İnsanlara hürriyət, millətlərə istiqlal!

London “super səfirliyə” yaşıl işıq yandırdı: kəşfiyyat və işgəncə otaqları qorxusu bitmədi

431 21.01.2026 16:43 Siyasət A A

Böyük Britaniya hökuməti uzun mübahisələrdən sonra Çinin Londonda yeni səfirlik binasının xidmətə açılmasına icazə verib.

Pekin Londonun mərkəzində səfirlik binasının tikintisi üçün ərazini hələ 2018-ci ildə alıb. Ancaq Böyük Britaniyanın müxtəlif dövlət strukturları səfirlik binasının tikintisinə icazə vermirdilər. Britaniyanın dövlət strukturları Pekinin inşa etmək istədiyi “super səfirlik” binasında kəşfiyyat şəbəkəsinin yaradılacağından ehtiyat edirdi.

"The Telegraph" qəzetində yayımlanan məqalədə isə yeni səfirlik binasında “işgəncə otaqlar”nın olacağını yazılırdı.

Buna baxmayaraq, Böyük Britaniyanın baş naziri Kir Starmer yanvarın 20-də Çin səfirliyinin tikintisinə razılıq verən qərara imza atıb.

ELXAN.jpg (68 KB)

Mövzu ilə bağlı Musavat.com-a danışan politoloq Elxan Şahinoğlu qeyd edib ki, bunun bir neçə səbəbi var:

"Birinci səbəb odur ki, Kir Starmer bu ayın sonunda Çinə səfərə hazırlaşır. Görünür, Böyük Britaniya baş naziri Pekindəki görüşlər ərəfəsində səfirlik məsələsinin gərginlik mənbəyi olmasını istəməyib. İkinci səbəb, Pekin Londonun inadkarlığına cavab olaraq Böyük Britaniyanın Çindəki səfirliyinin fəaliyyətinə müxtəlif məhdudiyyətlər qoymuşdu. London bu məhdudiyyətlərin ortadan qaldırılmasını istəyir. Üçüncü səbəb də var. Çinin Londonda müxtəlif diplomatik nümayəndəlikləri və mədəniyyət mərkəzləri mövcuddur. Bu mərkəzlərdə çinli diplomatlar çalışır. Yeni səfirlik binası istismara verildikdən sonra bütün bu diplomatik və mədəniyyət mərkəzləri yeni binada cəmləşəcək. Bu, Böyük Britaniyanın əks-kəşfiyyat xidmətinə çinli diplomatlar üzərindən nəzarəti gücləndirməyə imkan verəcək".

Politoloqun sözlərinə görə, Çin London səfirlik binası üçün 250 milyon funt sterlinq ödəyib və məsələnin uzanması Pekini ciddi narahat edirdi:

"Təsadüfi deyil ki, Çin lideri Si Cinpin səfirlik mövzusunu bir neçə dəfə Kir Starmerlə telefonla müzakirə edib. Londonun məsələni uzatması səbəblərindən biri də Böyük Britaniyada yaşayan uyğurların Çin səfirliyinin yeni binaya köçməsinə etirazları idi. Uyğurlar Londonda bir neçə dəfə etiraz yürüşləri təşkil etmişdilər. Böyük Britaniya hökuməti Çində uyğurlara edilən təzyiqlərə görə 2021-ci ildə bir qrup çinli məmuru sanksiya siyahısına salmışdı. Çin səfirinə Böyük Britaniya parlamentinə daxil olmaq qadağan edilmişdi.

Səfirlik binasının tikintisinə icazənin ləngiməsinə digər səbəb yeni səfirlik binası yaxınlığında yaşayan insanların etirazıdır. Səfirlik ətrafında yaşayan ingilislər qəzetlərə verdikləri müsahibələrdə etirazlarını belə izah ediblər ki, Çin səfirliyi qarşısında mümkün etirazlar onların həyatlarını ağırlaşdıracaq".

Politoloq vurğulayıb ki, Londonun səfirlik binasının tikintisinin bitirilməsinə yaşıl işıq yandırmasına baxmayaraq, səfirlik mövzusu ətrafında mübahisələr səngiməyəcək.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR