Artıq bir müddətdir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun nüfuzunun azaldığı və onun yerinə Dmitri Peskovun gətiriləcəyi barədə məlumatlar yayılır.
Bu məlumatların yayılması əsassız deyil - Lavrovun ictimai çıxışlarının və mühüm tədbirlərdə iştirakının azalması diqqət çəkir. Belə ki, o, Rusiya Təhlükəsizlik Şurasının bir toplantısında iştirak etməyib. Həmin iclasda Putin nüvə sınaqlarının bərpası ilə bağlı göstərişlər verib - bu, Lavrovun adətən iştirak etdiyi toplantılardan biri idi. Eləcə də G20 və digər beynəlxalq sammitlərdə Rusiyanı artıq Sergey Lavrov yox, daha aşağı səviyyəli rəsmilər təmsil edib.
Bu hallar mediada Lavrovun nüfuzunun zəifləməsi və ya Kremlin içərisində mövqeyinin dəyişməsi barədə spekulyasiyaların yaranmasına səbəb olub.
Onu da xatırladaq ki, Kremlin keçmiş spiker-yazarı Abbas Qallyamov iddia edib ki, Peskov potensial olaraq Lavrovun yerinə Xarici İşlər Nazirliyinə gətirilə bilər - əgər Putin Qərblə münasibətləri yumşaltmaq kursuna keçərsə.
Bəs Lavrovun yerinə Peskovun gətiriləcəyi iddiası nə qədər real ola bilər?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb.

Politoloq qeyd edib ki, Dmitri Peskov Kremldə kifayət qədər nüfuzlu və çəkisi olan fiqurlardan biridir. Bu baxımdan onun Lavrovun yerinə gətirilməsi ehtimalı böyükdür:
“O, Rusiya Prezident Administrasiyası rəhbərinin müavinidir və eyni zamanda Kremlin mətbuat xidmətinə rəhbərlik edir. Bu isə o deməkdir ki, Peskov birbaşa Vladimir Putinin ən yaxın ətrafına daxil olan şəxslərdəndir. Məhz bu amil onun Rusiya Xarici İşlər Nazirliyinə rəhbər gətirilməsi ehtimalını kifayət qədər güclü edir.
Üstəlik, Peskovun fəaliyyəti yalnız mətbuatla və ictimai açıqlamalarla məhdudlaşmayıb. Onun əvvəlki dövrlərdə diplomatik fəaliyyəti olub, müxtəlif beynəlxalq proseslərdə diplomat kimi iştirak edib. Bundan başqa, Peskov Putinin ən məxfi danışıqlarında, qapalı görüşlərində və strateji qərarların müzakirə edildiyi proseslərdə aktiv şəkildə iştirak edən fiqurdur.
Şübhəsiz ki, bu faktorlar onu Rusiya prezidenti üçün son dərəcə etibarlı kadr statusuna gətirib çıxarır. Belə bir şəxsin Sergey Lavrovun yerinə gətirilməsi ehtimalı kifayət qədər real və güclü görünür.
Təbii ki, Lavrovun mümkün gedişi fonunda yalnız Peskovun adı çəkilmir. Digər namizədlər də mövcuddur. Məsələn, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin adı zaman-zaman bu kontekstdə hallanır. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin bir neçə müavininin də Lavrovun mümkün varisi kimi gündəmə gətirildiyi müşahidə olunur. Lakin bütün bu ehtimallar fonunda Dmitri Peskov həm Narışkindən, həm də xarici işlər nazirinin müavinlərindən bu vəzifə üçün daha güclü namizəd təsiri bağışlayır”.
Politoloqun fikrincə, əgər Peskov XİN rəhbəri təyin olunarsa, Rusiyanın xarici siyasətində köklü və kəskin dəyişikliklərin baş verəcəyi gözlənilmir:
“Çünki Rusiya xarici siyasətinin əsas xətti fərdi nazirlərlə deyil, birbaşa Kreml tərəfindən müəyyənləşdirilir. Bununla belə, Lavrov dövründə formalaşmış siyasi-diplomatik xəttin ciddi şəkildə qorunacağı və davam etdiriləcəyi ehtimalı yüksəkdir. Bu da təsadüfi deyil. Çünki Peskov və Lavrov eyni siyasi-dövlətçi qrupun, yəni Rusiyanın köhnə KQB elitasından formalaşmış məmurlar komandasının nümayəndələridirlər.
Bu tip fiqurların Rusiya diplomatiyasında aktiv şəkildə təmsil olunması, təbii ki, ölkənin xarici siyasətində təhlükəsizlik prioritetlərinin daha da güclənməsinə, sərtlik və konfrontasiya xəttinin qorunub saxlanmasına səbəb olacaq. Başqa sözlə, hazırkı kursun davam etdirilməsi əsas ssenari kimi görünür.
Görünür, əgər Dmitri Peskov xarici işlər naziri vəzifəsinə gətirilərsə, rəsmi Moskva Qərblə münasibətləri sərt və gərgin çərçivədə saxlamaqda maraqlı olacaq.
Bununla yanaşı, Sergey Narışkin Peskovla müqayisədə Qərblə müəyyən qədər daha mülayim təmaslara malik fiqur kimi görünür. Xüsusilə Ukrayna müharibəsi ilə bağlı bəzi çıxışlarında və diplomatik mesajlarında bu fərqi müşahidə etmək mümkündür. Lakin Peskov kifayət qədər ziddiyyətli, sərt və Kreml xəttinə tam sadiq fiqurdur. Məhz buna görə də indiki geosiyasi vəziyyətdə onun şansları digər namizədlərlə müqayisədə daha üstün görünür.
Bununla belə, Sergey Narışkinin də bu prosesdəki rolunu və potensial şanslarını tamamilə gözardı etmək olmaz. Kremlin son qərarı isə hər zamankı kimi, yalnız siyasi zərurətlər və təhlükəsizlik prioritetləri əsasında veriləcək”.
Xalidə Gəray
Musavat.com






