İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO baş katibinin xanım müavini Bakıya niyə gəlmişdi?

343 22.01.2026 13:43 Gündəm A A

Rəsmi Bakı NATO ilə münasibətlərində balanslı xarici siyasət xəttini qoruyur, Moskva isə...

NATO-nun baş katibinin müavini Radmila Şekerinska yanvarın 21-də Bakıya səfər edib. Səfər alyansla Azərbaycan arasında mövcud əməkdaşlığın fonunda diqqət çəkən siyasi hadisə kimi qiymətləndirilir.

Radmila Şekerinska 10 iyun 1972-ci ildə Şimali Makedoniyanın paytaxtı Skopyedə anadan olub. 1995-ci ildə Skopye Universitetinin Elektrik Mühəndisliyi fakültəsini bitirib. Daha sonra ABŞ-də təhsilini davam etdirərək Tufts Universitetinin  Hüquq və Diplomatiya Məktəbində magistr dərəcəsi alıb.

Onun siyasi karyerası 1993-cü ildə Makedoniya Sosial-Demokrat İttifaqının rəhbər strukturlarına seçilməsi ilə başlayıb. 1996-1998-ci illərdə Skopye Şəhər Şurasında təmsil olunub. 1998-ci ildə parlamentə seçilib, 2002-ci ildə isə Avropa inteqrasiyası və xarici yardım üzrə vitse-prezident vəzifəsinə təyin edilib.

Şekerinska 2004-cü ildə qısa müddətə baş nazir səlahiyyətlərini icra edib. 2009-cu ildə ATƏT-in Seçki Müşahidə Missiyasına rəhbərlik edərək Qırğızıstanda keçirilən prezident seçkilərini izləyib. 2017-ci ildən etibarən müdafiə naziri postunu tutan Şekerinska, Şimali Makedoniyanın NATO-ya üzvlük prosesində əsas fiqurlardan biri kimi tanınıb. 2024-cü ilin noyabrından NATO-nun baş katibinin müavini vəzifəsində çalışır.

Azərbaycan NATO ilə uzun illərdir institusional əməkdaşlıq münasibətlərinə malikdir. Bakı 1994-cü ildə “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub və bu çərçivədə siyasi dialoq, müdafiə islahatları, hərbi təlimlər və təhlükəsizlik sahəsində əməkdaşlıq həyata keçirilir. Azərbaycan həmçinin NATO-nun sülhməramlı missiyalarında, o cümlədən Əfqanıstandakı əməliyyatlarda fəal iştirak edib.

Rəsmi Bakı NATO ilə münasibətlərində balanslı xarici siyasət xəttini qoruyur. Əməkdaşlıq əsasən, regional təhlükəsizlik, sabitlik və praktiki tərəfdaşlıq müstəvisində davam etdirilir.

Moskva isə Azərbaycan-NATO münasibətlərini Cənubi Qafqazda hərbi-siyasi balansı dəyişə biləcək amil kimi dəyərləndirir. Ekspertlərin fikrincə, Azərbaycanın NATO ilə hərbi təlimlərdə iştirakı və təcrübə mübadiləsi ordunun modernləşməsinə xidmət edir. Bu isə regionda uzun illər üstün mövqe saxlayan Rusiya üçün strateji narahatlıq yaradır.

Bununla yanaşı, NATO ilə əməkdaşlıq Azərbaycanın hərbi texnologiya və silahlanma imkanlarını genişləndirir. Müasir silah sistemlərinin tətbiqi və təlimlərin intensivləşməsi Rusiyanın bölgədəki təsir dairəsində müəyyən dəyişikliklərə səbəb ola bilər.

NATO ilə davam edən dialoq və Qərb ölkələri ilə əlaqələrin dərinləşməsi Moskva tərəfindən regional risk kimi qiymətləndirilsə də, rəsmi Bakı həm Rusiya, həm də Qərblə münasibətləri paralel şəkildə qorumağa çalışır. Azərbaycan bu xətt üzrə NATO ilə tərəfdaşlığı davam etdirməyi hədəfləyir.

