İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mənə o SMS hələ gəlməyib...”-65 yaşlı Umud Rəhimoğlu ilə yubiley söhbəti

1835 12.02.2026 17:19 Müsahibə A A

“Kəndimizdə əkdiyim yasəmən ağacının qurusunu tapdım...” – 65 yaşlı Umud Rəhimoğlu ilə yubiley söhbəti

Tanrının vaxtsız ölümü –
Hamıya olan zülümü!
Öləndə qardaş, külümü
Ocağının başına yığ!

Belə yazıb tale yazan,
Vədə yetdi, köçür insan.
Dərin qazma, qəbirqazan,
Elə qaz ki, qəbirdən çıx!

Dərdm oldu özgə dərdi,
Mən unutdum, o göyərdi.
Ömür birdi, ölüm birdi –
Biz hamımız bir adamıq! -
deyən söz adamı ilə həmsöhbət olduq.


Azərbaycanın vətəndaş cəmiyyəti sektorunun layiqli təmsilçilərindən biri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, şair, jurnalist, Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Yazıçılar Birliyinin üzvü Umud Rəhimoğlunun 65 yaşı tamam oldu.



Əmək fəaliyyətinə 1982-ci ildə Sumqayıt Şəhər İstilik-Elektrik Mərkəzində başlayan Umud Rəhimoğlu 1988-ildə Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan “Ədəbiyyat və incəsənət” qəzeti ilə əməkdaşlığa başlayıb. 1992-ci ildə isə Beynəlxalq Avrasiya Mətbuat Fondunu (BAMF) təsis edib. O təşkilatın ki, BMT-nin İnkişaf Proqramının (UNDP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR), ABŞ Dövlət Departamentinin (US DoS), Avropa Komissiyasının (EC), NATO - nun, Amerikanın Tədqiqat Əməliyyat Mərkəzinin (SAC), Beynəlxalq Mətbuat İnstitutunun, Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) və digər beynəlxalq qurumların, bir sıra xarici ölkələrin Azərbaycandakı səfirliklərinin etibarlı tərəfdaşı kimi kifayət qədər böyük reytinqə malik olub. Amma biz yubiley söhbətimizdə işləri öz axarı ilə davam edən BAMF-ın fəaliyyətindən çox bəhs etmədik, çünki bu, ayrıca saatlarla danışılası mövzudur. Azərbaycanın haqq səsini on illər ərzində BMT müstəvisində səsləndirən vətəndaş cəmiyyətinin liderlərindən biri olan Umud Rəhimoğlunun gördüyü işlərin sayı-hesabı yoxdur. Odur ki, dəyərli yubilyarla bu dəfə qarabağlı, zəngəzurlu, şeirli, zəfər qoxulu, acılı-şirinli xatirələrdən bəhs etdik. Söhbətimizi oxucularımıza təqdim edirik:

- Umud bəy, 65-ə həm də təqaüd yaşı deyirlər. Amma kabinetinizdəki iş atmosferi ayrı təsəvvür yaradır. Yubiley günlərinizdə də həmişəki kimi, iş başındasınız. Təqaüdə çıxmaq istəmirsiniz?


- Sözün düzü, yaxınlarım dedilər ki, adətən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Fondundan bir SMS gəlir... Ümumiyyətlə, “qeyb”dən bir SMS gəlir ki, sənin bu qədər pensiya təyinatın olub. Hələ ki, mənə o SMS də gəlməyib. Görünür, məni hələ gənc sayırlar. (Gülürük) Amma hesab edirəm ki, 65 elə müdrik və həm də cəmiyyətə ən çox fayda verə biləcəyim yaşdır. İnsan sağlamlığının əsas şərtlərindən biri insanın dinamikada olması, aktivliyidir. Bu, bizim ilahidən olan genetik qismətimizdir. Mənim dədələrim, babalarım ömrünün sonlarına qədər çalışıblar, daim torpağa yaxın olublar.

- Haqqınızda nəşr olunan dərginin üz qabığında dediyiniz kimi, 20 il əvvəlki şəklinizdir. Amma maşallah olsun, heç dəyişməmisiniz. Saçınızın ağlığı da, məşhur filmdə deyildiyi kimi, yaşa dəlalət eləmir.

- (Gülür) Əslinə qalanda mənim saçımla fiziki görünüşüm tərs mütənasibdir. Bu da bir ilahi qismət, ilahinin yazdığı yazıdır.

- Belə görünür ki, saçınız erkən ağarıb. Genetikdir, yoxsa, başqa bir səbəbi var?

- Bizdə genetik məsələ də var. Amma mən xatırlayıram ki, 1983-cü ildə Sumqayıta gedərkən ağır yol qəzası keçirdik. Onda rəhmətlik şair, Dövlət Mükafatı laureatı, əslən Şəkidən olan dostumuz Vaqif İbrahimin onun ölüm xəbərini eşidəndən sonra böyük stress yaşadım və orda da qəribə bir hala düşdüm. Qısa müddətdə saçımda bir dəyişiklik oldu. (Dərin fikrə gedir-E.P.) Bilmirəm, bunu yazmağa dəyərmi?..

- Yubiley söhbətimizdə belə kədərli məqamlara toxunmaq istəməzdim, amma həyat yollarından bəhs edərkən belə ağrılı xatirələrdən də yayınmaq olmur. Sizinlə ilk geniş müsahibəmizi xatırlayıram: 2009-cu ili. O zaman torpaqlarımız, sizin də ata yurdunuz düşmən tapdağında idi. Sizin bir fikrinizin indiyədək təsiri altındayam, demişdiniz ki, xatirələrim işğal altındadır. Artıq 6-cı ildir bütün torpaqlarımız kimi, sizin xatirələriniz də işğaldan azad olunub, quruculuq işləri davam edir. Siz də vaxtilə uçurulmuş evinizin, oxuduğunuz məktəbinizin qalıqlarına daha uzaqdan baxmırsınız, vaxtaşırı ziyarət edirsiniz. Necə hissdir?

- Bəli, xatirələrim işğaldan azad olundu. Mən fevral ayının 1-də, 65-in tamamında kənddə idim. Atamın məzarını ziyarət elədim. Xatirələrim olan yolardan keçdim. Kəndimizdə olan kəhrizdən su içdim.

– Kənd azad olunandan sonra düşmənin kor qoyduğu gözünü açdığınız kəhrizdən?

- Bəli. İndi müəyyən problemləri var, planlaşdırırlq ki, bu yay o kəhrizi yenidən təmir edək. Ən azından bu gün kəndimizin adamları öz yurdlarını ziyarət edə, məzarlığa baş çəkə bilərlər. Sizə deyim ki, bu, çox böyük bir imkandır, nemətdir. Şəhidlərimizin ruhu şad olsun. Bizim müzəffər ordumuz son illər necə şücaət göstərdi. Biz harda idik, hara gəldik... Əlbəttə, dastanlara sığmayan böyük bir hekayədir.

- Yaradıcılığa şair kimi başlayan Umud Rəhimoğlu torpaqların işğalda olduğu illərdə şeir yazmağı düzgün hesab eləmirdi. Yenidən şeiriyyətə qayıdıbsınız?

- Poeziya belədir ki, həm ruha bağlıdır, həm insanın genetikası, tərcümeyi-halı ilə bağlı məsələdir. Yazmaq missiyası ilə həyata gələn insanların yazmamağı mümkün deyil.

- Deməli, ən azı “sandıq ədəbiyyatı”nız var.

- Bəli, az-az da olsa, müəyyən qeydlərimiz, misralarımız olur, nəsə yazılır. 65 yaşla bağlı bəzi olanlarımızı ortalığa çıxartmağa çalışdıq, baxıb, gördük ki, cəmiyyət üçün faydalı ola biləcək və güvənə bildiyimiz, işıq üzünə çıxara biləcəyimiz xeyli yazılar var. Görünür o istiqamətdə də bizim müəyyən fəaliyyətlərimiz olacaq.

