövlət mənafeyinin qorunmasını, hətta bunun üçün hüquqi mexanizmin yaradılmasını nəzərdə tutur. Qanun layihəsinin konstitusiya ilə ziddiyyət təşkil etməsi səslənən opponent fikirlərdən biridir. Hörmətli Qüdrət müəllim əsaslandırmağa çalışır ki, Əsas Qanunumuz dövlət maraqları naminə strateji investisiyaların alınmasına imkan vermir. Bunu konstitusiyada mülkiyyətin alınmasının yalnız dövlət ehtiyacları üçün nəzərdə tutulması ilə izah edir. Fikrimizcə, formal hüquqi istinadların özünün də bəzən ciddi arqumentasiyasına ehtiyac yaranır”.
A.Əmiraslanov deyib ki, təqdim etdiyi layihə Əsas Qanunumuzla ziddiyyət təşkil etmir, əksinə, kifayət qədər konstitusion əsaslara söykənir:
“Hər şeydən əvvəl nəzərə almalıyıq ki, “dövlət ehtiyacları” anlayışının əhatə dairəsi genişdir və bu əsasla əmlakın alınması təkcə sənaye və təsərrüfat, şəhərsalma və infrastruktur məqsədləri ilə məhdudlaşmır”.
Deputat təklif edilən dəyişikliklərin investisiya qoyuluşunda ciddi problemlər yaradacağı barədə fikirlə də razılaşmayıb:
“Xatırlatmaq istərdim ki, təqdim etdiyimiz layihənin müddəaları hələ 1992-ci ildə qəbul edilmiş və 30 il ərzində qüvvədə olmuş “Xarici investisiyalar haqqında” qanunda öz əksini tapıb. O zaman sual olunur ki, bu maddənin qüvvədə olduğu illərdə hansı investor bu səbəbdən ölkəni tərk edib? Həmin müddəalar investisiya mühitini bu qədər pisləşdirirsə də, bu on illiklər ərzində ölkəmizə 350 milyard dollar xarici sərmayə necə cəlb edilib? Layihənin mülkiyyət toxunulmazlığı və investor hüquqları üçün təhdid yaratması fikrini də əsaslı hesab etmirik”.
Deputat qeyd edib ki, bu layihə investisiyanı və əmlakı investorun əlindən almaq məqsədi ilə hazırlanmayıb:
“Dünyanın heç bir yerində kompensasiya və qanun əsaslı ekspropriasiya investor hüquqlarının pozulması halı kimi dəyərləndirilmir. Digər bir tərəfdən də Azərbaycan Respublikasının konstitusiyası və qanunvericilik sistemi həm mülkiyyət hüququnu qoruyur, həm də investor hüquqlarına təminat verir. Belə bir sual da səsləndirildi ki, bu layihə qəbul edildikdən sonra hansı hallar üçün tətbiq ediləcək? Nə üçün konkret misallar və nümunələr göstərilmir?
Bu layihənin məqsədi strateji investisiyaların və onların doğuracağı hər hansı təhdid və risklərin təsnifatını müəyyən etməkdən ibarət deyil. İnvestisiya fəaliyyəti haqqında qanunun milli təhlükəsizlik sənədi olmadığını da nəzərə almalıyıq. Həm də 1-ci oxunuşda təqdimat zamanı bu barədə ümumi şəkildə məlumat verilib.
Ümumiyyətlə, beynəlxalq arbitraj hüququna əsasən, hansı halın və ya riskin milli təhlükəsizlik baxımından təhdid olduğunu dövlət özü müəyyən edir. Təqdim etdiyimiz layihənin müddəalarına əsasən, bu təhdidlər və bunu doğuran strateji investisiyalar, tətbiq edilən ekspropriasiya rejimi və kompensasiya şərtləri, zərurət olduğu halda, parlamentin bu kimi müstəsna hallarla bağlı qəbul edəcəyi qanunlarda öz əksini tapacaq”.
Layihə səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib.
E.Paşasoy,
Musavat.com






