Rusiya xarici işlər naziri Sergey Lavrov RT telekanalına verdiyi müsahibədə Avropa dövlətlərinin rəhbərləri ilə Rusiya arasında gizlin diplomatik əlaqələrin mövcudluğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, Lavrov bəzi Avropa liderlərinin Moskva ilə mütəmadi olaraq "gizli və qeyri-rəsmi" şəkildə əlaqə saxladıqlarını bildirib. Nazirin sözlərinə görə, bu təmasların gizli saxlanılması məhz qarşı tərəfin xahişidir:
"Gizlətməyəcəm, bəzi Avropa liderləri ilə təmaslarımız var. Onlar zəng edir və bu söhbətlərin elan olunmamasını xahiş edirlər. Hətta bəziləri bura (Moskvaya) gəlir və gizli şəkildə görüşlər keçirirlər".
Buna baxmayaraq, Lavrov qeyd edib ki, həmin liderlərin qapalı qapılar arxasında dedikləri fikirlər onların rəsmi bəyanatlarından ciddi şəkildə fərqlənmir.
O bildirib ki, məxfi söhbətlərdə də eyni çağırışlar səslənir: "Gəlin müharibəni bitirək, nəsə etmək lazımdır".
Nazir həmçinin əlavə edib ki, bu gizli təmaslara rəğmən, Avropa bütövlükdə Rusiyaya münasibətdə "kompromissiz mövqe" tutmaqda davam edir. Lavrovun fikrincə, Qərb dövlətlərinin əsas məqsədi hələ də Rusiyanın "strateji məğlubiyyətinə" nail olmaqdır və bu ritorika diplomatik həll yollarının tapılmasını çətinləşdirir.
Musavat.com