- Umud bəy, övladlarınızla daim fəxrlə danışırsınız. Vaxtilə ABŞ-də təhsil alan övladınızın Xocalı soyqırımı günü dünyaya gəldiyindən, soyqırımadək yalnız bir dəfə doğum günü keçirdiyinizi söyləmişdiniz.

- Bəli. Fevralın 26-sı dünyaya gəlib. Biz artıq bərabər çalışırıq. Oğlum Amerikada təhsil aldı. Bir qızım Londonda, Siti Universitetində təhsil aldı, ikinci qızım isə Bakıda təhsil aldı və psixoloqdur. Londonda təhsil alan Aysəba Umudlu “Əl-Cəzirə”nin ingilis redaksiyasında çalışır. Müvəffəqdir, öz çevrəsində peşəkar kimi müəyyən hörmət qazanıb, bu, bizi qürurlandırır. Azərbaycan üçün də həmişə əlindən gələn dəstəyi əsirgəməyib. Ümumiyyətlə, uşaqların gələcəyi valideyndən asılıdır. Uşaqları necə tərbiyə edirsən, yetişdirirsən, onlar da ona uyğun püxtələşirlər. Elə bu kitabda uşaqların yazıları var, nəzərdən keçirsəniz, görərsiniz, mənim övladlarım orda mənim portretimi cızıblar. Elə “Əl-Cəzirə”də olan qızım yazıb ki, atam həmişə bizə deyərdi: yaxşı vətəndaş olun, Vətəni sevin! Danışa biləcəyimiz çoxlu böyük mövzular var. Bu gün bir ayrı ortamdır.

- Elə isə Azad Qarabağdan, Aşağı Əbdürrəhmanlıdan danışq...

- Biz torpaqlarımızın işğal dövrünü artıq yaşadıq, bitdi. Beş il bundan əvvəl Şuşada bizim bayrağımız dalğalandı və üç il bundan əvvəl Xankəndinə getmək şansımız yarandı. Bu gün biz Qarabağın bu başından o başına istədiyimiz vaxt gedirik. Yeri gəlmişkən, mən tez - tez Qarabağ bölgəsində oluram. Həm fəaliyyətimlə bağlı, həm qonaqlarımız olur. Bir də görürsən ki, darıxdım və getdim. Şükür ki, bu gün bizim böyük, gözəl, cənnətməkan torpaqlarımızı gedib gəzmək imkanlarımız var. Təbii ki, o yerlərdə hələ problemlər də çoxdur, çirklənmiş, minalanmış ərazilər, təhlükəli yerlər var. O yerlərə bələd olduğuma, o yerlərə necə getmək olar, bu məsələlərdən hali olduğuma görə, mənim üçün problem yoxdur. Amma mən düşünürəm ki, bir neçə ildən sonra artıq bütün vətəndaşlarımız üçün o qapılar açıq olacaq. Düzdür, indi müəyyən məhdudiyyətlər var, portallar vasitəsilə istənilən vətəndaş müəyyən çərçivələrə, qaydalara uyğun olaraq gedib-gəlirlər. Amma mən hesab edirəm ki, bir azdan bu məhdudiyyətlər bir az da sadələşdiriləcək, imkanlar yaradılacaq. Biz axı, o yerlərin çox həsrətini çəkmişik. Düzdür, salamat yer qalmayıb, başdan - başa dağıdılıb. Sovet dönəmində biz orta məktəbdə sakinləri diri-diri yandırılan Xatın faciəsi ilə bağlı həmişə bizə tarix dərslərində öyrədirdilər, nasistlərin Belorus kəndində necə dəhşətli soyqırım olduğu, bu kəndin altını üstünə çevirdikləri haqda müəllimlərimiz danışırdılar. Qarabağda da bizim yaşayış məntəqələri təxminən o cürdür...

- On illər sonra qayıtdığınız evinizdə hansı nişanə tanış gəldi? Axtardığınız nələrsə tapdınızmı?

