İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Türkiyəni “İKİ NÖMRƏLİ” düşmən elan etdi

901 08.01.2026 12:24 Dünya A A

Ötən həftə ABŞ prezidenti Donald Trampın “Türkiyə və İsrail heç vaxt müharibə etməyəcək” bəyanatının əksinə olaraq, hadisələr Ankara və Qüdsün Suriya məsələsində gərgin rəqabət mərhələsinə qədəm qoyduğunu göstərir. ABŞ-ın vasitəçiliyi ilə Parisdə keçirilən İsrail–Suriya danışıqları rəsmi gündəmdə təhlükəsizlik məsələlərinə həsr olunsa da, görüşlərin əsas və ən həssas mövzularından biri İsrail ilə Türkiyə arasında Suriyada artan geosiyasi qarşıdurma olub. Diplomatik mənbələrin bildirdiyinə görə, danışıqlar zamanı Ankara faktoru faktiki olaraq prosesin gizli, lakin həlledici xəttinə çevrilib.

İsrail tərəfi Suriyanın ərazisində Türkiyəyə məxsus hərbi infrastrukturun yerləşdirilməsinə kəskin etirazını bir daha açıq şəkildə ifadə edib. Tel-Əviv Türkiyənin aviasiya bazaları, radiolokasiya və müşahidə sistemləri, eləcə də uzunmüddətli hərbi mövcudluğunu İsrailin şimal sərhədləri üçün birbaşa strateji təhlükə kimi qiymətləndirir. İsrail rəsmilərinin mövqeyinə görə, Türkiyənin Suriyada möhkəmlənməsi ölkəni faktiki olaraq Ankaranın regional dayaq məntəqəsinə çevirə və Yaxın Şərqdə qüvvələr balansını İsrailin ziyanına dəyişə bilər.

Türkiyə-İsrail: hansı daha güclü orduya malikdir?

Danışıqlarda İsrailin əsas tələblərindən biri Suriyanın Türkiyəyə hərbi baza və texniki infrastruktur üçün hüquqi zəmanət verməməsi olub. Bu tələb rəsmi sənədlərdə əksini tapmalı idi. Lakin Dəməşq bu mövzuda sərt öhdəliklər götürməkdən imtina edib. Suriya tərəfi Türkiyə ilə münasibətlərin hüquqi məhdudiyyətlər çərçivəsinə salınmasını qəbulolunmaz sayaraq, yalnız qeyri-rəsmi və şifahi razılaşmaların mümkünlüyünü istisna etməyib.

Müşahidəçilər hesab edirlər ki, bu mövqe İsrail üçün kifayət qədər etibarlı təminat sayıla bilməz. Tel-Əviv üçün əsas təhlükə təkcə Türkiyənin fiziki hərbi mövcudluğu deyil, həm də Suriyanın təhlükəsizlik baxımından Ankaradan asılı vəziyyətə düşməsidir. Ekspertlər qeyd edirlər ki, İsrail artıq Türkiyə faktorunu Suriyada İran amilindən sonra ikinci əsas strateji risk kimi dəyərləndirir. Ankara ilə Tel-Əviv arasında son illərdə münasibətlərin kəskinləşməsi fonunda Suriyada mümkün türk hərbi infrastrukturu İsrail üçün qəbuledilməz “qırmızı xətt” hesab olunur.

Yaxın Şərq ekspertləri razılaşırlar ki, regional vəziyyət bir neçə aspektdə Türkiyənin xeyrinədir və Ankara Suriyadakı maraqlarının ciddi şəkildə təsirləndiyini hesab edərsə, nəzəri cəhətdən riskə gedə bilər.

Analitiklərin fikrincə, Türkiyə ilə İsrail arasında birbaşa hərbi qarşıdurma bütün region üçün ciddi risklər yaradır. Bu, yüksək inkişaf etmiş hərbi qüvvələri olan iki dövlətdir və onların münaqişəsi təkcə Suriyada deyil, bütövlükdə Yaxın Şərqdə hərbi, iqtisadi və strateji ölçülərdə güc balansını kökündən dəyişdirə bilər. Ekspertlərin fikrincə, əsas problem odur ki, tərəflərdən hər biri digərinin güclənməsini ekzistensial təhlükə kimi qəbul edir.

Siyasi təhlilçi Elçin Alıoğlunun fikrincə, İsrailin tələbləri klassik təhlükəsizlik məntiqini çoxdan aşır: " Yüksəkliklərə nəzarət, Suriyanın cənubunun demilitarizasiyası, Cəbəl əd-Dürzə doğru “təhlükəsizlik dəhlizi”nin yaradılması müvəqqəti sabitləşmə addımları yox, dərin strateji proyeksiyanın elementləridir.

Ankaranın prizmasından bu yanaşma İsrailin danışıqlar prosesi pərdəsi altında Suriyada faktiki hərbi mövcudluğunu institusionallaşdırmaq, taktiki üstünlükləri uzunmüddətli geosiyasi mövqelərə çevirmək niyyətindən xəbər verir.
Suriyanın cənubunun demilitarizasiyası avtomatik olaraq təhlükəsizlik balansını pozur və ölkənin Türkiyənin təsir zonasındakı şimalını cənubdan daimi strateji təzyiq altında qoyur.

Türkiyənin dövlət universitetlərində təhsil 2025 - Turkiyede Tehsil Al

İkincisi, mərkəzi hakimiyyətin zəifləməsi separatçı və avtonomist meylləri, o cümlədən kürd faktorunu gücləndirir ki, bu da birbaşa Türkiyənin milli maraqlarına toxunur".

Onun bildirdiyinə görə, son on beş ildə Türkiyə öz hərbi modelini ardıcıl şəkildə transformasiya edib: " Müdafiə sektorunda daxili istehsalın payı ümumi tələbatın təxminən dörddə üçünə çatıb ki, bu da ölkəni xarici məhdudiyyətlərə və sanksiya təzyiqlərinə qarşı daha az həssas edir. Pilotsuz sistemlərin kütləvi şəkildə tətbiqi, şəbəkə əsaslı idarəetmə vasitələrinin inkişafı, donanma və quru qoşunlarının modernləşdirilməsi İsrail ordusunun malik olmadığı miqyaslana bilənlik effekti yaradıb".

Siyasi ekspert Ramiyə Məmmədova Türkiyə ilə İsrail arasında müharibəni istisna edir, sadəcə, Suriyada tərəflər arasında lokal toqquşma ehtimalını görür. Onun fikrincə, ABŞ həqiqətən də buna imkan verməz, çünki ikisi də müttəfiqidir: "Hər iki dövlətin ordusunun müasir texniki imkanları var. Belə bir savaş böyük faciələrə yol açar. Amma Türkiyə ordusu daha qüdrətlidir və İsrail ona bata bilməz. Üstəlik, bu müharibə İsrail üçün gülləni öz ayağına sıxmaq olardı. Çünki Suriya, İran, Yəmən, Hizbullah, HƏMAS üçün onu vurmağa fürsət yaranacaq. Yəni Türkiyə tək olmayacaq. Sözsüz ki, bu zaman da ABŞ İsrailə dəstək üçün müharibəyə müdaxilə edəcək. O baxımdan, bütün bunlar nəzəri ehtimallardır və Türkiyə ilə İsrail arasında müharibə olacağını gözləmirəm. Azərbaycan da təbii ki, bunda maraqlıdır. Bizə qardaş və dost ölkələrin toqquşması sərf etmir".

Emil Salamoğlu
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR