Bu gün İranda baş verən hadisələr sadəcə etiraz dalğası deyil, dərin və sistemli böhranın təzahürüdür. Prezident Məsud Pezeşkian, etnik azərbaycanlı olaraq, Mixail Qorbaçov rolunu oynayır: cəmiyyətə “buxarı buraxmaq”, qarşıdurmanın kəskinliyini azaltmaq üçün hakimiyyət tərəfindən irəli sürülmüş fiqur. İranın bugünkü mənzərəsi Sovet İttifaqının son illərini xatırladır: o zaman iqtisadi böhran, ideoloji yorğunluq və Əfqanıstan avantürası SSRİ-ni zəiflətdi, hakimiyyət isə cəmiyyəti birbaşa boğmaq əvəzinə nəzarətli “yenidənqurma”ya start verdi və Qorbaçovu önə çıxardı. Yenidənqurma azadlıq kimi təqdim olunsa da, nəticədə sistem çökdü. Ardınca Yeltsin gəldi, sonra isə xüsusi xidmət orqanları hakimiyyəti Vladimir Putin vasitəsilə geri qaytardılar. Sistemin mahiyyəti dəyişmədi, yalnız formalar dəyişdi.

Bu gün İranda da analoji ssenarinin işə salınmasına cəhd edildiyini görürük: Pezeşkian müvəqqəti olaraq cəmiyyətin “rahatladılması” funksiyasını üzərinə götürür. Etirazların əsas səbəbi iqtisadidir. Sanksiyaların güclü təsiri, inflyasiya, işsizliyin artması, korrupsiya və sosial ədalətsizlik dalana dirənmə hissi yaradıb. Dövlət resursları ölkənin inkişafına və vətəndaşların sosial rifahına deyil, ideologiyaya, daxili nəzarətə və xarici layihələrə yönəldilir. Bir qızın hicaba görə ölməsi katalizator oldu, lakin cəmiyyət artıq həddə çatmışdı. Etirazlar müxtəlif sosial təbəqələri birləşdirdi, amma regionlar və etnik qruplar üzrə reaksiyalar fərqlidir.
Hazırda bu etirazlarda passivliyi vurğulanan etnik azərbaycanlılar, ümumən ehtiyatlı davranırlar. Çünki onların liderləri artıq mərkəzi hakimiyyətlə bağlıdır və radikal aksiyalarda iştirak yüksək risklər yaradır. Bununla yanaşı, ölkədə kürdlər, bəluclar, ərəblər və digər azlıqlar kimi iri qruplar yaşayır. Kürdlər ənənəvi olaraq muxtariyyətə can atır və prosesləri kənardan izləyir, çox vaxt etirazları dolayı yolla dəstəkləyirlər. Cənub-şərqdə yaşayan bəluclar iqtisadi marjinallaşmaya məruz qalırlar və bəzi hallarda etiraz aksiyalarında iştirak edirlər, lakin ordunun və SEPAH-ın sərt nəzarəti səbəbilə daha ehtiyatlı davranırlar. Cənubdakı ərəb əhalisi diqqəti əsasən lokal sosial-iqtisadi problemlərə yönəldir və hələlik etirazlarda kütləvi iştirak yoxdur.
Əhalinin təxminən 40 faizini təşkil edən etnik farslara gəldikdə isə, ölkədəki dinamikanı əsasən onların davranışı müəyyən edir. Onların arasında radikal mövqedə olan gənc fəallar da var, sabitliyi ideologiyadan üstün tutan daha passiv təbəqələr də. Məhz bu farslar çox vaxt etiraz hərəkatının ön cəbhəsində yer alırlar ki, bu da hakimiyyət üçün xüsusi təzyiq yaradır, çünki rejimin legitimliyinə ən ciddi təsir məhz onların dəstəyindən asılıdır.

Hazırda vəziyyətin inkişafı üçün üç ssenari fərqləndirilə bilər. Birincisi — təkamül yolu: Pezeşkian cəmiyyəti qismən razı salmaq üçün yumşaq ritorika və kosmetik islahatlar aparmağa çalışır. Nəticədə hakimiyyət yenə də Rusiyada Putinin gəlişində olduğu kimi, İslam İnqilabı Keşikçiləri Korpusuna qayıda bilər. İkincisi — sərt ssenari: əgər elita özünü təhlükə altında hiss etsə, etirazlar güc yolu ilə yatırılacaq. İran bu yolu dəfələrlə tətbiq edib və əvvəlki illərin təcrübəsi göstərir ki, SEPAH kütləvi çıxışları cilovlaya bilir. Üçüncüsü — nəzarətdən çıxma: elita daxilində parçalanmalar və küçənin təzyiqi 1991-ci ildə Moskvada GKÇP zamanı olduğu kimi, sürətli kəskinləşməyə gətirib çıxara bilər. Bu halda etirazlar vahid, etniklərarası xarakter alsa, inqilab mümkündür.
Beynəlxalq ölçü də əhəmiyyətlidir. ABŞ və ya İsrailin birbaşa müdaxiləsi az ehtimal olunur. Bu ölkələr anlayırlar ki, hərbi təzyiq rejimi daha da konsolidasiya edə bilər. Hazırda onlar müşahidə etməyə və daxili dinamika barədə məlumat toplamağa üstünlük verirlər, strateji çevikliyi saxlayırlar.
Ali dini lider Əli Xamenei ilə prezident Pezeşkian arasındakı fikir ayrılıqları təsadüfi deyil. Xamenei xarici qüvvələri ittiham edir, Pezeşkian isə hökumətin səhvlərini etiraf edir. Bu, daha çox rolların bölgüsünə bənzəyir: ali lider sistemi qorxudur, qətiyyət nümayiş etdirir, prezident isə kütləvi xaosun qarşısını almağa çalışan sabitləşdirici kimi çıxış edir.

Xameneinin Moskvaya mümkün səfəri İranın Rusiyadan strateji asılılığını vurğulayır. Moskva rejim üçün təhlükəsiz sığınacaq və Qərbə təzyiq alətidir.
Tarix göstərir ki, nəzarətli islahatlar azadlıq naminə deyil, rejimi qorumaq üçün başlanır. SSRİ-də yenidənqurma sistemi xilas etməli idi, amma onun süqutunu sürətləndirdi. Bu gün əsas sual budur: İranın “yenidənqurması” yeni bir Putinin ortaya çıxmasına gətirib çıxaracaq, yoxsa sistem cəmiyyətin təzyiqi altında öz-özünə dağılmağa başlayacaq?
Otto fon Bismarkın xəbərdarlıq etdiyi kimi:
“İnqilabları dahilər düşünür, fanatiklər həyata keçirir, bəhrəsindən isə namərdlər istifadə edir”.

Ramiz Yunus,
“Xəzər” Beynəlxalq Universitetinun professoru






