İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın Qərb siyasəti Bakını təhdid edir

652 11.02.2026 10:00 Siyasət A A

Cənubi Qafqaz uzun illər Rusiyanın təsir dairəsində olan bölgə kimi qəbul edilirdi. Hərbi bazalar, təhlükəsizlik mexanizmləri, vasitəçilik missiyaları və iqtisadi rıçaqlar Moskvanın regiondakı əsas dayaqları idi. Lakin son illər - xüsusən Ukrayna müharibəsindən sonra - bu dayaqlar ciddi şəkildə zəifləməyə başlayıb. Rusiya həm hərbi, həm siyasi, həm də iqtisadi baxımdan əvvəlki manevr imkanlarını itirir.

İrəvanın Avropa İttifaqı və NATO ilə yaxınlaşma cəhdləri daxili siyasi manevr xarakteri daşıyır. Bu xətt real təhlükəsizlik təminatı verməkdən daha çox Rusiya ilə alver predmetdir. Azərbaycan üçün risk Ermənistanın prosesləri manipulyasiya edərək sülh gündəliyini ləngitməsidir. Regionda gərginliyin artması isə ilk növbədə Ermənistanın özünə zərər verə bilər. “Newsweek” nəşri son məqaləsində qeyd edib ki, Avropa İttifaqı Qafqazı Qərblə Şərq arasında qarşıdurma meydanına çevirməyə çalışır və bu bölgənin döyüş meydanından daha faydalı körpü olmaq potensialına malik olduğunu unudur.

“İyun seçkilərində qərar Ermənistan xalqına məxsus olsa da, bir çox xarici qüvvələr nəticəyə öz xeyrinə təsir göstərməyə çalışırlar. Bu dinamika Ermənistanı (və bütün Cənubi Qafqazı) birləşdirici körpü olmaqdansa, qarşıdurma meydanına çevirməklə təhdid edir”, - deyə məqalədə qeyd olunur.

Sirr deyil ki, hərbi mərhələnin bitməsi Azərbaycanın xarici siyasətində yeni prioritetlər yaradıb. İndi əsas hədəf siyasi nəticələrin beynəlxalq müstəvidə möhkəmləndirilməsidir. Türk dünyası ilə inteqrasiya güclənsə də, Bakı Qərb və Qlobal Cənubla əlaqələri də paralel saxlayır. Bu, Azərbaycanın çoxşaxəli diplomatiyasının əsas üstünlüyüdür. Ermənistan isə ciddi dilemma qarşısında sıxılmaqdadır. Son vaxtlar Rusiya rəsmilərinin hədə dolu bəyanatları da artıb. Məsələn, ötən həftə Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan parlamentinin sədri Alen Simonyanın Moskvadakı görüşü gərgin keçib. “Lavrov Simonyana deyib ki, Ermənistan Avrasiya İqtisadi Birliyindəki üzvlüyündən faydalandığı halda Avropa Birliyinə üzvlük istəyi iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcək. Lavrov bunu yalnız iqtisadi amillərlə izah etməyib. Rusiyalı diplomatın sözlərinə görə, İrəvan Avropa standartlarını mənimsəməyi qəbul etsə, Ermənistan Avropa Birliyinin Rusiyaya qarşı sərt siyasətinə qoşulmalı olacaq.

Habelə, Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib ki, AB Rusiyaya qarşı aqressiv mövqedə olan hərbi-siyasi birliyə çevrilir və Ermənistan bunu nəzərə almalıdır. “İrəvanın AB-nin getdikcə iqtisadi blok modelindən uzaqlaşdığını anlaması vacibdir. Ermənilər hərbi-siyasi birliyə qoşulmağa hazırdırmı? Bəlkə, ermənilər də özlərinə eyni sualı verməli olacaqlar”, - o bildirib.

Overçuk qeyd edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əlaqələrin vacibliyini anlayır və onların kəsilməsi ölkə iqtisadiyyatına təsir edəcək: “Avrasiya İttifaqı Ermənistanın ən vacib iqtisadi tərəfdaşıdır və yaxın gələcəkdə də belə qalacaq. Bundan əlavə, müşahidə edirik ki, Ermənistan təkcə Rusiya ilə deyil, həm də Aİİ-nin digər üzvləri, xüsusən də Qazaxıstanla əlaqələrini fəal şəkildə inkişaf etdirir. Lakin eyni zamanda Ermənistanda, o cümlədən ölkə rəhbərliyində AB ilə yaxınlaşmaq istəyən kifayət qədər çox insan var”.

Bir sözlə, Ermənistana Rusiya ilə Qərb arasında seçim etməsi tələbi qoyulması Cənubi Qafqazda gərginlik, sülh prosesinə təhdidlər yaratmaqdadır.

Bəs bu risklər nə vəd edir? İrəvanın seçimi bölgəni qarışdıra bilərmi?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirib ki, Ermənistan Rusiyadan qopmağa cəhdlər edir və bu da ağrılı keçən bir prosesdir. Onun sözlərinə görə, bu ölkə Rusiyanın forpostu olub və Kreml İrəvana həmişə özünün təbəəsi kimi baxıb: “2018-ci ildə Ermənistanda Rusiyanın dəstəklədiyi siyasi qüvvənin hakimiyyətdən yola salınması, Soros tərəfindən himayə olunan hərəkatın qələbəsi Ermənistanı dəyişdi. Paşinyanın yürütdüyü siyasət Rusiyanın təsirlərinin hərtərəfli azaldılmasına hesablanmışdı. Lakin 6 il keçməsinə baxmayaraq, Rusiya siyasi-iqtisadi və hərbi mövcudluğunu hələ də Ermənistanda saxlamağa çalışır. Bu da Avropa İttifaqı ilə Rusiyanın Ermənistanı strateji qarşıdurma poliqonuna çevirib”.

Çingiz Qənizadə: Aprel döyüşləri tarixi Qələbəyə aparan yolun başlanğıcıdır

Çingiz Qənizadə

Onun fikrincə, Moskva ümid edir ki, Gürcüstanın təkrarı Ermənistanda olacaq: “Yəni Saakaşvili 8 il prezident oldu və bu aralıqda Tiflis Rusiyadan uzaqlaşdı. Ancaq son 13-14 ildir ki, Kremlə yaxın milyarder İvanişvili Gürcüstanı idarə edir. Ona görə Rusiyanın indi başı qarışıqdır və Kremldəkilər hesab edirlər ki, Paşinyan da Saakaşvili kimi uzunmüddətli iqtidarda qala bilməyəcək. Sadəcə, Ukraynada müharibənin qurtarmasını gözləyirlər”.

Ç.Qənizadə hesab edir ki, ancaq Rusiya bu hesablamalarında yanılır və vəziyyət fərqlidir: “Əvvəla, Qərb dərslər çıxarıb. Ona görə Ermənistan, Moldova, Ukrayna kimi ölkələrdə iqtidarları müdafiə edirlər. İkincisi, Rusiya əvvəlki gücdə deyil. Ukrayna müharibəsi onun strateji məğlubiyyətinə gətirib çıxarıb. Onun köhnə doktrina ilə Qafqaza qayıdışı mümkün görünmür. 2012-ci ildə Rusiya güclü idi, Gürcüstanda işləmişdi və seçki ilə nəticə qazana bildi. Ermənistanda isə real görünmür. Əvvəla, cəmiyyətdə bir antirust ovqatı hökm sürür. Müharibədə məğlubiyyət ermənilərin ruslardan incik düşməsinə səbəb olub. Paşinyan da KTMT əleyhinə təbliğatı gücləndirir. Eyni zamanda Moskvanın adamı olan Karapetyan layihəsi baş tutmadı, hazırda həbsdədir. Rusiyanın dəstəklədiyi keçmiş "Qarabağ klanı" və kilsə də nüfuzunu itirib. Keşişlərin və daşnakçıların həbsi, çevriliş ittihamı ilə həyata keçirilən əməliyyat yaddan çıxmayıb. Bu addımlar Rusiyanın seçkilərdə təsir rıçaqlarına zərbədir. Ancaq düşünürəm ki, Ermənistanı Avropa üçün cəlbedici edən onun Rusiyanın caynağında olmasıdır və Qərb onu Moskvanın əlindən almağa can atır. Bu da regionda gərginliyə səbəb olur. Paşinyan hakimiyyəti seçkilərdən qalib çıxmaqla sülh gündəliyini məntiqi sonluğuna çatdıracaq. Azərbaycan və Türkiyə bu prosesdə dəstəyini artırmalıdır".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR