Sağlamlığa müsbət təsiri ilə tanınan acı bibər haqqında diqqətçəkən xəbərdarlıq ortaya çıxıb.
Musavat.com-un xəbərinə əsasən, alimlər bildirir ki, çox miqdarda acı istehlakı həzm sistemində “iritasiya” adlanan xroniki iltihabi prosesə yol açır.
Bu zaman həzm traktında hüceyrə səviyyəsində dəyişikliklər baş verir və nəticədə xərçəng hüceyrələrinin yaranma ehtimalı arta bilər.
Mütəxəssislər acı bibərin mədə və bağırsaq xərçəngi riskinə təsirini qiymətləndirmək üçün 14 fərqli tədqiqatı bir araya gətiriblər. 11 mindən çox insanın qidalanma vərdişlərinin analiz edildiyi bu genişmiqyaslı təhlil acı istehlakının düşündüyümüz qədər zərərsiz olmadığını göstərən nəticələr təqdim edib. Əldə edilən göstəricilərə görə, çox acı qida qəbul edən şəxslərdə həzm sistemi xərçənginə tutulma ehtimalı az acı yeyənlərlə müqayisədə təxminən 64% daha yüksəkdir. Daha diqqətçəkən nəticə isə qida borusu ilə bağlıdır: yüksək miqdarda acı istehlakı bu nahiyədə xərçəng riskini təxminən üç dəfə artıra bilər.
Araşdırmada mədə xərçəngi ilə bağlı müəyyən risk artımı müşahidə olunsa da, bu əlaqə qida borusunda olduğu qədər dəqiq statistik nəticələrlə təsdiqlənməyib.
Musavat.com






