İnsanlara hürriyət, millətlərə istiqlal!

Lift faciəsi yaşanan "Tamstore"da araşdırma – FHN-in icazəsi olmadan necə işləyib? – REPORTAJ, FOTO

1576 07.07.2026 14:42 Reportaj A A

Bakının Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "Minimol" ticarət mərkəzində fəaliyyət göstərən "Tamstore" mağazasında baş vermiş ağır lift qəzası təkcə bir işçinin faciəsi deyil, həm də təhlükəsizlik qaydalarının necə təmin olunduğu ilə bağlı ciddi suallar yaradıb.

Hadisə zamanı mağazanın meyvə şöbəsində çalışan, 1990-cı il təvəllüdlü Tural Yaşar oğlu Kərimov iş başında olarkən yük liftinə minib. İddialara görə, meyvə tərəzisini 3-cü mərtəbədən 1-ci mərtəbəyə endirmək istəyən işçi liftin trosunun qırılması nəticəsində kabinə ilə birlikdə böyük sürətlə aşağı çırpılıb və ağır bədən xəsarətləri alıb. Hadisənin təfərrüatları barədə daha əvvəl Musavat.com-da dərc olunan araşdırmada məlumat vermişdik.

Bəs indi həmin ticarət mərkəzində vəziyyət necədir? Qəzanın baş verdiyi liftin aqibəti necə olub? Hər gün bu mərkəzə gələn insanlar üçün hər hansı risk qalırmı?

Bu suallara cavab tapmaq üçün Musavat.com-un əməkdaşı olaraq hadisə yerinə baş çəkdik.

İlk baxışdan hər şey adi görünür. Alıcılar mağazada alış-veriş edir, liftlər işləyir, ticarət mərkəzində gündəlik həyat öz axarı ilə davam edir. Müştərilərin istifadə etdiyi liftlər fasiləsiz hərəkətdədir və onlarla insan gün ərzində həmin liftlərdən istifadə edir. Lakin mağaza əməkdaşları bildirirlər ki, faciə alıcı liftində deyil, yalnız personalın istifadə etdiyi yük liftində baş verib.

Satıcılardan biri ilə danşırıq: “O, yük liftidir. Ora adam minməməli idi. Neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq, yenə də minib. Bunun müştərilərin istifadə etdiyi liftlə heç bir əlaqəsi yoxdur. İşçilərin ayrıca giriş hissəsi və ayrıca lifti var. Hadisə də orada baş verib”.

“Əgər lift nasaz idisə, niyə bağlanmamışdı” sualımıza isə əməkdaş bir daha vurğulayır ki, söhbət ümumi istifadə liftindən getmir və əlavə edir ki, hadisədən sonra həmin lift artıq işlədilmir. Söhbət əsnasında o, xəsarət alan həmkarının vəziyyəti ilə maraqlandığını da bildirir: “Dedilər ki, indi vəziyyəti yaxşıdır”.

Qəzanın baş verdiyi yük liftini görmək istəsək də, buna imkan verilmir. "Depodadır. Ora sizi buraxmazlar, yalnız personal keçə bilir", - deyən digər əməkdaş əlavə sualları cavablandırmadan uzaqlaşır.

Ancaq hadisənin ən diqqətçəkən tərəfi sonradan üzə çıxan faktlardır.

Musavat.com-un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki,  Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 233 ünvanında yerləşən “Tamstore” supermarketində lift trosunun qırılaraq zirzəmiyə düşməsi nəticəsində bir nəfərin xəsarət alması ilə bağlı vətəndaşın 7 iyun 2026-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə ünvanladığı müraciətə Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən baxılıb:

“Müraciətlə əlaqədar olaraq, Agentliyin əməkdaşları sözügedən qurğuya baxış keçiriblər. Araşdırma zamanı müəyyən edilib ki, qaldırıcı qurğunun qanunvericiliklə tələb olunan heç bir texniki sənədi mövcud deyil, quraşdırılması və istismarı barədə Agentliyə müraciət edilməyib. Bu səbəbdən həmin qurğunun istismarına Agentlik tərəfindən icazə verilməyib. Obyekt rəhbərliyindən texniki sənədlərin Agentliyə təqdim edilməsi, qaldırıcı qurğunun istismarına qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icazənin alınması və görülmüş tədbirlərin nəticəsi barədə yazılı məlumat verilməsi tələb edilib. Eyni zamanda, texniki sənədlər təqdim edilənədək qurğunun istismarı zamanı baş verə biləcək hadisələrə görə məsuliyyətin obyekt rəhbərinin üzərində olduğu diqqətə çatdırılıb”.

Bununla yanaşı, zərərçəkənin yaxınlarının səsləndirdiyi iddialar da az deyil. Onların sözlərinə görə, qəzanın baş verməsindən bir aya yaxın vaxt keçməsinə baxmayaraq, nə "Tamstore" mağazalar şəbəkəsi, nə də ticarət mərkəzinin rəhbərliyi Tural Kərimovun vəziyyəti ilə maraqlanıb, müalicə xərclərinə isə heç bir dəstək göstərməyib. Hazırda ağır vəziyyətdə olan Tural Kərimovun müalicəsi ailəsinin imkanları hesabına davam etdirilir. Həkimlərin rəyinə əsasən, onun ən azı səkkiz ay ərzində ayağa qalxması və fiziki əmək fəaliyyəti ilə məşğul olması mümkün olmayacaq.

Yaxınlarının daha bir iddiası isə xüsusilə diqqət çəkir. Onların sözlərinə görə, "Tamstore" rəhbərliyi məsuliyyətdən yayınmaq məqsədilə işçini qəza baş verməzdən cəmi bir-iki gün əvvəlki tarixlə rəsmən işdən çıxarıb. Hazırda faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Bəs belə hadisələrin qarşısını almaq üçün qanunvericilik nə tələb edir?

Təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev bildirir ki, liftlər təhlükə potensiallı qurğular hesab olunur və onların istismarı ciddi qaydalarla tənzimlənir.

Onun sözlərinə görə, yaşayış və ticarət obyektlərində liftlərin təhlükəsiz işləməsinə, texniki baxışların vaxtında keçirilməsinə və nasazlıq aşkar edildiyi halda dərhal istismardan çıxarılmasına görə məsuliyyət birbaşa obyekt sahibi və ya idarəedicisinin üzərinə düşür. Ekspert qeyd edir ki, nəzarətin gücləndirilməsi məqsədilə yaradılan "MyLift" platforması vasitəsilə liftlərin texniki pasportu, baxış tarixləri, təmir tarixçəsi və rəsmi rəyləri onlayn izləmək mümkündür. Bu sistem texniki xidmətin vaxtında aparılmasına və şəffaflığın artırılmasına xidmət edir”.

Afaq Mirayiq,
Fotolar müəllifindir,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR