ABŞ administrasiyasında və Vaşinqtonun Yaxın Şərqdəki əsas tərəfdaşları arasında İrana mümkün hərbi zərbə məsələsi ciddi fikir ayrılığı yaradıb.
Musavat.com xəbər verir ki, "Israel Hayom" qəzetinin məlumatına görə, prezident Donald Trampın komandası daxilində, eləcə də ABŞ-nin regiondakı müttəfiqləri arasında vahid mövqe formalaşmayıb.
Mənbənin yazdığına görə, Ağ Evdə aparılan müzakirələr fonunda bəzi yüksək vəzifəli şəxslər İrana qarşı sərt addımların atılmasını dəstəkləyir, digərləri isə bunun regionu genişmiqyaslı qarşıdurmaya sürükləyə biləcəyini düşünərək ehtiyatlı mövqe tutur.
İddialara əsasən, İrana zərbələrin tərəfdarları sırasında vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetin adı çəkilir. Regionda isə İsrail və Birləşmiş Ərəb Əmirliklərinin bu mövqeyə daha yaxın olduğu bildirilir.
Bununla yanaşı, Trampın xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoffun, eləcə də Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərin İrana qarşı hərbi eskalasiyaya qarşı çıxdığı qeyd olunur. Bu ölkələr mümkün zərbənin Yaxın Şərqdə sabitliyi tamamilə poza biləcəyini hesab edir.
Qəzet vurğulayır ki, yaranmış fikir ayrılığı ABŞ-nin regional strategiyasına birbaşa təsir göstərə biləcək həssas mərhələdə üzə çıxıb və yaxın günlərdə Vaşinqtonun atacağı addımlar xüsusi diqqətlə izlənir.
Musavat.com






