İnsanlara hürriyət, millətlərə istiqlal!

“Keşiş mafiyası”na qarşı “Venesuela variantı”: Paşinyan katolikosu “oğurlayıb”, həbsə atmaq istəyir

1442 05.01.2026 18:25 Analitika A A

Paşinyan hakimiyyəti Ermənistan üçün “yeni kilsə modeli” hazırlayır, erməni kilsəsinin məhz dövlətin konkret strukturları tərəfindən idarə edilə biləcəyi qətiyyən istisna deyil... Bu baxımdan, indi Ermənistanın gələcək taleyinin məhz seçkiyə qədər yekunlaşma ehtimalı olan hakimiyyət-kilsə savaşının nəticəsinə bağlı olduğu qətiyyən şübhə doğurmir...

Ermənistanın gələcək taleyi böyük ehtimalla yaxın bir neçə ay ərzində aydınlaşmağa başlayacaq. Belə ki, Ermənistanda keçiriləcək növbəti parlament seçkilərində Kreml də bu ölkədəki Rusiyanın agentura şəbəkəsi üzərindən iştirak etməyə hazırlaşır. Rusiyanın əsas hədəfi nəyin bahasına olursa-olsun, Paşinyan hakimiyyətini dəyişməkdir. Ancaq Paşinyan hakimiyyəti Kremlə və Rusiyanın agentura şəbəkəsinə asanlıqla təslim olmaq niyyətində olmadığını gizlətmir. Xüsusilə də, rəsmi İrəvan Rusiyanın siyasi proseslərdə birbaşa iştirak edən agentira şəbəkəsinin təmsilçilərini, eləcə də, Kremlə bağlı Qarabağ klanını ciddi şəkildə zəiflətməyə nail olub. Və indi Paşinyan hakimiyyətinin əsas hədəfi məhz erməni terrorizminin ideoloji mərkəzi olan erməni kilsəsidir.

Ona görə də, böyük ehtimalla Ermənistanın gələcək taleyi məhz seçki ərəfəsində həlledici mərhələyə keçəcəyi gözlənilən Paşinyan hakimiyyəti və erməni kilsəsi arasındakı amansız savaşın yekun nəticəsindən asılı olacaq. Əslində, baş nazir Nikol Paşinyan Rusiyaya sadiq və ölkədə güclü təsirə malik erməni kilsəsi ilə savaşın asan olmayacağını anlamamış deyil. Bu səbəbdən də, o, bütün siyasi-inzibati resurslarını məhz “keşiş mafiyası”na qarşı yönəldib. Hələlik erməni kilsəsi üzərində mütləq qələbədən danışmaq bir qədər çətin olsa da, Paşinyan hakimiyyəti “keşiş mafiyası”nın zəif yerlərini artıq müəyyən edərək, ardıcıl zərbələr endirməyə başlayıb. Və xüsusilə də, “keşiş mafiyası”nın ictimai nüfuzunu sarsıdan rəsmi propaqanda indi daha ön plandadır.  

00062923c734e48fe316070f5b71c7fe.jpg (28 KB)

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan davamlı şəkildə erməni kilsəsi ilə bağlı məişət səviyyəli qalmaqalları, rəzillikləri ifşa etməklə, bu istiqamətdə müəyyən uğurlar qazanmağa da nail olub. İndisə, erməni baş nazir “keşiş mafiyası”nı Apostol Kilsəsini siyasi partiyaya çevirməkdə suçlayır. Onun fikrincə, erməni kilsələrində artıq çoxdan moizə oxunmur. Bunun əvəzinə isə keşişlər onlara göndərilən siyasi mətnlərin əhaliyə təbliğ edilməsinə məcbur olunur. Və baş nazir əmindir ki, erməni kilsəsi xalqa deyil, məhz xarici kəşfiyyat qurumlarına xidmət edir.

Təbii ki, Paşinyan hakimiyyətinin belə ifşaedici və radikal ritorikası “kilsə mafiyası” daxilində ciddi narahatlıq yaradır. Hətta erməni baş nazirin son zərbələri Apostol Kilsəsi üçün o qədər sarsıcı olub ki, yepiskoplar toplantı keçirərək, beynəlxalq təşkilatlardan dəstək istəmək barədə qərar qəbul ediblər. Onlar hesab edirlər ki, Paşinyan hakimiyyəti erməni kilsəsinin “daxili işlərinə” qarışır, müxtəlif keşişlər barədə “yalan məlumatlar” yayır və parçalanma yaratmağa çalışır. Və erməni kilsəsinin rəhbərliyi bəzi “keşiş mafiyası” təmsilçilərinin keçmiş SSRİ KQB-sinin agenti olması, onların hazırda Rusiya kəşdiyyatına işləməsi barədə iddialardan açıq-aşkar qorxuya düşüb.  

Maraqlıdır ki, Rusiyaya bağlı bəzi erməni ekspertlər “keşiş mafiyası”nı Paşinyan hakimiyyətinin ifşaedici iddialarından yayındırmağa çalışırlar. Ancaq onlar erməni kilsəsinin rəhbərliyinə daxil olan yüksəkrütbəli keşişlərin xarici kəşfiyyatın agenti olmadığını sübuta yetirməkdə çətinlik çəkirlər. Belə ki, hərbi ekspert Karen Vrtanesyan bildirib ki, SSRİ dağıldıqdan sonra Ermənistan SSR KQB-sinə aid bütün arxivlər Moskvaya aparılıb. Bu səbəbdən də Ermənistan Milli Təhlükəsizlik Xidməti KQB agentura şəbəkəsi ilə bağlı hər hansı məlumatı nə təsdiq, nə də təkzib edə bilər. Və bunu yalnız keçmiş SSRİ KQB-sinin hüquqi varisi olan Rusiya FTX-si etmək imkanındadır.

8b443fc1dece8381fcc9d5a629ee2ac9.jpg (106 KB)

Göründüyü kimi, Paşinyan hakimiyyəti və erməni kilsəsi arasında savaş artıq tədricən kulminasiya nöqtəsinə yaxınlaşır. Ona görə də, parlament seçkiləri ərəfəsində bu iki tərəfdən birinin sıradan çıxarıla biləcəyi qətiyyən istisna deyil. Paşinyan hakimiyyəti artıq anlayır ki, parlament seçkilərində qalib gəlmək üçün Rusiyanın ölkədəki agentura şəbəkəsinin əsas ideoloji istiqamətləndirmə mərkəzi olan erməni kilsəsinin sıradan çıxarılması olduqca vacibdir. Əks halda, avanqard qüvvə statusu qazana biləcək erməni kilsəsinin Kremlin birbaşa dəstəyi ilə Rusiyanın agentura şəbəkəsini hakimiyyətə gətirmək imkanları genişlənə bilər. Və bu, baş nazir Nikol Paşinyan da daxil olmaqla, indiki hakimiyyətin bir çox təmsilçilərinin “dəmir barmaqlıqlar” arxasına göndərilməsi ehtimalını artırar.

Ona görə də, baş nazir Nikol Paşinyan Erməni Apostol Kilsəsində “çevriliş” etmək üçün hüquqi yollar axtarmağa başlayıb. Son məlumatlara görə, o, erməni kilsəsində islahatlar və rəhbərlik dəyişikliyini nəzərdə tutan strateji “yol xəritəsi”ni artıq imzalayıb. Bu sənəd baş nazir Nikol Paşinyanla yanaşı, altı arxiyepiskop və dörd yepiskop tərəfindən də təsdiqlənib. Və “erməni kilsəsinin tamamilə yenilənməsi”, indikindən tamamilə fərqli hüquqi prinsiplər çərçivəsində idarə olunması məqsədi daşıyır.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan bu “yol xəritəsi” ilə hazırkı katolikosun erməni kilsəsindən uzaqlaşdırılmasını, müəyyən edilmiş prosedurla, onun müvəqqəti əvəzləyicisinin təyin edilməsini hədəfləyib. Daha sonra isə bu sənədə əsasən, Erməni Apostol Kilsəsinin yeni nizamnaməsinin təsdiqlənməsini və bütün ermənilərin katolikosunun məhz qanunla müəyyən olunmuş qaydada seçilməsini nəzərdə tutur. Halbuki, erməni kilsəsinin hazırda mövcud olan daxili nizamnaməsinə görə, katolikoslar bu vəzifədə ömürlük qalmaq hüququna malikdirlər.

dcbebbdf828f3dbb475608a3033a5472.jpg (1.50 MB)

Bütün bunlara baxmayaraq, Paşinyan hakimiyyəti erməni kilsəsini islahatlara məruz qoymaqla, xarici kəşfiyyatın müdaxilə aləti olan bu təhlükəli qurumu nəzarət altına almaqda israrlıdır. Üstəlik, baş nazir Nikol Paşinyan bu hədəfinə növbəti parlament seçkilərinə qədər çatmaq niyyətindədir. Çünki bu halda, o, həm seçkilərdə qalib gələ, həm ölkəni vətəndaş qarşıdurmasından yayındıra, həm də daha sonrakı mərhələdə Ermənistan üzərində tam nəzarəti təmin edə bilər. Və bu baxımdan, indi Ermənistanın gələcək taleyinin məhz seçkiyə qədər yekunlaşma ehtimalı olan hakimiyyət-kilsə savaşının nəticəsinə bağlı olduğu qətiyyən şübhə doğurmir.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Ermənistan üçün “yeni kilsə modeli” hazırlayır. Bu model reallaşarsa, onda, erməni kilsəsinin məhz dövlətin konkret strukturları tərəfindən idarə edilə biləcəyi qətiyyən şübhə doğurmur. Yəni, baş nazir Nikol Paşinyan erməni kilsəsini dövlətin rəsmi nəzarətində olacaq dini quruma çevirməyə çalışır. Hətta ehtimal etmək olar ki, “keşiş mafiyası” sərt müqavimət göstərərsə, Paşinyan hakimiyyəti erməni kilsəsinə qarşı ABŞ-ın reallaşdırdığı “Venesuela variantı”na əl ata bilər. Və bu halda, erməni kilsəsinə qarşı hərbi əməliyyat keçirilərək, katalikosun “dəmir barmaqlıqlar” arxasına aparıla biləcəyi də qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR