"Ermənistan hakimiyyəti İrəvanda "Qarabağ nümayəndəliyi"nin ofisinin fəaliyyətinə göz yumur. Ermənistanın baş naziri Nikol Paşinyan "Qarabağsız Ermənistan" şüarı ilə seçkiyə gedirsə, belə bir nümayəndəliyin fəaliyyəti sual doğurur".
Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq qeyd edib ki, Ermənistan və Avropa İttifaqı arasında imzalanan "Strateji Tərəfdaşlıq Gündəliyi" adlı sənəddə Qarabağ erməniləri ilə bağlı bəndlərin olması Paşinyanın sözləriylə əməlləri arasında ziddiyyət olduğunu göstərir:
"Ermənistan tərəfi seçkilərə kimi Avropa İttifaqı ilə konfrontasiyaya getməmək üçün bu sənədi imzalayıbsa, strateji səhv edib. İrəvanda özünü "Qarabağın yeni prezidenti" elan edən şəxsə qarşı cinayət işi başladılmır. Ermənistan hakimiyyətinin siyasətində ziddiyyətlər var. Ermənistan baş naziri qeyd edir ki, həm Qarabağ məsələsindən, həm də Qərbi Azərbaycan ifadəsindən yeni sənəd imzalamaqla qarşılıqlı olaraq imtina edilməsi təklifini irəli sürür. Halbuki, Qarabağdan köçən ermənilər Azərbaycanın suverenliyini qəbul etmir. Bununla bağlı İrəvanda yenidən bu kimi ritorikalar səslənir. Amma Qərbi Azərbaycandan deportasiya olunanlar Ermənistan Konstitusiyası çərçivəsində yaşamağa hazırdırlar. Fərq məhz bundadır.
Nikol Paşinyan "Qarabağ nümayəndəliyi"ni bağlamalı və separatçıların fəaliyyətini qanunla qadağan etməlidir. Çünki paraflanmış sülh mətnində separatçılıq qadağan edilir".
Xatırladaq ki, "Qarabağ nümayəndəliyi" Ermənistan Konstitusiyasında və qanunvericiliyində statusu olmayan, lakin İrəvanda fəaliyyət göstərən separatçı siyasi mərkəzdir. Bu qurum özünü Qarabağdan köçmüş ermənilərin "siyasi təmsilçisi" kimi təqdim edir. Ermənistan dövləti tərəfindən rəsmi şəkildə tanınmır, dövlət qurumları siyahısında yer almır, diplomatik, inzibati və ya beynəlxalq hüquqa əsaslanan heç bir səlahiyyəti yoxdur, faktiki olaraq ictimai-siyasi təşkilat kimi fəaliyyət göstərir. Lakin bütün bunlara baxmayaraq, İrəvanın mərkəzində ofis saxlaması və açıq siyasi fəaliyyət göstərməsi onun siyasi himayə altında olduğunu göstərir.
Xalidə Gəray
Musavat.com






