İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryan - Sarkisyan mirası: Ermənistanın strateji infrastrukturu necə Rusiyaya təslim edilib?  

533 25.12.2025 21:10 Dünya A A

Türkiyə və Azərbaycan sərhədinə qədər uzanan dəmir yolu sahələri hazırda Rusiya tərəfinin konsessiya idarəçiliyindədir.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan 25 dekabr tarixində jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, əgər Rusiya bu sahələrin vaxtında bərpası ilə bağlı çətinlik görərsə və ya problemlə üzləşərsə, Ermənistan həmin xətləri yenidən ölkənin mülkiyyətinə qaytarmağa və dövlət büdcəsi hesabına bərpa etməyə hazırdır.

Paşinyan ümidvar olduğunu bildirib ki, Rusiya tərəfi bu işləri mümkün qədər tez reallaşdıracaq.

Bəs indiki vəziyyətdə Paşinyanın Moskvaya müraciət etməsinin səbəbi nədir? Bu, açıq mesajdırmı? Rusiya bu bəyanatlara necə reaksiya verə bilər və bu, Ermənistan-Rusiya münasibətlərində əlavə gərginlik yarada bilərmi?

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb. Politoloq qeyd edib ki, Ermənistan ümumilikdə özünün bir sıra mühüm təchizat və infrastruktur vasitələrini hələ illər öncə Rusiyanın nəzarətinə verib:

“Bu proseslər əsasən Robert Köçəryan və Serj Sarkisyan dövrlərində həyata keçirilib. Faktiki olaraq həmin illərdə Rusiya Ermənistanın dəmir yolu nəqliyyatını tam şəkildə öz nəzarəti altına almışdı. Bu, təsadüfi qərar deyildi, sistemli və strateji xarakter daşıyan bir proses idi.

Hazırda isə Nikol Paşinyan hökuməti bu qurumları, xüsusilə də dəmir yolu sənayesini Rusiyanın nəzarətindən çıxarmağa çalışır. Çünki Ermənistan üçün həyati əhəmiyyət daşıyan bir çox strateji məntəqələr hələ də Rusiyanın əlində qalmaqdadır. Bunların sırasında nəqliyyat infrastrukturu, xüsusilə dəmir yolu sənayesi xüsusi yer tutur”.

Politoloq bildirib ki, Azərbaycan və Türkiyəyə qədər uzanan dəmir yolu xətlərinin Rusiyanın nəzarəti altında olması Ermənistan üçün gələcəkdə çox ciddi problemlər yarada biləcək bir məsələdir:

“Nəzərə almaq lazımdır ki, hazırda Ermənistan hökuməti Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərinin normallaşacağı, ölkələr arasında ticarət əlaqələrinin bərpa olunacağı gözlənilir.

Belə bir vəziyyətdə isə dəmir yolu sənayesinin Rusiyanın nəzarəti altında qalması Ermənistanın ilk növbədə milli təhlükəsizliyinə ziddir. Bu, eyni zamanda ölkənin iqtisadi müstəqilliyini və dövlət suverenliyini ciddi şəkildə təhdid edən faktordur. Ermənistan hökuməti anlamalıdır ki, nəqliyyat infrastrukturu, xüsusilə dəmir yolu sahəsi strateji əhəmiyyət daşıyır və bu sahə üzərində nəzarət mütləq şəkildə dövlətin öz əlində olmalıdır.

Ehtimal etmək olar ki, Nikol Paşinyan bu məsələni artıq Rusiya rəhbərliyi ilə müzakirə edib və problemin həlli istiqamətində müəyyən addımlar atılacaq. Çox güman ki, bu məsələ Rusiya - Ermənistan münasibətlərində ciddi gərginliyə səbəb olmayacaq. Çünki Paşinyan hökuməti hazırkı mərhələdə Rusiya ilə açıq qarşıdurmaya getmək niyyətində deyil. Əksinə, rəsmi İrəvan bu məsələni daha loyal, diplomatik yollarla həll etməyə çalışacaq və iki ölkə arasında münasibətlərin pozulmaması üçün balanslı siyasət yürüdəcək.

Artıq Paşinyan hökuməti də başa düşür ki, dəmir yolu sahəsi ümumilikdə nəqliyyat sektoru kimi strateji əhəmiyyət daşıyır. Bu sahənin Rusiyanın nəzarətində qalması Ermənistanın iqtisadi müstəqilliyinə, ümumilikdə isə dövlət suverenliyinə ciddi təhlükə yaradır. Vaxtilə bu sahəni faktiki olaraq Rusiyanın ixtiyarına verən Köçəryan və Sarkisyan kimi siyasi fiqurlar ölkənin ən strateji məntəqələrini xarici dövlətə təhvil vermiş oldular.

İndi isə Paşinyan hökuməti bu səhvləri aradan qaldırmaq və dəmir yolu sənayesini Rusiyanın nəzarətindən çıxarmaq üçün zəruri addımlar atmalıdır”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR