“TRIPP prosesi ilə bağlı ən ciddi narahatlıq Ermənistan tərəfini təmsil edən şəxslərin peşəkarlıq çatışmazlığı və populizmə bürünmüş kriminal özünəinam hissidir”.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın konstitusiya hüququ üzrə eksperti Qoar Meloyan yazıb.
“Məlumdur ki, Ermənistan hökuməti TRIPP marşrutunun ümumi şərtləri ilə bağlı aktiv danışıqlar aparır. Məlumatlara görə, “TRIPP Company” – Ermənistan-ABŞ birgə müəssisəsi yaradılacaq və bu quruma tələb olunan infrastrukturun inkişafı üçün hüquqlar veriləcək.
Lakin bir çox suallar ortaya çıxır:
– sözügedən şirkətin korporativ strukturu necə olacaq?
– bu şirkətlə Ermənistan Respublikası arasındakı münasibətlər necə və hansı şərtlərlə tənzimlənəcək?” – deyə Meloyan qeyd edib.
Qoar Meloyan əlavə suallar səsləndirib:
“Xüsusilə, Sünik vilayətindən keçən infrastrukturu yaratmaq və idarə etmək hüququ veriləcək ayrıca hüquqi şəxs – müstəqil mülki hüquq subyekti yaradılacaqmı, yoxsa belə hüquqi şəxs yaradılmayacaq və iş Ermənistan-ABŞ birgə fəaliyyət müqaviləsi əsasında təşkil olunacaq?
Əgər ayrıca hüquqi şəxs yaradılacaqsa, həmin qurum harada qeydiyyatdan keçəcək – Ermənistanda, ABŞ ştatlarının birində, yoxsa üçüncü ölkədə? Bu hüquqi şəxsin sahibləri yalnız Ermənistan və ABŞ tərəfi olacaq, yoxsa üçüncü tərəfin iştirakı mümkün olacaq? Baş direktorun təyin və azad edilməsi məsələsi necə həll olunacaq? Bu şirkət əldə etdiyi mənfəətdən Ermənistan dövlət büdcəsinə vergi ödəyəcəkmi?”
Erməni ekspert buna görə yerli hakimiyyəti hazırsız davranmaqda suçlayıb.
Musavat.com