- Sökük divarlardan başqa heç nə. Mənim o vaxt əkdiyim bir yasəmən ağacı var idi, evimizə qayıdanda onun qurusunu tapdım... İşğal dövründə mənim ara-sıra getmək imkanım olurdu. Ulu Öndər hakimiyyətə gələndən sonra, Horadiz əməliyyatından sonra böyük çətinliklə də olsa, bizim kəndimizin bir hissəsi geri qaytarılmışdı. Düzdür, o döyüşdə kənd bir neçə dəfə ələ keçdiyi üçün tamamilə dağıdılmış, yerlə yeksan olunmuşdu. Müəyyən çətinliklərlə olsa da, mən müəyyən təhlükələri göz önünə alaraq kəndə gedib-gəlirdim və dəfələrlə biz güllə - borana düşmüşdük. Hətta bir dəfə jurnalist həmkarlarımızla birlikdə 6 saat divar arxasında güllə yağışının altında qaldıq və gözlədik ki, gecə düşsün, ordan çıxaq.

- Mərhum atanızı da kənd qəbristanlığında, düşmən səngəri ilə üzbəüz qəbristanlıqda dəfn etmişdiniz. O günü necə xatırlayırsınız?



- Hə, atamı 2016-cı ilin dekabrında, vəsiyyətinə əsasən orda dəfn etdik. Qarlı bir gün idi. Oranı istəmişdi. Biz də aparıb orda dəfn elədik. O bilirdi nə edir. Bu, həm cəmiyyətə, həm də ailəyə bir mesaj idi ki, burdan geri yol yoxdur. Atamın məzarı başında bəzi düşüncələrim oldu. Mənim başa çatmayan misralarım var. Düşünürəm ki, bizim mücadiləmizdə, qəhrəmanlıq, işğaldan qurtarmaq səlnaməmizdə ayrıca döyüşən məzarlar tövrü da var idi. O məzarlar şəhidlərimizin, dədə-babalarımızın məzarları idi. Döyüşən əsgərlərinin böyük əksəriyyətinin dədə-babasının gorgahı var idi. O məzarlar da onları çağırır, haraylayır, sanki döyüşürdülər. Mənim atamın da məzarə döyüşən bir məzar idi. Bax, o ruh idi bizi qələbəyə aparan.

- Ananıza Allah ömür versin. Neçə yaşı var?

- Anamın 96 yaşı var. Zəngəzurlu qızıdır. Anam da böyük bir faciəni yaşamış nəslin övladıdır. Həm deportasiya, həm də vandalcasına münasibət olub. Sadəcə gəlib deməyiblər ki, “çıxın!” Çox faciələrdən sonra yurdlarını tərk ediblər. Anam həmişə o günləri xatırlayıb, gözüyaşlı olub.

- Zəngəzur diləyi varmı?

- Əlbəttə. Anam Qarakilsədəndir. Bir gün də o yerləri yaddan çıxartmır. Anamın bibisini – atasının bacısını – ermənilər diri-diri yandırıblar. Belə bir faciə yaşadıblar.

- Umud bəy, bütün bu ağrılı xatirələrdən sonra Ermənistanla barış söhbətlərinə reaksiyanız necədir?

- Bilirsiniz, ümumiyyətlə, Azərbaycan insanı hərtərəfli, genetik cəhətdən barış yönümlüdür. Bizim naturamızda heç zaman nifrət, qisas olmayıb. Amma son illərin hadisələri bizi öyrətdi. Artıq müəyyən məsələlər var ki, onları həm gələcək nəsillərə ötürməliyik, həm də əbədi dərs olmalıdır. Mən həm də vətəndaş cəmiyyətinin rəhbəriyəm. Bizim təşkilatımız BMT statuslu bir qurumdur. Bu qurumun da missiyası barış, sülhdür. Biz zatən qonşu ölkələrik. Dədə-babamız bizi öyrədib ki, qonşunu iki inəkli istə. Biz belə insanlarıq, bunu danmaq olmaz. Amma bugünkü proses onu göstərir ki, Ermənistanın özündə də tarixi dərsdən nəticə çıxaran insanlar var. Görünən budur ki, onlar reallığı qəbul edirlər. Revanşist qüvvələrlə açıq-açığına iradə ortaya qoyan qüvvələr var Ermənistanda. Biz də yəqin ki, o qüvvələrə dəstək olmalıyıq ki, daha da inkişaf etsinlər, möhkəmlənsinlər, separatizmin, “Qarabağ hərəkatı”nın kökündən yanlış olduğunu bu gün açıq şəkildə Ermənistan cəmiyyətində deyənlər, mövqeyini ortaya qoyanlar var. Müəyyən reallıqlar var ki, biz onlardan qaça bilmərik.

