Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Azərbaycana dil uzadandan sonra Ermənistanla bağlı da qəzəbli açıqlama verib.
Musavat.com-un məlumatına görə, o, ABŞ-nin vitse-prezidenti Ceyms Vensin İrəvana səfəri zamanı əldə olunan razılaşmaları Rusiyaya qarşı təhlükə kimi xarakteriza edib. Zatulinin iddiasına görə, ABŞ bu siyasəti ilə Rusiyanın təsir dairəsində, yəni Ermənistanda yerləşməyə, Moskvanın təsir rıçaqlarını əlindən almağa cəhd göstərir. K.Zatulin açıq şəkildə bildirib ki, Ermənistanla ABŞ arasında mülki nüvə enerjisi sahəsində və 9 milyard dollarlıq ABŞ investisiyasını əhatə edən saziş regionda Rusiyanın maraqlarına və təsirinə hücumdur.
Rusiyalı deputat deyib ki, Ermənistanı elektrik enerjisi ilə təmin edən “Metsamor” AES Rusiya qazı ilə işləyir və bir neçə illik fasilədən sonra məhz Moskvanın sayəsində təmir edilərək yenidən istismara verilib.
Duma üzvü “Rosatom”un Ermənistanda mövcudluğunu xatırladıb. Kremlin danışan dillərindən olan Zatulinin açıqlamaları nədən xəbər verir? ABŞ-Ermənistan anlaşmalarını Rusiya təhlükəsi gözləyirmi?
Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib ki, Rusiyadakı siyasi və ekspert dairələri ABŞ vitse-prezidenti Ceyms Vensin Cənubi Qafqaza səfərindən narahat olublar: “Bu mənada Ermənistanın radikal müxalifəti və bu dairələrə bağlı eskpertlər Moskvadan aldıqları tapşırıq əsasında ABŞ vitse-prezidenti Ceyms Vensin Ermənistana səfərini və İrəvanda imzalanan sazişlərin əhəmiyyətini azatlmağa çalışırlar. Birincisi, Vens İrəvanda “soyqırım abidəsi”ni ziyarəti ilə bağlı paylaşımını sildiyinə görə tənqid olunub. İkincisi, ABŞ-nin Ermənistanın nüvə enerjisi sektorunun inkişafına 9 milyard dollar sərmayə qoyayacağı şübhə altına alınıb. Aydındır ki, Vensin baş nazir Nikol Paşinyanla imzaladığı bu saziş Ermənistanın Rusiyadan enerji asılılığını azaltmaq məqsədi daşıyır. Ancaq Paşinyana müxalif olanların fikrincə, ABŞ layihəsinin reallaşacağı sual altındadır. Çünki, radikallar hesab edirlər ki, ABŞ-ın başqa ölkələrdə modul tipli atom elektrik stansiyaları inşa etmək təcrübəsi yoxdur və bu modulların istismarı baha başa gəlir”. Politoloqun sözlərinə görə, radikalları o da qəzəbləndirib ki, Rusiya və Çin Ermənistanda daha ucuz qiymətə modul tipli atom elektrik stansiyalarının inşası təklifini verərkən, Nikol Paşinyan cəmiyyətlə məsləhətləşmədən daha bahalı Amerika varitantını seçib: “Radikallar ABŞ-ın Ermənistana satacağı 6 milyon dəyərindəki dronların faydasız olduğunu da iddia ediblər. Çünki, həmin dronlar hücum deyil, kəşfiyyat xarakterlidir”.
E.Şahinoğlu əlavə edib ki, erməni radikalların və onlarla əlaqəli ekspertlərin canfəşanlığı aydındır: “Vensin İrəvana səfəri və Ermənistana dəstəyi parlament seçkiləri öncəsi Nikol Paşinyanın mövqelərini gücləndirir. Bunu amerikalı rəsmilər heç gizlətmirlər də. Paşinyan ölkəsinin Rusiyanın asılılığından qurtulması üçün çalışır. Ona görə də İrəvan Rusiyanın “Rosatom” şirkətinin modul tipli atom elektrik stansiyasının inşası təklfinə deyil, ABŞ-nin eyni təklifinə üstünlük verib. ABŞ-nin Ermənistanda inşa edəcəyi modul tipli atom elektrik stansiyaları Rusiyanın idarə etdiyi “Metsamor” AES-ı tədricən əvəz edəcək. O ki qaldı ABŞ-nin Ermənistana satacağı kəşfiyyat karakterli pilotsuz uçuş aparatlarına, qonşu ölkə Azərbaycanla sülh quruculuğu prosesini davam etdirdiyinə görə İrəvanın hücum dronlarına ehtiyacı olmamalıdır”.
E.Paşasoy,
Musavat.com