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, ötən il də Azərbaycan NATO rəsmilərinin tez-tez səfər etdiyi ölkələrdən olub. Onun fikrincə, bu səfərlər əməkdaşlığın genişləndirilməsinə xidmət edir və üçüncü tərəfin əleyhinə yönəlməyib: “Rusiya rəsmisi Zaxarova bir müddət əvvəl Azərbaycana və Ermənistana sərt tonda olmayan bir çağırış edərək alyansdan uzaqlaşmağı tövsiyə etmişdi və bunu regionun təhlükəsizliyi ilə əlaqələndirmişdi. Amma Rusiya hakimiyyəti bilir ki, Azərbaycan - NATO əlaqələri alyansa üzvlüklə nəticələnməyəcək. Çünki heç bir hərbi bloka qoşulmaq niyyətimiz yoxdur. Əlbəttə ki, NATO Azərbaycanın bu istəyinin olmasında həvəslidir, lakin belə bir niyyəti ortaya qoymaq Rusiya ilə ciddi problemlərə yol aça bilər”.

Q.Hüseynli hesab edir ki, onsuz da Azərbaycan ordusu keçirilən təlimlər, kurslar və Türkiyə modelini tətbiq etməklə NATO standartlarına yaxınlaşır: “Buna görə ayrıca alyansa qoşulmağa ehtiyac yoxdur. Hazırda əməkdaşlıq genişlənməkdədir və ötən ilə burada məşğələ də keçirilib. Bundan əlavə, 2002-ci ildən Azərbaycanın 30-dan çox zabiti NATO-nun mənzil-qərargahında və ayrı-ayrı qurumlarında xidmət edib. İşin siyasi tərəfinə gəlincə, unutmayaq ki, 2017-2020-ci illərdə Azərbaycanın NATO-Rusiya və ABŞ-Rusiya formatında yüksək rütbəli hərbçilərin 7 görüşünə ev sahibliyi olub. Bu da Bakının balanslı yanaşmasını  təsdiqləyir. O nöqteyi-nəzərdən Rusiya Azərbaycan-NATO təmaslarını təmkinlə qarşılamağa məcburdur. Son səfər və görüş də bu mahiyyəti daşıyır ki, müdafiə bloku Azərbaycanla əlaqələri daha da inkişaf etdirməkdə maraqlıdır”.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli Cənubi Qafqaz ölkələrinin alyansa üzvlüyünü real saymır. Onun fikrincə, NATO ilə əməkdaşlıq səviyyəsində əlaqələr saxlana bilər: “Nəzərə almaq lazımdır ki, təkcə Rusiya deyil, İranın da reaksiyası əhəmiyyətlidir. Bölgədə Türkiyə kimi bir NATO dövlətinin varlığı yetərincə regional gücləri narahat edir. Eyni zamanda Baltikyanı ölkələr və Finlandiya kimi Rusiya ilə sərhəd dövlətlərin NATO üzvlüyü Moskva üçün kifayət qədər arzuolunmaz reallıqlardır. NATO Şərqə doğru genişlənmə proqramını inkişaf etdirir və Şekerinskanın Bakı səfəri də bu planın icrasında növbəti addımlardan biridir. Rusiyanın baş diplomatı Lavrov bu günlərdə demişdi ki, alyans sözünü tutmadı və bir gün də olsun genişlənmə planını dayandırmadı. Həqiqətən də Ukrayna müharibəsinin qızğın vaxtında İsveç və Finlandiya üzv qəbul edildi, bununla da Baltik gölü tamamilə "NATO gölü"nə çevrildi. Bu gün də təşkilat Cənubi Qafqazda fəallığını davam etdirməklə Şərqə doğru genişlənmə planından imtina etmədiyini göstərir".

Hərbi təhlilçinin sözlərinə görə, Azərbaycan NATO ilə əməkdaşlıqda maraqlıdır və bu məsələdə məqsəd təcrübələrə yiyələnməkdir: “Azərbaycan Ordusu müharibədən sonra peşəkarlığını daha da artırıb. Burada NATO təcrübəsi də rol oynayıb. Biz Qoşulmama Hərəkatının üzvüyük və hərbi alyanslara qoşulmağı qəbul etmirik. Bu da risklərdən qorunmağa hesablanıb. Əgər əks reaksiya olmasaydı, hər hansı təhdidlərə gətirib çıxarmasaydı, bəlkə də Azərbaycan NATO üzvü olardı. Amma biz bunun acı nəticələrini ən azı Ukraynada görməkdəyik. Odur ki, Azərbaycan düzgün strategiya qurub və bu xətti davam etdirmək lazımdır. Üstəlik, beynəlxalq hüququn işləmədiyi bir zamanda...”

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR