ABŞ ordusunun İrana qarşı endirdiyi kütləvi hava zərbələri regionda hərbi gərginliyi pik həddə çatdırdığı bir vaxtda, Tehran ilə Qərb paytaxtları arasında diplomatik müharibə də yeni mərhələyə qədəm qoyub. İslam Respublikasının rəhbərliyi Böyük Britaniya hökumətinin son ittihamlarına cavab olaraq kəskin diplomatik addım atıb.
Musavat.com xəbər verir ki, Qətərin nüfuzlu "Al Jazeera" telekanalının yaydığı son dəqiqə məlumatına görə, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Tehrandakı fövqəladə və səlahiyyətli səfiri Hüqo Şorteri (Hugo Shorter) təcili olaraq nazirliyə çağırıb. Britaniyalı yüksək rütbəli diplomata rəsmi Londonun son günlər İran ünvanına səsləndirdiyi kəskin bəyanatlara və ittihamlara görə sərt etiraz notası təqdim edilib. Sözügedən sənəddə Londonun "İranın Böyük Britaniyanın daxili təhlükəsizliyinə qarşı gizli kəşfiyyat və təxribat xarakterli fəaliyyətlər həyata keçirməyə çalışması" barədə bəyanatları qəti şəkildə rədd edilib və bu iddiaların tamamilə əsassız olduğu vurğulanıb.
İran Xarici İşlər Nazirliyinin hadisədən dərhal sonra yaydığı rəsmi bəyanatda bildirilir ki, Britaniya rəsmilərinin ittihamları "Tehranın beynəlxalq hüquqa zidd hesab etdiyi addımlardan diqqəti yayındırmaq və məsuliyyətdən qaçmaq cəhdindən başqa bir şey deyil". İran tərəfi rəsmi Londonu regional böhranı qəsdən alovlandırmaqda ittiham edib. Sənəddə xüsusilə qeyd olunub ki, Böyük Britaniya hökuməti ABŞ və İsrail kəşfiyyatı ilə gizli sövdələşməyə girərək İslam Respublikasına qarşı yönəlmiş qlobal təbliğat və hərbi logistika şəbəkəsinin birbaşa iştirakçısına çevrilib. Səfir Hüqo Şorter rəsmi etirazı öz hökumətinə çatdıracağını bildirsə də, Britaniya tərəfi öz kəşfiyyat məlumatlarının doğruluğunu müdafiə etməyə davam edir.
Musavat.com






