Beynəlxalq praktikada belə layihələrdə ictimai nəzarət necə həyata keçirilir?
“Qeyd etdiyim kimi, proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən. İctimai nəzarət də əlbəttə ki, mütləq olmalıdır. Bu proqramın icrası mətbuatda geniş işıqlandırılmalıdır ki, Azərbaycan vətəndaşları, xüsusilə Bakı və Abşeronda yaşayan insanlar görsünlər, bilsinlər ki, nə vaxt hansı məsələ öz həllini tapır və yubanmalar da olmamalıdır”.
Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədə çıxışı zamanı bildirib.
Qeyd edək ki, dövlət başçısı bir çox çıxışlarında ictimai nəzarət mövzusunda çağırış edib: “Məsuliyyət ən vacib məsələlərdən biridir. Məsuliyyət və nəzarət. Harada ki, bu, yoxdur, heç bir iş getməyəcək. Əksinə, çox mənfi mənzərə ilə üzləşə bilərik. Ona görə bu da bir nəzarət mexanizmi olmalıdır”.
Bəs bu həcmdə maliyyə ayrılan layihələrdə ictimai nəzarət niyə həyati əhəmiyyət daşıyır? Beynəlxalq praktikada belə layihələrdə ictimai nəzarət necə həyata keçirilir? Şəffaflıq təmin olunmazsa, hansı risklər yarana bilər?

Eldəniz Əmirov
Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov “Yeni Müsavat”a danışıb. İqtisadçı qeyd edib ki, ümumiyyətlə, istənilən layihənin uğuru, istənilən proqramın təmin olunması üçün iki mexanizm önəmlidir: “Onlardan birincisi həmin prosesdə sağlam rəqabət mühitinin formalaşdırılmasıdır. Yaxud güclü ictimai nəzarətin olmasıdır. Çünki rəqabət olmayan yerdə təşəbbüs zəifləyir, məsuliyyət boşluğu yaranır. Proses öz axarına buraxılır, rahat şəkildə davam edir, çünki rəqabət, rəqib yoxdur. Belə hallarda ictimai nəzarət alternativ bir mexanizm kimi ortaya çıxır və sistemi kənardan nizama gətirir. Bu baxımdan ictimai diqqət prosesin icraçılarını daha ölçülü davranmağa, qarşıya qoyulan hədəfə daha dəqiq çatmağa, hesabat verməyə vadar edir. Əgər bir prosesdə nə rəqabət, nə də ictimai nəzarət varsa, orada uğur yoxdur. Ona görə də cənab Prezident ictimai nəzarətin vacibliyini vurğulayır”.
İqtisadçının sözlərinə görə, sözügedən proqramın icrasına dair ictimai nəzarəti vacib edən birinci faktor odur ki, bu, insanlarla bağlı prosesdir: “Yəni bu, əslində ictimai rifah layihəsidir. Bakı və Abşeronda yaşayan hər kəs bu layihənin nəticəsindən faydalanacaq, mənfəət götürəcək. Əlbəttə ki, burada maddi mənfəətdən söhbət getmir, yəni ümumi maraqların təmin olunması və yaxud gözləntilərin doğrulması nəzərdə tutulur. Bu baxımdan layihənin sosial təsir dairəsi ictimai nəzarəti aktual edir.
İkinci bir tərəf odur ki, burada böyük həcmdə maliyyə vəsaitləri, böyük ölçüdə pul var. Və ölkəmizin hazırkı iqtisadi vəziyyətində ölkədə xərclənən hər bir vəsaitin arxasında ictimai nəzarət olmalı, şəffaflıq təmin edilməlidir. Bu baxımdan cənab Prezident bu tip çağırış etmişdir.
Digər bir məsələ isə ümumi idarəetmə prosesinin müasir standartlara cavab verən şəkildə qurulmasıdır. Hər bir icraçı qurumun məsuliyyət hiss etməsi, intizamlı davranması üçün ictimai nəzarət mütləqdir. Yəni adətən ictimai nəzarətin olması üçün birinci qayda odur ki, açıq məlumatlar sistemi olmalıdır. Layihə hansı mərhələdədir, kim nə iş görür, hədəflər nədir, icra hansı vəziyyətdədir, hansı mərhələdədir, monitorinq olubmu, olubsa nəticəsi nədir və sairə.
Eyni zamanda müxtəlif ekspert auditlərin, ictimai institutların bilavasitə bu proseslərə nəzarət etmə imkanı olmalıdır. Yəni ən azından müşahidə imkanı olmalıdır. Və həmin subyektlərin, medianın da, vətəndaş cəmiyyətinin də məlumat almaq imkanı olmalıdır ki, onlar sonradan proseslə bağlı fikir söyləyə, araşdırma apara bilsinlər. Nəyin çatdığını, nəyin çatmadığını ifadə edə bilsinlər. Yəni bunlar olmadıqda artıq ictimai nəzarət zəifləyir; bunlar zəif olduqda ictimai nəzarət güclü ola bilməz. Vətəndaş cəmiyyəti məlumatlı olmalıdır ki, aldığı informasiyadan nəyin yetərli, nəyin yetərsiz olduğuna dair fikir söyləyə bilsin.
Nə zaman ki, şəffaflıq təmin olunmur, artıq ictimai nəzarət olmur. O zaman maliyyə riskləri yaranır, insanların etimadı azalır. Hətta iş uğurlu olsa belə, proses zamanı məlumatsızlıq sonda alınan nəticəyə yüksək etimadın yaranmasına imkan vermir. Praktika da onu göstərir ki, ictimai nəzarət və rəqabət olmadığı halda işin keyfiyyəti sonda qənaətbəxş olmur. Cənab Prezidentin çağırışı da məhz buna aiddir.
Daha bir məsələ isə ondan ibarətdir ki, prosesin uzunmüddətli - 10 il müddətində olması ilk illərdə icraçı qurumları və səlahiyyətli şəxsləri bir qədər rahat salmamalıdır, çünki zaman çoxdur. Çünki 10 il kiminsə qurum rəhbəri olaraq qalması çox az ehtimaldır. Və ya layihə icraçısı, layihə rəhbəri olaraq qalması ehtimalı da çox azdır. “Onsuz da sonda mən olmayacağam” düşüncəsi icraçılarda olmamalıdır.
Buna görə də 2035-ci ildə belə proqramın icrasının nəticələrinə dair proseslər sorğulanan zaman məhz 2026-cı ildən 2035-ci ilə qədər hər mərhələdə hər bir səlahiyyətli şəxs gördüyü işə, ortaya qoyduğu nəticəyə görə məsuliyyət daşımalıdır. Yəni “2030-da mən gedəcəyəm, 2035-ə cavab verməyəcəyəm” kimi yanaşma olmamalıdır. Bu tip yanaşmalar böyük proqramların icrasında böyük problemlər yaradır və uğur üçün ən böyük risklərdən biridir".
Xalidə GƏRAY,
“Yeni Müsavat”






