Hər il olduğu kimi, ötən həftə keçirilən 62-ci Münxen Təhlükəsizlik Konfransı da dünyanın əsas diqqət mərkəzində olan hadisə oldu. Münxen Təhlükəsizlik Konfransı dünyanın ən nüfuzlu təhlükəsizlik və xarici siyasət forumlarından biridir. Hər il fevral ayında Almaniyanın Münxen şəhərində keçirilir, dövlət və hökumət başçılarını, nazirləri, beynəlxalq təşkilat rəhbərlərini, ekspertləri, hərbi dairələri bir araya gətirir.
İlk adı “Beynəlxalq Hərbi Tədqiqatlar Görüşü” olan Münxen TK 1963-cü ildə alman nəşriyyatçısı və sabiq hərbçi Evald-Henrix fon Kleyst-Şmenzin tərəfindən təsis edilib. Əsas məqsədi NATO ölkələri arasında təhlükəsizlik və müdafiə məsələlərinin koordinasiyası olub. Soyuq müharibə dövründə konfrans əsasən Qərb blokunun strateji müzakirə platforması kimi çıxış edib. Soyuq müharibədən sonra tədbirin formatı genişlənib. 1990-cı illərdən etibarən Şərqi Avropa, Rusiya və digər regionlardan nümayəndələr dəvət olunmağa başladı. 1999-cu ildən konfransın adı rəsmi olaraq Münxen Təhlükəsizlik Konfransı kimi tanınıb.
Bundan sonra təhlükəsizlik anlayışı yalnız hərbi sahə ilə məhdudlaşmayaraq enerji, terrorizm, regional münaqişələr və iqtisadi təhlükəsizlik məsələləri də gündəmə daxil edilib.
2008-ci ildən etibarən konfransa rəhbərlik edənlər sırasında alman diplomatları yer aldı və illər ərzində forum daha institusional xarakter aldı. İştirakçı sayı artdı və tədbir transatlantik dialoqdan qlobal təhlükəsizlik forumuna çevrildi. Konfrans çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlər də keçirilir. Bir çox mühüm siyasi mesajlar məhz bu platformadan verilir. Tədbirin əsas məkanı Münxendəki Bayerischer Hof hotelidir.
Münxen TK rəsmi qərar qəbul edən qurum deyil, lakin qlobal gündəmin formalaşmasına təsir edən platformadır və bu gün dünyanın ən mühüm geosiyasi müzakirə meydanlarından biridir. Fevralın 13-dən 15-dək keçirilən 62-ci Münxen Təhlükəsizlik Konfransı da dünyanın aparıcı dövlət və hökumət başçılarını, nazirləri, beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmilərini və ekspertlərini bir araya gətirdi, ümumilikdə 120-dən çox ölkənin təmsilçisi iştirak etdi.
Azərbaycan konfransa ən yüksək səviyyədə qatıldı. Prezident İlham Əliyevin rəhbərlik etdiyi böyük nümayəndə heyəti ali tədbirdə iştirak etdi. Azərbaycanın Münxen Təhlükəsizlik Konfransında ən yüksək səviyyədə iştirakı ölkəmizin mesajını və prioritetlərini geniş auditoriyaya çatdırmaq baxımından əhəmiyyətli oldu.

Bu barədə Musavat.com-a danışan deputat Aydın Hüseynov bildirib ki, Prezident İlham Əliyev konfransda bir neçə panel müzakirəsində iştirak edərək Azərbaycan dövlətinin mövqeyini, xüsusilə sülh, əməkdaşlıq, təhlükəsizlik və regional inkişaf siyasətini beynəlxalq səviyyədə təqdim edib. Konfrans həmçinin Azərbaycanın regiondakı aktorlarla əlaqələrini gücləndirməsi üçün əlavə imkanlar təmin etmiş oldu:
“Prezident, Birinci vitse-prezident və digər rəsmilər görüşlərdə müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə fikir mübadiləsi apardılar. Bütün bunlar Azərbaycanın dünya siyasətində fəal iştirak edən tərəf kimi qəbulunu gücləndirir. Münxen Təhlükəsizlik Konfransında iştirak enerji və infrastruktur əməkdaşlığı üçün də yeni imkanlar açır. Konfrans çərçivəsində Azərbaycan Prezidentinin Münxendə ikitərəfli görüşləri də keçirildi ki, hər bir görüşün Azərbaycanın müxtəlif istiqamətlər üzrə əlaqələrinin genişlənməsinə töhfə verəcəyi şübhəsizdir. Sülh Konfransı çərçivəsində müzakirələrdə Azərbaycanın transport və Orta Dəhliz layihələri, o cümlədən regional nəqliyyat əlaqələrinin inkişafı ön plana çıxarılıb, bu da yükdaşımaların sürətinin artırılması və tranzit imkanlarının genişləndirilməsi ilə bağlı beynəlxalq marağı artırır.

Bir sözlə, belə görüşlər Azərbaycanın enerji və logistikaya dair strateji layihələrini Avropa və beynəlxalq tərəfdaşların gündəminə daşımış olur”.
Deputat qeyd edib ki, Münxen Təhlükəsizlik Konfransı Azərbaycana sülh təşəbbüslərini daha çox diqqət mərkəzinə çəkmək və bu mövzuda beynəlxalq dəstək qazanmaq baxımından xüsusilə faydalı oldu:
“Bu tədbir həm hazırkı təhlükəsizlik çağırışları fonunda ölkəmizin mövqeyini möhkəmləndirməyə, həm də gələcək əməkdaşlıqlar üçün yeni dialoq imkanları yaratmağa xidmət etdi”.
Etibar Seyidağa,
Musavat.com






