Sosial şəbəkələrdə İranda ABŞ prezidenti Trampın guya edam edilməsi səhnəsini əks etdirən görüntülər yayılıb. Videoda səhnəyə bənzər platformada diz çökdürülmüş kostyumlu şəxs və onu müşayiət edən maskalı fiqur görünür. Kadrların real hadisə olmadığı, açıq şəkildə simvolik performans xarakteri daşıdığı diqqət çəkir.
Musavat.com xəbər verir ki, bu tip görüntülər İran daxilində uzun illərdir istifadə olunan psixoloji-təbliğat metodunun növbəti epizodu kimi qiymətləndirilir.
Aydın məsələdir ki, bu cür aksiyalar real siyasi və ya hərbi nəticə yaratmaq üçün deyil, daxili auditoriyaya emosional mesaj ötürmək məqsədi daşıyır. Yəni beynəlxalq münasibətlər müstəvisində açıq qarşıdurma mümkün olmayanda səhnə qurulur, qələbə isə ekranda nümayiş etdirilir.
Oxşar hallar əvvəllər də yaşanıb. Azərbaycanla münasibətlərin gərgin dövründə də animasiya və səhnələşdirilmiş kadrlarla guya Bakıya hücum ssenariləri təqdim olunmuşdu. Reallıq dəyişməmiş, yalnız dekorasiya dəyişmişdi.

Bu baxımdan yayılan video faktiki hadisə deyil, siyasi teatr nümunəsi sayılır: hökm var, amma məhkəmə yoxdur; cəza var, amma nəticə yoxdur. Məqsəd isə daxili narazılığı yönləndirmək, emosional üstünlük görüntüsü yaratmaq və diqqəti real problemlərdən yayındırmaqdır.
Başqa sözlə, real siyasətdə gərginlik danışıqlar və balansla idarə olunur, ekranlarda isə sərt şüarlar və səhnələr göstərilir.
Musavat.com






