İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandakı etirazların “alt” qatı – Pezeşkian “qurbanlıq” edilir?

668 05.01.2026 15:40 Gündəm A A

İranda hakimiyyətə qarşı etirazlar ikinci həftəsinə qədəm qoyub. Artıq küçə aksiyaları sosial narazılıq formatından çıxaraq, təhlükəsizlik qüvvələri ilə toqquşmalar, ölən və yaralananların olduğu gərgin mərhələyə keçib. Qonşu ölkədə baş verənlər ilk baxışda iqtisadi çətinliklər, inflyasiya, işsizlik və sosial ədalətsizliklə izah edilsə də, prosesin dərin qatlarında daha mürəkkəb siyasi hesabların dayandığı açıq görünür.

 Etirazçıların əsas şüarları gündəlik yaşamın ağırlaşmasına yönəlsə də, son günlər diqqətçəkən məqam odur ki, narazılığın ünvanı getdikcə ali dini liderlik institutu deyil, “mötədil prezident” kimi təqdim edilən Məsud Pezeşkian üzərində cəmləşir. Bu isə təsadüfi görünmür...Pezeşkianın hakimiyyətdə olduğu 1 il 7 ay ərzində İran iqtisadiyyatında struktur problemlərin aradan qalxması mümkün olmayıb. Amma obyektiv reallıq da var: bu problemlər nə Pezeşkianla başlayıb, nə də onunla bitəcək. Sanksiyalar altında boğulan iqtisadiyyat, İnqilab Keşikçilərinin (SEPAH) iqtisadi monopoliyası, korrupsiya və qapalı siyasi sistem onilliklərdir davam edən böhranın əsas səbəbləridir.

 Buna baxmayaraq, rejim üçün “günahkar” tapmaq mexanizmi həmişə işlək olub. 2009-cu ildə Məhəmməd Xatəmi, 2019–2022-ci illərdə Həsən Ruhani komandası, indi isə növbə Pezeşkiana çatmış kimi görünür.

 Prezidentin etirazların ilk günlərində söylədiyi bu sözlər diqqətçəkicidir: “Əgər insanlar narazıdırsa, bu, bizim günahımızdır. Günahkarları Amerikada və ya başqa yerdə axtarmayın. Məsuliyyət bizim üzərimizdədir”. Bu açıqlama bir tərəfdən cəmiyyətə empati mesajı kimi təqdim edilsə də, digər tərəfdən rejimin sərt qanadı üçün “təhlükəli etiraf” sayılır. Çünki İran siyasi sistemində məsuliyyət anlayışı heç vaxt real hakimiyyət mərkəzinə - ali dini liderliyə aid edilməyib. 

 

Bəs Pezeşkian niyə “uyğun hədəf”dir?

Pezeşkian nə SEPAH-ın adamıdır, nə də dini elitanın “toxunulmaz” fiqurlarındandır. O, sistem daxilində islahatçı-mötədil xətti təmsil edir və məhz bu səbəbdən rejimin dərin strukturları üçün rahat “qurbanlıq” rolunu oynaya bilər.

Parlamentin və mühafizəkar qüvvələrin nəzarətində olan mexanizmlər istənilən vaxt prezidenti zəiflətmək, səlahiyyətlərini formal hala salmaq, hətta istefaya məcbur etmək üçün istifadə oluna bilər. Bu, İran üçün yeni ssenari deyil. Əsas məqsəd isə aydındır: ictimai qəzəbi sistemdən yayındırmaq, narazılığı bir fiqurun üzərinə yönəltmək və “problemi həll etdik” görüntüsü yaratmaq.

Pezeşkianın sıradan çıxarılması sərt qanadın maraqlarına cavab verir. Çünki bu halda həm küçə etirazlarının məsuliyyəti onun üzərinə yüklənir, həm də növbəti mərhələdə daha repressiv idarəçilik üçün zəmin yaradılır.

 

Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, İran dərin iqtisadi-siyasi böhran içərisindədir. Onun sözlərinə görə, böhranın əsas səbəblərindən biri ölkənin milli gəlirinin böyük hissəsinin hərbi xərclərə və İranın Yaxın Şərqdə maraqlarına xidmət edən proksi qüvvələrə sərf edilməsidir:

“Hizbullaha, Yəməndəki üsyançı və terroçu qüvvələrə böyük vəsait xərcləyir. Molla rejimini əhalinin maddi rifahı maraqlandırmır, əksinə ölkənin milli gəlirini ürəyi itədiyi kimi xərcləyir. Xalq isə bu prosesdən kənarda qalır.

 Eyni zamanda, ölkə ciddi sanksiyalarla baş-başa qalıb. İran neftini tam sata bilmir. ABŞ və Avropanın bir çox ölkələri İran neftinin satışına qarşı sanksiya tətbiq edib. Nəticədə İran  hazırda çıxılmaz bir vəziyyətə düşüb: istehsal etdiyini sata və  ölkə daxilində istehsal müəssisələri yarada bilmir. İranda işsizliyin səviyyəsi pik həddə çatıb. Əhaliyə maddi yardımdan söhbət gedə bilməz. İran hökuməti əhalinin maaşlarını çətinliklə verir. Bu vəziyyət hər gün bir az da pisləşir”.

Politoloq bildirib ki, SEPAH generalları bunun məsuliyyətini Pezeşkianın üzərinə qoya bilərlər:

“Pezeşkianın hakimiyyətə gəlməsinin heç iki ili tamam olmayıb.  İran illərdir ki, bu böhranın içərisində çabalayır, İsraillə, ABŞ və Avropa ölkələri ilə gərginlik yaşayır. Əhalisi acından qırılan bir ölkənin siyasi rəhbərliyinin “İran hilalını Yaxın şərqdə yayayacağam” deməsi bir məna kəsb etmir. Şüarları ilə dünyanı özünə qarşı qoyan rejim əlbəttə ki, bu gedişlə ölkəni belə rəzil vəziyyətə salacaqdı. İndi isə bütün günahların Pezeşkianın üstə yıxılması gözləniləndir. Halbuki ona işlməyə imkan vermirlər. İranda iki hakimiyyət var: SEPAH və onun himayəçisi olan dini lider və Məsud Pezeşkianın formal hakimiyyəti. Təsəvvür edin ki, prezident hökumətin tərkibində dəyişiklik belə edə bilmir. Onun hökumətə nazir təyin etmək səlahiyyəti yoxdur”.

Q.Hüseynli bildirib ki, Pezeşkianın bu məsuliyyətdən kənarda qalması üçün istefası mümkündür:

“Çünki illərdir yığılıb qalan məsuliyyəti bir adamın boynuna yıxmağa çalışa bilərlər. İranda prezident simvolik vəzifəni icra edir. Əsas işləri Xamenei və SEPAH generalları görür. Lakin bu vəziyyət çox davam etməyəcək. Ölkədə rejim partlayış formasında dəyişəcək. Bundan sonra SEPAH generallarının divanı başlaycaq və ondan sonra Pezeşkianın ulduzu parlayacaq”.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR