İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva və İrəvanda Vardanyan üçün kampaniya - təxribat

3179 11.12.2025 11:55 Siyasət A A

Rubenə “sevgi məktubları” yazdırılır

Bakıda mühakiməsi davam edən Ruben Vardanyana məktub göndərilməsi kampaniyası başlanıb. “Tribuna” erməni mediasına istinadla məlumat verir ki, bununla bağlı əhaliyə çağırış olunub. 

Kağız məktublar dekabrın 21-i daxil olmaqla, İrəvanda xüsusi məntəqələrdə qəbul ediləcək, sonra mərkəzləşdirilmiş qaydada Ruben Vardanyana göndəriləcək.

Məktubların qəbul ediləcəyi ünvanlarından birinin Moskvada olması göstərir ki, məhz Rusiyada olan erməni diasporu fəallıq nümayiş etdirir. Ermənistanda və Rusiyada başladılan kampaniyanın məqsədi Vardanyanın “əzabkeş qəhrəman” obrazının formalaşdırılmasıdır. Halbuki o, Rusiya vətəndaşlığından imtina edərək qanunsuz şəkildə sərhədi keçib və Xankəndinə yerləşib, bir müddət sonra qondarma rejimin “dövlət naziri” olub, dinc erməniləri silahlanmağa və Azərbaycana tabe olmamağa çağırıb. O, dövlət rəhbərliyini təhdid edib, “artsax”dan imtina edilməyəcəyini bildirib. 

Bütün kapitalı və varlığı ilə ölkəmizə qarşı çıxan Vardanyan Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər),  278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub.

Bəs bu məktub kampaniyasının bir nəticəsi ola bilərmi? Məktublar ona çatdırılmalıdırmı? Burada əsas məqsəd nədir? 

Xəyal Bəşirov: “Ermənistanın son qərarı Qərbə doğru atılan addımdır” |  KONKRET

 Xəyal Bəşirov

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində saxladığı, Azərbaycan dövlətinə və qanunlarına qarşı cinayət addımları atmış, ağır cinayətlərdə ittiham olunan Vardanyan və digər məlum şəxslərin mühakimə prosesini həyata keçirdiyinə görə Azərbaycana qarşı müxtəlif kampaniyaların aparıldığının dəfələrlə şahidi olmuşuq: “Həmin o şəxslərin zaman-zaman siyasi məhbus, hərbi əsir adlandırılması, adlarına statuslarına uyğun olmayan digər epitetlərlə qeyd olunmasına vaxtaşırı rast gəlirik. Amma bütün bu kampaniyalar Azərbaycan dövlətini həmin şəxslərin mühakimə edilməsindən yayındıra bilməyib və bundan sonra yayındıra bilməyəcək. Məktub yazma kampaniyasında məqsəd dünyanın diqqətini Bakıda keçirilən məhkəmə prosesinə cəlb etməkdir. Belə bir rəy yaratmağa çalışırlar sanki Ruben Vardanyanı böyük kütlələr sevir. Halbuki bu adam Azərbaycan qanunlarını və beynəlxalq konvensiyaları tapdalayaraq Azərbaycan ərazisinə qanunsuz keçmiş, orada separatçı cinayətkar rejimə, qanunsuz silahlı dəstələrə dəstək vermiş, müharibə çağırışları etmiş, quldur rejiminin qondarma "dövlət naziri" olmuş bir şəxsdir. Çoxlu sayda cinayətlər törətdiyi aydın olan bir adama “sevgi məktubları” yazmaq və yazdırmaqla Azərbaycana təsir göstərəcəklərini düşünürlərsə, yanılırlar. Məktub kampaniyası məsələsi ilə bağlı Azərbaycan dövləti qanun çərçivəsində müvafiq addımları atacaq".

Hüquqşünas qeyd etdi ki, Azərbaycanda həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında 2012-ci il qanunu var və bu qanun indi də qüvvədədir: “Həmin o qanun bu gün həbsdə olan şəxslərin hüquq və azadlıqlarını təmin edir. Ruben Vardanyan istintaq təcridxanasında saxlanılır. Məhkəmə prosesi davam etdirilir və məhkəmənin hökmü elan olunub qüvvəyə minənədək o təcridxanada saxlanacaq. Ondan sonra Vardanyan cəzaçəkmə müəssisəsinə göndəriləcək. Hazırkı mərhələdə o həbsdə olan şəxs statususundadır və ona vəkilləri və ailə üzvləri tərəfindən göndərilən məktublar, yazışmalar qeyd etdiyim qanunun tələblərinə uyğun şəkildə çatdırılır. Həbsdə olan şəxslərin müdafiəçiləri ilə yazışmalarına məhdudiyyət qoyulmur. Söhbət həbsdə olan şəxsə hüquqi yardım göstərməyən, ailə üzvü olmayan şəxslərin məktub göndərməsindən gedirsə, bu da 2012-ci ildə qəbul olunmuş qanunun müvafiq maddəsinin təsiri altına düşür. Ağır cinayətlərdə ittiham olunan şəxslərə məktub göndərilməsi məsələsində məhdudiyyətlər də tətbiq olunmasını qanun nəzərdə tutur. Məktublar təxribat xarakterli məqsədlərə xidmət edirsə, məhdudiyyət tətbiq olunmasına qanun icazə verir”.   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR