İranın Ali Milli Təhlükəsizlik Şurası Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) ölkənin nüvə obyektlərinə baxış keçirməsinə razılıq verib.
Musavat.com-un məlumatına görə, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əlaəddin Burucerdi məlumat verib.
O bildirib ki, bu addım “İranın dinc nüvə fəaliyyətlərindən kənara çıxmadığını sübut etmək” məqsədi daşıyır.
“Rafael Qrossi Agentliyin baş direktoru kimi vəzifələrini yerinə yetirməyib və onun cəzalandırılması zəruri idi. Yoxlamaya icazə verməməyin əsas səbəbi Qrossinin İranın nüvə obyektlərinə edilən hücumu pisləməməsi idi. Buna baxmayaraq, İran bütün nüvə fəaliyyətlərinin hələ də dinc xarakter daşıdığını və NPT müqaviləsi çərçivəsində həyata keçirildiyini dünyaya elan etmək niyyətindədir. Nüvə danışıqlarına görə məsuliyyət Xarici İşlər Nazirliyində qalır, ancaq nüvə fəaliyyətləri ilə bağlı qərarları Ali Milli Təhlükəsizlik Şurası verir”, - Burucerdi əlavə edib. (Günaz.tv)
İran prezidenti Məsud Pezeşkian ictimai fəallarla görüşündə bildirmişdi ki, rəsmi Tehran tibb, kənd təsərrüfatı və sənayedə dinc məqsədlərlə həyata keçirilən nüvə proqramından imtina etməyəcək.
“Daha hansı dildə deyək ki, məqsədimiz nüvə silahına sahib olmaq deyil?! Çünki nüvə silahının qadağası ilə bağlı ali rəhbərin də fətvası var”, - Pezeşkian əmin edib.
İran prezidenti bildirib ki, “Nüvə silahı ilə bağlı istənilən yoxlamaya hazırıq”.
Qeyd edək ki, İran və ABŞ arasında dolayı danışıqların ikinci mərhələsi İsveçrənin Cenevrə şəhərində keçirilib. İran mediasının məlumatına görə, dolayı danışıqlar Omanın İsveçrədəki səfirliyində başa çatdıqdan sonra hər iki ölkənin danışıqlar qrupları məkanı tərk ediblər.
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.
İran prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ ilə aparılan danışıqlar ölkənin ali rəhbəri Əli Xameneinin koordinasiyası və dəstəyilə həyata keçirilir. Onun sözlərinə görə, Xamenei hökuməti bütün sahələrdə dəstəkləyir və danışıqların əsas məqsədi problemləri real şəkildə həll etməkdir. Prezident vurğulayıb ki, hökumət qarşıdurma yolu əvəzinə əməkdaşlıq və qarşılıqlı anlaşmaya üstünlük verir:
“Biz danışıqlar naminə danışmırıq. Məqsədimiz konkret nəticə əldə etmək və mövcud məsələləri həqiqətən həll etməkdir”.
İndiki situasiya, danışıqların nəticəsi nədən xəbər verir: İran bu dəfə də müharibədən yayına bildimi?

Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib ki, İran rejimi ABŞ-dən, müharibədən çəkindiyinə görə Atom Eenerjisi üzrə Beynəlxalq Agentliyin İranda nüvə obyektlərinə baxış keçirməsinə razılıq verib:
“Çünki razılıq verməsəydi, bu, bölgədə gərginliyi daha da artıracaqdı və ABŞ prezidentinin əlinə əlavə bəhanə verəcəkdi k, həqiqətən də İrana zərbə endirmək lazımdır. Üstəgəl, İran XİN başçısı Abbas Əraqçi ABŞ tərəfi ilə danışıqlarda müəyyən irəliləyişlərin əldə olunduğunu da vurğulayıb. Yəni İranın iki məsələdə sanki güzəştə hazır olduğunu da bildirib. Birincisi, İran hansısa həcmdə uranın zənginləşdirilməsini dayandırır, ikincisi, əlindəki zənginləşdirilmiş uranı üçüncü ölkələrdən birinə, məsələn, Rusiyaya təhvil verir”.
Politoloqun sözlərinə görə, bütün bunlar ona görə edilir ki, İran mühafizəkarları artıq reallığı anlayırlar:
“Bilirlər ki, ABŞ ilə müharibə, Amerikadan alacağı zərbələr İrana baha başa gələcək. Çünki ABŞ zərbə endirərsə, İranın hərbi obyektləri ilə yanaşı, ölkənin əsas gəlir mənbəyi olan neft istehsal edən mərkəzləri də hədəf alınacaq. Bu isə İran iqtisadiyyatını dağıdacaq. Ona görə də İran özünü uranın zənginləşdirilməsi məsələsində güzəştə getmiş kimi göstərməyə və Atom Eenerjisi üzrə Beynəlxalq Agentliklə anlaşmağa çalışır”.
Elxan Şahinoğlu əlavə edib ki, bunlar hələlik sadəcə şifahi vədlərdir və yerində yoxlanılmalıdır:
“Beynəlxalq Atom Enerjisi Agentliyi İranda yoxlamalar həyata keçirməlidir ki, həqiqətən də uran zənginləşdirilib, ya yox? Ötən illərdə də İran mühafizəkarları deyirdilər ki, uranı zənginləşdirmirlər, amma sonra yeraltı mərkəzlər aşkar olunurdu. Məlum oldu ki, orada gizli şəkildə uran zənginləşdirilib. Ona görə verilən vədlərə çox da inanılmayacaq, yerində yoxlama aparılmasına üstünlük veriləcək. Amma bütün hallarda Tehran vaxt udmağa çalışır ki, ölkəni müharibədən yayındıra bilsin”.
Politoloq İran prezidentinin son açıqlamalarına da toxunub:
“Məsud Pezeşkian bildirib ki, ABŞ ilə aparılan danışıqlar ölkənin ali rəhbəri Əli Xameneinin koordinasiyası və dəstəyilə həyata keçirilir. Bu o deməkdir ki, İranı danışıqlarda təmsil edən xarici işlər naziri Abbas Əraqçi ilk növbədə ali rəhbərin təlimatına istinad etməlidir. İran mühafizəkarları ABŞ-dən çəkinmədiklərini söyləsələr də, müharibə ehtimalının qarşısını almağa çalışırlar.
Təsadüfi deyil ki, Tehran uranın zənginləşdirilməsi məsələsində güzəştə getməyə hazır olduğunu nümayiş etdirib. Bundan başqa, Tehran zənginləşdirilən uranı üçüncü ölkələrdən birinə təhvil verməyə də hazırdır. Üçüncü ölkə kimi Rusiyanın adı çəkilir. Kremllə dialoqu olan ABŞ prezidenti Donald Tramp buna etiraz etməz. Ancaq məsələ bununla bitmir. Trampın İranın uranın zənginləşdirilməsindən imtinasından başqa, İrana ünvanladığı daha 2 tələbi (uzaqmənzilli ballistik raketlərdən və bölgədəki silahlı qruplara dəstəkdən imtina - red.) var idi. Bu tələblərin yerinə yetirilməsi ABŞ-nin bölgədəki strateji müttəfiqi İsrailin təhlükəsizliyinin təmin edilməsi istəyi ilə bağlıdır. Ancaq Tehran Vaşinqtonla yalnız uran mövzusunda danışıqları davam etdirməyə razılığını bildirib, digər mövzuları isə müzakirə etmək istəmir. Tehran Vaşinqtonun uranın zənginləşdirilməsiylə bağlı tələbini yerinə yetirərsə, müharibə ehtimalı ortadan qaldırılacaqmı və ABŞ hərbi gəmilərini İran sahillərindən uzaqlaşdıracaqmı? Tramp qərar verməyib”.
E.Paşasoy,
Musavat.com






