ABŞ prezidenti Donald Tramp növbəti çıxışında qeyri-adi bir epizodu xatırladaraq diqqət çəkən açıqlama verib.
Musavat.com xəbər verir ki, Tramp ABŞ-də fəaliyyət göstərən böyük metallurgiya şirkətinin rəhbəri ilə görüşündən danışıb. Onun sözlərinə görə, həmin şəxs tətbiq olunan idxal rüsumlarından sonra biznesinin xilas olduğunu deyərək prezidentə təşəkkür etmək istəyib.
Trampın sözlərinə görə, görüş zamanı şirkət rəhbəri ona yaxınlaşaraq, “Sizi öpmək istərdim” deyib.
ABŞ lideri isə buna təəccübləndiyini bildirib və səbəbini soruşduğunu qeyd edib. Həmin şəxs cavabında bildirib ki, əvvəllər zavod demək olar işləmirdi — həftədə cəmi bir saat fəaliyyət göstərirdi, lakin Tramp administrasiyasının tətbiq etdiyi tariflərdən sonra ölkəyə ucuz xarici metal axını dayanıb və müəssisə yenidən tam gücü ilə işləməyə başlayıb.
Tramp əlavə edib ki, həmin şəxs “çox güclü və nüfuzlu adamdır”, atasından qalan polad biznesini illərdir idarə edir. Buna baxmayaraq, ABŞ prezidenti zarafatla vurğulayıb ki, “belə güclü adamın onu öpməsini istəməzdi”.
Musavat.com






