Kipr polisi "Uralkalium" şirkətinin keçmiş baş direktoru Vladislav Baumgertnerun cəsədinii sahil zonasında tapıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, cəsəd Pissouri və Avdimou kəndləri arasındakı ucqar bir sahil xəttində tapılıb. Bu ərazinin sahil xəttinin sərt olması səbəbindən gedib-gəlmək çətin hesab olunur, ona görə də axtarış qrupları ora xüsusi diqqət yetiriblər.
Polis hələlik mərhumun Vladislav Baumgertner olduğunu təsdiqləməyib. Onun şəxsiyyəti müəyyən edilir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, 56 yaşlı iş adamı sonuncu dəfə Limasoldakı evindən çıxarkən görülüb. O, qara şort və qısaqol köynək geyinibmiş. Onun telefon siqnalının da Pissouri kəndi ərazisində aşkarlandığı bildirilir.
Baumgertner 2005-ci ildən 2011-ci ilə qədər "Uralkalium"u idarə edib. 2013-cü ildə Belarusda vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə saxlanıldıqdan sonra geniş şöhrət qazanıb. Daha sonra cinayət sübutlarının olmaması səbəbindən Rusiya hakimiyyət orqanlarına təhvil verildikdən sonra sərbəst buraxılıb.
İş adamının intihar etdiyi, yoxsa sui-qəsd qurbanı olduğu hələlik məlum deyil.
Musavat.com






