2026-cı il yanvarın 1-dən Moskva Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) sədrliyin icrasına başlayıb. Bununla əlaqədar Rusiya xarici işlər naziri Sergey Lavrov müraciət edərək Rusiyanın sədrliyinin əsas prioritetlərini açıqlayıb.
XİN rəhbərinin sözlərinə görə, Rusiya sədrliyi “Çoxqütblü dünyada kollektiv təhlükəsizlik: vahid məqsəd, ümumi məsuliyyət” şüarı altında həyata keçiriləcək. O qeyd edib ki, KTMT çərçivəsində iştirakçı dövlətlər beynəlxalq təhlükəsizliyin təmin olunmasına dair ümumi yanaşmaların müdafiəsi üçün səylərini birləşdirəcəklər.
Lavrov vurğulayıb ki, KTMT-nin fəaliyyəti dövlətlərin dinc yanaşı yaşaması prinsiplərinə, münaqişələrin siyasi-diplomatik yolla həllinə üstünlük verilməsinə, BMT-nin aparıcı rolu ilə beynəlxalq hüquq normalarına riayət olunmasına əsaslanır. Bu baza üzərində Rusiya tərəfdaşlara qarşılıqlı faydalı əməkdaşlıq qurmağı və Avrasiya məkanında bərabər və bölünməz təhlükəsizlik arxitekturasının formalaşdırılmasında birgə iştirak etməyi təklif edir. KTMT isə bu sistemin mümkün dayaqlarından biri kimi nəzərdən keçirilir.
Rusiya XİN başçısı bildirib ki, KTMT üçüncü ölkələrə qarşı yönəlməyən və aqressiv xarakter daşımayan, müttəfiq dövlətlərin nüfuzlu birliyi kimi formalaşıb. Təşkilatda bütün qərarlar konsensus əsasında, maraqlar balansı, qarşılıqlı hörmət, mehriban qonşuluq və qarşılıqlı yardım prinsipləri nəzərə alınmaqla qəbul olunur.
Lavrovun sözlərinə görə, Rusiya əməkdaşlığın əsas istiqamətlərinin inkişafında varisliyi qorumağı və Qırğızıstanın sədrliyi dövründə irəli sürülmüş təşəbbüslərin icrasını davam etdirməyi planlaşdırır. Davam edən geosiyasi gərginlik şəraitində Moskva KTMT üzvü olan dövlətlərin daha da konsolidasiyasını, müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsini və aktual beynəlxalq məsələlər üzrə koordinasiyanın dərinləşdirilməsini qarşıya məqsəd qoyur.
Rusiya sədrliyi dövründə əsas diqqət KTMT-nin məsuliyyət zonasında sülh və sabitliyin qorunmasına, eləcə də iştirakçı dövlətlərin təhlükəsiz inkişafı və dayanıqlı rifahı üçün şəraitin yaradılmasına yönəldiləcək. Lavrov qeyd edib ki, Rusiya KTMT məkanında sabitliyin pozulmasına və “xaosun” yaranmasına yol vermək niyyətində deyil.
Ayrı bir prioritet kimi KTMT-nin güc komponentinin inkişafı müəyyənləşdirilib. Xüsusilə, Kollektiv Qüvvələrin döyüş potensialının artırılması, müasir silahlı münaqişələrin təcrübəsi nəzərə alınmaqla onların müasir və uyğun silah-texnika ilə təchiz edilməsi planlaşdırılır.
Bundan başqa, Rusiya beynəlxalq terrorizm və ekstremizmə, narkotik və silahların qanunsuz dövriyyəsinə, transmilli mütəşəkkil cinayətkarlığa, terrorçuluğun maliyyələşdirilməsinə və qeyri-qanuni miqrasiyaya qarşı birgə mübarizə mexanizmlərini genişləndirməyi planlaşdırır.
Rusiya XİN başçısı KTMT üzrə tərəfdaşların dəstəyinə əminliyini ifadə edib və 2026-cı il ərzində sıx və səmərəli əməkdaşlığa hazır olduğunu bildirib. O vurğulayıb ki, birgə səylər nəticəsində KTMT çərçivəsində əməkdaşlıq keyfiyyətcə yeni səviyyəyə yüksələ bilər.
Rusiya KTMT-yə daxil olan ölkələrin “patronu” kimi çıxış edir. Lakin əsas sual açıq qalır: Ermənistanın təşkilata qaytarılması məsələsi necə həll olunacaq?
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Musavat.com-a açıqlamasında bildirib ki, KTMT-yə sədrliyin Rusiyaya keçməsi ilə bağlı Sergey Lavrovun bəyanatı hərbi birlikdən daha çox humanitar təşkilatın mövqeyini xatırladır. Onun fikrincə, bu açıqlamalar təşkilatın real imkanlarını əks etdirmir.
Mustafayev qeyd edib ki, dünyada hazırda iki əsas hərbi birlik mövcuddur: NATO və faktiki olaraq yalnız adı qalan KTMT. Bu təşkilatın NATO-ya real rəqib olacağına əvvəldən inanan olmayıb. KTMT-nin əsas üzvü və donoru Rusiyadır, lakin üzv dövlətlərin zəruri halda Rusiyanın hərbi siyasətini dəstəkləməyəcəyi də məlumdur.
Ekspert əlavə edib ki, Rusiyanın Ukrayna ilə müharibəni hələ də “xüsusi hərbi əməliyyat” adlandırmasının səbəblərindən biri də KTMT daxilində vahid strateji xəttin olmamasıdır. Çünki müharibə elan edilsəydi, Rusiyaya edilən hər hansı hücum bütün KTMT-yə hücum kimi qiymətləndirilməli idi.
Onun qənaətincə, yaxın dövrdə KTMT-də ciddi dəyişikliklər gözlənilmir və Ermənistan Rusiyanın sədrliyi dövründə təşkilatdan çıxmaqla bağlı qərar verməyəcək. Gələcəkdə isə bu qərar Rusiyanın regional və qlobal təsir imkanlarından asılı olacaq. Hazırkı reallıqlarda Ermənistanın son illərdə apardığı siyasəti davam etdirəcəyi ehtimal olunur.
Cavanşir Abbaslı
Musavat.com






