İran rəsmisi bu həftə müharibəni dayandırmaq üçün tələblər siyahısını təqdim edərkən, Tehranın əvvəlki siyahısında yer almayan yeni bir bəndi - İranın Hörmüz boğazı üzərində suverenliyinin tanınmasını əlavə edib.
Musavat.com CNN-ə istinadən xəbər verir ki, dünyanın neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşımalarının beşdə birinin keçdiyi bu dar su yolu İslam Respublikasının ən güclü silahına çevrilib.
Tehran indi bu strateji keçidi həm illik milyardlarla dollar gəlir mənbəyinə, həm də qlobal iqtisadiyyata təzyiq rıçaqına çevirməyə çalışır. İllərdir hücum halında boğazı bağlayacağı ilə hədələyən İranın bu strategiyasının qlobal ticarət axınını pozmaqda nə dərəcədə effektiv olduğu bir çoxları üçün gözlənilməz olub.
"Bloomberg Economics"in Yaxın Şərq üzrə rəhbəri Dina Esfandiari bildirib ki, İran qlobal iqtisadiyyatı girov saxlamağın nə qədər ucuz və asan olduğunu görərək bu vəziyyətdən təəccüblənib:
"Müharibədən çıxarılan dərslərdən biri də bu yeni rıçaqın kəşf edilməsidir və Tehran gələcəkdə ondan yenidən istifadə edəcək".

ABŞ Dövlət Katibi Marko Rubio da bu təhlükədən xəbərdar olduqlarını vurğulayıb. O, İranın Hörmüzdə "rüsum sistemi" qurmaq cəhdlərinin qanunsuz və təhlükəli olduğunu qeyd edərək, dünyanın buna qarşı planı olmalı olduğunu bildirib.
Süveyş kanalı ilə rəqabət
Ekspertlər İranın bu rüsum sistemini beynəlxalq səviyyədə qəbul etdirə biləcəyinə şübhə ilə yanaşsalar da, CNN-in hesablamalarına görə, uğur qazanacağı təqdirdə gəlirlər Misirin Süveyş kanalından əldə etdiyi qazancla rəqabət apara bilər.
-
Normalda hər gün Hörmüz boğazından təxminən 20 milyon barel xam neft və neft məhsulları keçir ki, bu da təxminən 10 ədəd nəhəng xam neft daşıyıcısına bərabərdir. Hər tanker üçün bildirilən 2 milyon dollar rüsum tətbiq olunarsa, bu, təkcə neftdən gündəlik təxminən 20 milyon dollar və ya ayda 600 milyon dollar gəlir deməkdir.
Bura LNG daşımaları da əlavə olunarsa, bu rəqəm ayda 800 milyon dollardan çox ola bilər ki, bu da İranın 2024-cü ildəki aylıq neft ixracı gəlirinin təxminən 15-20%-nə bərabərdir. Müqayisə üçün, Misir dövlət tərəfindən idarə olunan Süveyş kanalından normal ildə ayda 700-800 milyon dollar qazanır, baxmayaraq ki, son bir ildə Qırmızı dənizdəki fasilələr səbəbindən gəlirlər kəskin şəkildə azalıb.

ABŞ Hərbi Dəniz Kollecinin beynəlxalq dəniz hüququ üzrə professoru Ceyms Kraska isə bildirir ki, tranzit haqlarının tutulması beynəlxalq naviqasiya qaydalarının pozulmasıdır. BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasına görə, Hörmüz beynəlxalq boğaz hesab olunur və bütün dövlətlərin oradan maneəsiz keçid hüququ var.
Buna baxmayaraq, "Lloyd’s List" gəmiçilik agentliyi artıq bəzi gəmilərin təhlükəsiz keçid üçün ödəniş etdiyini və İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təsdiqlənmiş gəmilər üçün qeydiyyat sistemi qurduğunu iddia edir. Hazırda gəmiçilik sənayesi bu qeyri-müəyyənlik fonunda faktiki olaraq iflic vəziyyətindədir.
İqbal RZAYEV,
Musavat.com






