Xəbər verdiyimiz kimi, Xəzərin İran sahilində meyiti tapılan balıqçı 1997-ci il təvəllüdlü Turan Həsənov Eyvaz oğlunun meyiti ötən gün Azərbaycana təhvil verilib.
Atası Eyvaz Həsənov bildirib ki, övladının meyitini Xarici İşlər Nazirliyinin köməkliyi ilə geri ala bilib:
“Deyirdilər ki, guya bizim tərəfdən şikayət olunub ki, övladım sağ -salamat ora çıxıb və İranda öldürülüb. Lakin mən və həyat yoldaşım təsdiq etdik ki, iki əmioğlu balıq ovuna gediblər və bizim ərazilərdə itkin düşüblər.
Mən notarial qaydada təsdiq etdim ki, İran dövlətindən şikayətim yoxdur. Təsdiq olunan sənədləri ora göndərdim. Bundan sonra dedilər gəlin, cəsədi veririk, amma vermədilər. Meyiti verirdilər, sonra əlimizdən alıb, morqa aparıb qoyurdular.
Çox bərbad vəziyyətdə, zülmlə verdilər. Xarici işlər nazirliyinin köməyi olmadan uşağı onlardan ala biləzdim. Xalqım və dövlətim sağ olsunlar”.
Qeyd edək ki, 19 dekabrda səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında balıqçılardan biri 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti tapılıb. Hər iki balıqçı dekabrın 9-da səhər saat 8 radələrində balıq tutmaq məqsədi ilə Xəzər dənizinə çıxıblar və onlar itkin düşmüş hesab edilirdilər.
Şahanə Rəhimli
Musavat.com






