Yaxın Şərqdə artan gərginlik fonunda İranın zərbələri Birləşmiş Ərəb Əmirliklərinin ən sabit və təhlükəsiz şəhəri kimi tanınan Dubayın imicinə ciddi zərbə vurub.
Musavat.com xəbər verir ki, Reuters agentliyinin yaydığı məlumata əsasən, İran Fars körfəzində yerləşən hava limanlarına, hərbi obyektlərə, limanlara və otellərə zərbələr endirib. Bu hücumlar müasir kimliyini regional münaqişələrdən kənarda qalmaq və qlobal biznes mərkəzi olmaq üzərində qurmuş Dubay üçün görünməmiş eskalasiya kimi qiymətləndirilir.
Məlumata görə, zərbələr nəticəsində Dubai International Airport infrastrukturuna ziyan dəyib, Jebel Ali Port ərazisində yerləşən körpüdə yanğın baş verib. Eyni zamanda Dubai Marina və Palm Jumeirah ətrafındakı yaşayış məntəqələri də hücumların təsir dairəsinə düşüb.
Zərbələr nəticəsində məşhur Fairmont The Palm və Burj Al Arab otellərində yanğınların baş verdiyi bildirilir. Bu obyektlər Dubayın qlobal turizm və lüks simvolu hesab olunur.
Hadisələrin Ramazan ayına təsadüf etməsi isə vəziyyəti daha da həssaslaşdırır. Çünki məhz bu dövrdə keçirilən korporativ iftar və sahur mərasimləri regionda biznes əlaqələrinin qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Musavat.com