- Rəhbərlik etdiyiniz Beynəlxalq Avrasiya Mətbuat Fondu BMT statuslu vətəndaş cəmiyyəti təşkilatıdır. 35 ildir rəhbərlik etdiyiniz qurumu nə vaxtsa etibar etmək istədiyiniz etibarlı kadrlarınız varmı?

- Əlbəttə. BAMF-ın kifayət qədər yetirmələri var. Bu gün ölkənin müxtəlif nazirliklərində, rəsmi qurumlarında çalışan çoxsaylı bizim əməkdaşlarımız olub, bizim yetirmələrimiz olub. Bu gün bizim kifayət qədər kadrlarımız var. Əlbəttə, ictmai sektor təşəbbüslərə bağlı bir sektordur. İctmai sektorun üstünlüyü budur ki, yaş senzi rəsmi dövlət qurumlarına aid olan məsələdir. Əslinə qalanda beynəlxalq təcrübə budur ki, insanlar dövlət qurumlarında çalışır və ömrünün qalan hissəsində ictimai sektorda töhfə verirlər. İstər Avropada, istər ABŞ-də prinsip budur. Həyatının böyük bir hissəsində təcrübə qazanmış insanlar bu təcrübəni həm də ictimai sektorda paylaşmaqla daha faydalı olur. Mən düşünürəm ki, bu ənənəni biz də qəbul etməliyik. Biz də bundan öyrənməliyik. Məsələn, bəzən görürsən ki, hansısa rəsmi qurumlarda olan peşəkar adamlar bəzən işdən gedir və təcrübəsindən də istifadə olunmur. Amma çox yaxşı olar ki, o ənənə istimai sektorda davam etdirilsin.

- Yubileyinizlə bağlı çoxsaylı təbriklər aldınız. Mətbuat Şurasında, Yazıçılar Birliyində yüksək səviyyədə tədbirlər keçirildi, QHT sektorunun böyük diqqəti oldu. Bəs elə ünvanlar, şəxslər varmı ki, diqqətini əsirgəməyib?

- Mən diqqət göstərib təbrik edən hər kəsə təşəkkür edirəm. Sözün həqiqi mənasında Mən bunu məmnunluq hissi ilə deyə bilərəm ki, çox böyük diqqət oldu. Həm Azərbaycan Mətbuat Şurası, media cameəsi, ayrı-ayrılıqda həmkarlarımız tərəfindən...Elə “Yeni Müsavat”, hörmətli dostumuz Rauf bəy tərəfindən, böyük bir status yazmışdı. QHT Agentliyjndən...Adlarını sadalasam, böyük siyahı alınar, müxtəlif təşkilatlardan, müxtəlif rəsmi qurumlardan mənə çoxsaylı təbriklər gəldi, indi də gəlməkdədir. Dünən iki qurumdan təbrik aldım. Mətbuat Şurasında, Yazıçılar Birliyində böyük bir törən oldu. Hələ il davam edir. Dostlar mənə zarafatla deyirlər ki, ad günü noyabrda, dekabrda olanların bəxti çəkmir, amma sənin şansın gətirib ki, ilin axırınadək çox var, bizim də bəhanəmiz var ki, ilin sonunadək yubileyi qeyd edək.

- Ürəyinizdən yubiley mükafatı keçirmi?

- Mənim üçün ən böyük mükafat torpaqlarımızın işğaldan azad olunmasıdır, bundan böyük mükafat yoxdur. Mən fevralın 1-də Ağdam, Ağdərə, Füzulini rahat, sərbəst şəkildə gəzdim, ziyarət elədim və Aşağı Əbdürrəhmanlı kəndinə gəldim, ata məzarını ziyarət etdim, bundan böyük böyük mükafat görmürəm. Mənim həyatımın mənası və bütün çabalarım o mükafatı qazanmağa hədəflənmişdi. Ondan kənar mənim başqa bir istəyim yox idi və heç zaman mən Azərbaycan üçün, vətənim, millətim üçün çalışmalarımda “afərin” almağı hədəfləməmişəm, belə bir hədəfim olmayıb. Bu işdə mən ailəmi də, dostlarımı da səfərbər eləmişəm, olmayan imkanlarımı, resurslarımı da səfərbər edib, həmişə o istiqamətdə çalışmışam. Şükürlər olsun ki, şəhidlərimizin qanı bahasına, ordumuzun şücaiəti ilə, Ali Baş Komandanımızın sərkərdəliyi ilə ərazi bütövlüyümüzün təmin olunmasına nail olduq. Beləliklə, bütövlükdə millətimiz mükafatlandırıldı. Mənə elə gəlir ki, biz xoşbəxt xalqıq. İlahi ədalət var. Cənab Prezident də bir dəfə bunu dedi. Biz ona görə xoşbəxt xalqıq ki, ilahi ədalətin özü bizdən əsirgələnmədi, biz bu günləri gördük. Son 200 ildə bizə qarşı çox böyük haqsızlıqlar olub. Amma 80-ci illərin sonlarından başlayaraq, bizim xalqımız nə qədər alçaldıldı, təhqir olundu...



- Təklənmişdik...

- Bəli, təklənmişdik. Bütün bunların fonunda taleyin geri dönüşü baş verdi. Şükürlər olsun. Mən istəyirəm bu məqamda Ulu öndəri, o böyük kişini, böyük insanı xatırlayım, ruhu şad olsun. Onun gəlişi ərəfəsinə hər şey parçalanma həddində idi. Ölkənin dağılıb, əldən getmə məqamında bu möcüzə baş verdi. O gəldi, özü də yaşının o vaxtında... Biz hamımız həmin 10 ilə borcluyuq, mən belə hesab edirəm. Əlbəttə, Ali Baş Komandanın öz yeri var. Ali Baş Komandanın özünün də baş əydiyi ünvan o ünvan idi, ata vəsiyyətini yerinə yetirdiyini fəxrlə söylədi.


Bəlkə də yeri deyil...Mən fevralın 1-də kəndimizdə olanda bir neçə misra yazdım. Atamın məzarı başında yazdığım misralardır:

Ata sözü oldu Ana Yasamız,
Dinləyib, böyüdük nəsihətilə.
Düşmən səngərinin önünə gedib,
Biz səni dəfn etdik vəsiyyətinlə.

Ayıq-sayıq olun, deyərdin bizə
Kirpik də bəs edər çəpər olmağa.
Sən bura gəlmədin uyumaq üçün,
Sən bura gəlmişdin sipər olmağa...

Bu da ata vəsiyyəti idi ki, biz ona əməl elədik. Ata vəsiyyəti elə Ana Yasadır, mən belə düşünürəm. Biz kənddə-kəsəkdə böyümüşük, doğulandan bizi Konstitusiya idarə etməyib ki...Atanın öyüd-nəsihəti, göstərişi olub bizim Ana Yasamız...

Dəyərli Umud müəllimə bir daha Allahdan sağlam, uzun ömür və övladlarının, bütün sevdiklərinin xoş günlərini görməyi arzu edirik. Yeri gəlmişkən, fotolarımızı BAMF-ın nigeriyalı 11 illik sadiq əməkdaşı, Azərbaycan dilində ana dilində danışırmış kimi danışan, özünü “Füzulinin Yuxarı Əbdürrəhmanlı sakini” adlandıran Con çəkir. Nisgilli xatirələrin baş qaldırdığı yubiley söhbətimizi xoş zarafatlarla yekunlaşdırıb, vətəndaş cəmiyyətinin qiymətli ünvanlarından biri olan ofisdən ayrılırıq.

Elşad Paşasoy,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR