İnsanlara hürriyət, millətlərə istiqlal!

KRİTİK SİQNAL: Problemli kreditlər artır - Ekspert çıxış yolundan danışdı

696 25.05.2026 19:27 İqtisadiyyat A A

Azərbaycanda problemli kreditlərin həcmi artmaqda davam edir. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu il mayın 1-nə vaxtı keçmiş kreditlərin məbləği 614,2 milyon manata çatıb. Bu göstərici aprelin 1-i ilə müqayisədə 0,9 faiz az olsa da, ilin əvvəli ilə müqayisədə 17,1 faiz, son bir ildə isə 22,2 faiz artım deməkdir.

Hazırda problemli kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9 faiz təşkil edir. Ekspertlər hesab edirlər ki, artım həm əhalinin gəlirlərindəki qeyri-sabitlik, həm yüksək faiz yükü, həm də biznes subyektlərinin maliyyə çətinlikləri ilə bağlıdır.

Problemli kreditlərin son bir ildə 22 faizdən çox artmasının səbəbləri nədir və vəziyyətdən çıxış yolları hansılardır?

Akif Nəsirli: “Azərbaycan üçün əsas məsələlərdən biri yalnız xammal ixracını artırmaq deyil...”

Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadçı Akif Nəsirli mövzu ilə bağlı suallarımızı Musavat.com-a cavablandırıb: “Bir neçə səbəb var. Birincisi, manatın alıcılıq qabiliyyətinin azalması və inflyasiya fonunda əhalinin real gəlirlərinin düşməsidir. Bu da borc ödəmə gücünü zəiflədib. İkincisi, istehlak kreditləşməsinin sürətli genişlənməsi zamanı bəzi banklar kredit qiymətləndirməsini kifayət qədər sərt aparmayıb, nəticədə ödəmə qabiliyyəti aşağı olan borcalanlara da kredit verilib. Üçüncüsü, sahibkarlıq sektorunda, xüsusilə kiçik və orta biznesdə dövriyə problemləri yaşanır, bu da hüquqi şəxslərin kredit öhdəliklərini yerinə yetirməsini çətinləşdirir”.

Çıxış yollarına gəldikdə isə iqtisadçı bir neçə istiqaməti sadalayıb: “Banklar kredit skordinq (qiymətləndirmə) sistemlərini gücləndirib daha diqqətli qiymətləndirmə aparmalıdır. Yenidənqurma mexanizmləri, yəni, problemli borcalanlarla ödəniş cədvəlinin yenidən razılaşdırılması həm bankı, həm də müştərini qoruyur. Mərkəzi Bankın prudensial (pul ehtiyatı tələbi) tənzimləməni sərtləşdirməsi, ehtiyat tələblərini artırması sistemi daha dayanıqlı edər. Əhalinin maliyyə savadlılığının artırılması isə uzunmüddətli həll yoludur, çünki insanlar öz ödəmə gücünü düzgün qiymətləndirməyi öyrənməlidir. Ümumiyyətlə, 1,9 faizlik xüsusi çəki hələ kritik hədd sayılmır, lakin ildə 22 faizlik artım tempi davam edərsə, bu göstərici tezliklə diqqət tələb edən səviyyəyə çata bilər”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR