Xəbər verdiyimiz kimi, Prezident Məsud Pezeşkian İran mediasında qonşu Azərbaycan, Türkiyə, ərəb ölkələrinə və başçılarına qarşı təhqiredici çıxışlar edən şəxslərə qəzəblənib. O deyib ki, qonşu ölkələrə qarşı bu cür yanaşma qəbuledilməzdir və buna yol verilməsi məsuliyyət yaradacaq.
Sitat: “Qonşu ölkələrin prezidentləri və rəsmi nümayəndələri İranla əməkdaşlıq çərçivəsində müharibənin qarşısının alınmasını və problemlərin dialoq yolu ilə həllini önə çəkdiyi bir vaxtda medianın qonşuları alçaldan açıqlamalar yayması doğru deyil”, - Pezeşkian vurğulayıb.
İran prezidentinin çağırışı nəticə verəcəkmi? Yoxsa mühafizəkar qanad öz bildiyini edəcək?

Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, Pezeşkianın çağırışı müəyyən nəticə verə bilər, amma İran mediasında Azərbaycana və digər qonşu ölkələrə qarşı yazıları, çıxışları tam aradan qaldırmayacaq:
“Çünki bu ölkə mediasının böyük hissəsi mühafizəkar qanadın, SEPAH-a bağlı qüvvələrin təsiri altındadır və onların sifarişlərinə uyğun işləyirlər. Hər hansı ölkəyə qarşı kəskin yazıları, hədələyici çıxışları İran mediası özbaşına verə bilməz. Göstəriş və direktivlər olmadan bu, mümkün deyil. Pezeşkianın prezidentliyi dövrü İranın ən həssas dövrünə düşüb. Belə vəziyyətdə o, sanki bir neçə cəbhədə mübarizə aparmaq məcburiyyətində qalıb. Həmin cəbhələrdən biri də mollaların nəzarətində olan mediadır. Həmin media hətta onun özünü də hədəfə alan yazılar verir. Bəzən mollalara bağlı media Pezekianı hətta “satqın” adlandrır. İndi biz düşünsək və ümid etsək ki, onlar prezidentin çağırışı və xəbərdarlığından sonra susacaqlar, özümüzü aldatmış olarıq”.
Politoloqun sözlərinə görə, Pezeşkian başda Azərbaycan olmaqla Türkiyə, ərəb ölkələri və hətta ABŞ ilə, Qərblə münasibətlərin yaxşılaşmasında maraqlı olduğunu ilk vaxtlardan nümayiş etdirib: “Regionda müharibə riskinin aşağı salınması və qonşularla münasibətlərin yumşaldılması onun siyasi mandatının əsas dayaqlarıdır. Bu baxımdan rəsmi dövlət mediasında ritorikanın nisbətən yumşalması mümkündür, açıq-aşkar təhqiramiz çıxış edən bəzi media simaları və “ekspertlər” səhnədən çəkilə və ya arxa plana keçirilə bilər, xarici siyasətə birbaşa təsir edən platformalarda özbaşına ritorikaya müəyyən senzura tətbiq oluna bilər. Bu, Pezeşkianın təsir edə biləcəyi media orqanlarına aiddir. Ancaq mühafizəkar qanada bağlı olanlara bu, aid deyil. Onlar öz bildikləri kimi yəqin ki, davam edəcəklər. Sərt ideoloji xətlər üzərində qurulmuş qəzet və saytlar, TV-lər regionda gərginliyi qəsdən körükləyir və qonşu ölkələrin bir çoxunu hədələyirlər. Bu dairələr üçün qonşularla yumşaq dil strateji risk kimi qəbul olunur. Ona görə də sərt ritorikaları tam dayanmayacaq”.
Etibar Seyidağa,
Musavat.com






