Ermənistanda 7 iyun parlament seçkiləri yaxınlaşdıqca qarşı duran əsas tərəflər arasında əsəb müharibəsi də sərtləşir. Məlumatlara görə, Rusiyayönlü qüvvələr hakim partiyaya qarşı nəzəri olaraq, üç müxalif blokda seçkilərə gedə bilər.
Musavat.com bildirir ki, bunlar – Köçəryan-Sərkisyan bloku, ev dustaqlığında olan rusiyalı oliqarx Samvel Karapetyanın az öncə yaratdığı hərəkat və “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyanın qurmağa başladığı blokdur. Ehtimallara görə, Kremlin dinc ssenarisi belədir ki, hazırda ən geniş koalisiya mümkün olmasa da, yekunda birləşib baş nazirliyə vahid namizədin irəli sürülməsi reallaşa bilər.
“Ermənistanın müxalif siyasi qüvvələrinin Azərbaycanla sülh sazişini pozmaq gücü yoxdur”. Bunu erməni politoloq Harutyun Mkrtçyan deyib.
Mkrtçyan əlavə edib ki, iyunun 7-də keçiriləcək parlament seçkilərində növbəti dəfə hakim “Vətəndaş Müqaviləsi” qalib gələcək: “Göyə də çıxsanız, yerə də düşsəniz, xalq yenə ölkəyə sülh gətirən “Vətəndaş Müqaviləsi”ni seçəcək”.
Mkrtçyan haqlıdırmı? Seçici elektoratı Rusiyanın planlarını poza biləcəkmi?

Politoloq Züriyə Qarayeva Musavat.com-a deyib ki, parlament seçkiləri ərəfəsində siyasi mübarizə təkcə daxili rəqabət çərçivəsində deyil, həm də geosiyasi təsir xətti üzrə gedir: “Rusiyayönümlü qüvvələrin üç ayrı blok şəklində toparlanması Kremlin “parçala, sonra birləşdir” taktikasına bənzəyir. Məqsəd ilkin mərhələdə elektoratı səfərbər etmək, son mərhələdə isə vahid namizəd ətrafında konsolidasiya yaradaraq icra hakimiyyətinə real alternativ formalaşdırmaqdır. Lakin Ermənistan cəmiyyətinin son illərdə keçdiyi transformasiya, xüsusilə 2020-ci ildən sonra təhlükəsizlik və sülh gündəminin prioritetə çevrilməsi bu planların avtomatik uğur qazanacağını deməyə əsas vermir. Cəmiyyət revanş ritorikasından daha çox sabitlik və iqtisadi nəfəs axtarır”.
Onun fikrincə, Mkrtçyanın iddiası müəyyən mənada rasional görünür: “Hazırkı müxalif düşərgənin nə parlament çoxluğu, nə də küçə legitimliyi səviyyəsində Azərbaycanla mümkün sülh prosesini tam bloklamaq gücü yetərlidir. Ermənistanın regional reallıqları dəyişib və bu dəyişiklik təkcə siyasi elitada deyil, seçici davranışında da özünü göstərir. Bununla belə, seçkinin nəticəsi yalnız geosiyasi seçimlə deyil, sosial-iqtisadi narazılıq, idarəçilik keyfiyyəti və təhlükəsizlik hissi ilə müəyyən olunacaq”.
Cavanşir ABBASLI
Musavat.com






