Xəbər verildiyi kimi, Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov ölkəyə qarşı genişlənən informasiya müharibəsi və daxildəki gizli şəbəkələrlə bağlı sensasion bəyanatla çıxış edib. Diplomat Kremlin Azərbaycana qarşı informasiya hücumuna keçdiyini bildirərək, hüquq-mühafizə orqanlarını və cəmiyyəti daha cəsarətli addımlar atmağa çağırıb.
“Arxivləri açmağın və həm hakimiyyət, həm də müxalifət statusu altında gizlənən “beşinci kolon” üzvlərini göstərməyin vaxtı deyilmi? Hesab edirəm ki, arxivlərin bir hissəsini açmağın və hər kəsi layiq olduğu adla çağırmağın əsl zamanıdır”, - politoloq qeyd edib.
Bəs müxalifət partiyaları sabiq nazirin qaldırdığı məsələ haqda nə düşünür?
![]()
AMİP sədri, deputat Arzuxan Əlizadə Musavat.com-a bildirib ki, bu məsələ zaman-zaman gündəmə gəlir, lakin qəbul edilmir: “Xüsusilə, müstəqilliyimizi bərpa edildikdən sonra Xalq Cəbhəsi hakimiyyəti dövründə parlamentdə bir neçə dəfə müzakirə mövzusu olub. Təəssüf ki, o zaman bununla bağlı konkret qərar verilmədi. Səbəb olaraq da bir çox arqumentlər gətirildi və bu da müxtəlif versiyaların gündəmə gəlməsinə səbəb oldu. Bir neçə postsovet respublikalarında "KQB" arxivləri açılıb. Təbii ki, həmin insanları linç etməyin tərəfdarı deyiləm. Zamanın öz tələbləri olub.
Dövlət təhlükəsizliyi, milli təhlükəsizlik baxımından, digər ölkələrə zamanında xidmət etmiş, bəlkə də bu gün də xidmət eləyən şəxslərin bilinməsi və o adamların dövlət hakimiyyətində təmsilçiliyinə imkan verilməməsi baxımından arxivin açılması vacibdir. Uzun müddətdir ki, ölkədə “beşinci kolon”un mövcudluğu ilə bağlı məsələni gündəmə gətiririk. Amma bu söz olaraq qalır. Əslində, “beşinci kolon” ifadəsinin də tərəfdarı deyiləm, başqa dövlətin maraqların xidmət eləyən kimlər varsa, xəyanətkardırlar. Ən azından o cür insanların bu gün vəzifələrdə təmsilçiliyi önlənməlidir. Tofiq Zülfüqarovun qaldırdığı məsələ ilə həmrəyəm”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirib ki, kimin kim olduğunun bilinməsinin hər zaman tərəfdarıdır: “Bu gün Rusiyanın “beşinci kolon”unun fəaliyyəti artıq Azərbaycan dövlətinin təhlükəsizliyinə təhdid yaradıbsa və onların ifşasından başqa yol yoxdursa, təbii ki, arxivlər açılsın. Məsələnin bu tərəfi də var ki, dövlət arxivi açıb ictimailəşdirməsə də, dövlət özü məlumatlıdır. Dövlət bilirsə, deməli həmin xarici ölkələrə işləyən insanlar nəzarətdə saxlanırlar. Agentura şəbəkəsinin ictimaiyyətə açılmasın hansı effekti verəcəyini isə dəqiq deyə bilmirəm”.

Azad Vətən Partiyasının sədri Akif Nağı isə qeyd edib ki, informasiya müharibəsinin özünün qaydaları var və buna uyğun addımlar atılmalıdır: “KQB arxivlərinin açılması o yollardan biridir. Digər istiqamətlərdə də fəaliyyət göstərilməlidir, Azərbaycana qarşı həyata keçirilmiş cinayətlərlə bağlı faktlar, sübutlar ortaya qoyulmalıdır. KQB arxivlərinin açılması zaman-zaman gündəmə gəlir. Dünya praktikasında bu addım çox düşünüb-daşınandan sonra atırlar. Bunun nəticəsinin nə olacağı haqda düşünülməlidir. Hesab edirəm ki, müəyyən çərçivələr daxilində və müəyyən məhdudiyyətlərlə açılmalıdır. Bir ölçü gözlənilməlidir. Dövlət təbii ki, ciddi ölçüb-biçdikdən bu məsələ ilə bağlı qərar etməlidir. Fikrimcə, mənfi cəhətləri daha çox ola bilər”.
Etibar Seyidağa,
Musavat.com






