Belarus Prezidenti Aleksandr Lukaşenko 31 Ukrayna vətəndaşını əfv edib və onların hazırda Ukrayna tərəfinə təhvil verilməsi prosesi aparılır.
Musavat.com xəbər verir ki, bu barədə Belarus Prezident Administrasiyasının mətbuat katibi Natalya Eysmont BelTA agentliyinə açıqlama verib.
Onun sözlərinə görə, əfv qərarı ABŞ Prezidenti Donald Tramp ilə Aleksandr Lukaşenko arasında əldə olunmuş razılaşmaların davamı olaraq, Ukrayna tərəfinin müraciəti əsasında qəbul edilib. Eysmont bildirib ki, bu addım silahlı münaqişənin həlli üçün əlverişli şərait yaratmağı hədəfləyir:
“ABŞ və Belarus prezidentləri arasında əldə olunan razılaşmaların davamı olaraq, Ukrayna tərəfinin xahişi ilə və silahlı münaqişənin nizamlanması üçün şəraitin yaradılması məqsədilə, humanizm prinsiplərinə əsaslanaraq və xoş niyyət jesti kimi prezident tərəfindən ölkəmizdə cinayət törətmiş 31 Ukrayna vətəndaşı əfv olundu".
Əfv edilən şəxslər Belarus ərazisində müxtəlif cinayətlərə görə məhkum olunmuşdular. Hazırda onların sənədləşdirilməsi və Ukrayna tərəfinə təhvil verilməsi prosesi gedir.
Musavat.com






