İran xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkəsi yaxın iki-üç gün ərzində Vaşinqtonla mümkün nüvə sazişinin layihəsini təqdim etməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə o, MS NOW televiziya kanalında yayımlanan "Morning Joe" proqramına müsahibəsində deyib.

"Mənim növbəti addımım ABŞ-li həmkarlarımıza mümkün sazişin layihəsini təqdim etməkdir. İnanıram ki, bu layihə yaxın iki-üç gün ərzində hazır olacaq", - Əraqçi deyib.
Nazir əlavə edib ki, plan ölkə daxilində təsdiqləndikdən sonra ABŞ-nin xüsusi elçisi Stiv Uitkoffa təqdim olunacaq. O həmçinin etiraf edib ki, ABŞ və İran nümayəndə heyətləri sazişi yekunlaşdırmaq üçün əlavə danışıqlara ehtiyac duyacaqlar.
Bu həftənin əvvəlində Cenevrədə İran və ABŞ arasında danışıqların ikinci mərhələsi keçirilib. Görüş mümkün nüvə sazişinin "əsas prinsipləri" barədə razılıqla başa çatıb. Media orqanları yazır ki, İran uranın zənginləşdirilməsində üç ilə qədər fasilə verməyə, ehtiyatlarının bir hissəsini xaricə köçürməyə razıdır və sanksiyalar qaldırılacağı təqdirdə ABŞ-la biznes sazişlərini müzakirə etməyə hazırdır. Lakin Tehran hələ də öz ərazisində zənginləşdirmə fəaliyyətini davam etdirməkdə israr edir ki, bu, Vaşinqton tərəfindən qəbuledilməz hesab olunur.
Əraqçi müsahibəsində vurğulayıb ki, hazırda danışıqların əsas mövzusu İranın nüvə proqramının, o cümlədən uranın zənginləşdirilməsinin dinc xarakter daşımasını və əbədi olaraq dinc qalmasını təmin etməkdir:
"İran bu istiqamətdə addımlar atır və bunu sübut etməyə çalışır".
Əraqçinin açıqlaması ABŞ prezidenti Donald Trampın İrana qarşı daha bir təhdidindən sonra gəlib. Bir gün əvvəl Tramp İranı nüvə sazişini təxirə salacağı təqdirdə "çox pis nəticələrlə" hədələyib, Tehrana "10-15 gün" müddət verib. O, həmçinin danışıqların yaxşı getdiyini bildirərək, İranın göstərilən müddət ərzində mənalı bir razılaşmaya çatmasını tələb edib.
Musavat.com






